Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Manşet / Cinayətkar generallarımız – Rövşən Əkbərovunku sübut edildi, Nəcməddin Sadıqov isə…

Cinayətkar generallarımız – Rövşən Əkbərovunku sübut edildi, Nəcməddin Sadıqov isə…

Məlum olduğu kimi, bir neçə gün öncəBakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı və o, 10 il müddətinə azadlıqdan məhrum edildi. R.Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. 

Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, 29 yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Əslində, Rövşən Əkbərovun məsuliyyətə cəlb edildiyi zaman olduqca maraqlı görünür. Çünki bu hadisə onun ordudakı əsas himayədarı olan sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun “vurulması” ilə eyni perioda təsadüf etdi. Həmin xronologiyaya ekskurs maraqlı faktları üzə çıxarır. Hələ 44 günlük müharibənin gedişində Nəcməddin Sadıqov barədə maraqlı faktlar dolaşmağa başladı. Elə həmin zamanlarda yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıqovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşırdı. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmadı.

Olduqca həlledici məqamda onillərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bir müddət naməlum qaldı. Daha sonra Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamırdı. Hadisələrin qızğın fazasında onun yerli mediaya verdiyi açıqlamaya diqqət edək:

“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.

Belə ehtimallar ortaya çıxdı ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

1993-cü ildən Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzifəsini icra edirdi. Ötən il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusu rəhbərliyinin döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıqov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıqovun barəsində də məlumat yoxdur.

Həmin ərəfələrdə Nəcməddin Sadıqovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olundu. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıqovun bacısı oğlunun tutduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özünün taleyi ilə bağlı açıqlama verməyə tələsmirdi. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi haqda xəbərlər dolaşmağa başladı.

Nəcməddin Sadıqovun vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıqovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.

Onun NATO tədbirlərindən birində Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıqovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıqovun xoş ünsiyyəti haradan qaynaqlanır?

Digər bir diqqətçəkən məqam Nəcməddin Sadıqovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onun daha çox Rusiya mediası tərəfindən müdafiə olunması idi.  Nəcməddin Sadıqovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media quruluşları bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıqov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıqov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.

Təbiidir ki, Nəcməddin Sadıqovun ölkəmiz üçün həlledici müharibə zamanı proseslərdən kənarda saxlanılması ölkə rəhbərliyi səviyyəsində verilən qərar olub. Bu o anlama gəlir ki, Nəcməddin Sadıqovun barəsində səslənən ittihamlarla bağlı da əlaqədar qurumlarda kifayət qədər dəlil və sübutlar mövcuddur. Sadəcə, hazırkı həlledici məqamda onun Rusiya tərəfindən himayə edildiyi amili nəzərə alındığı üçün proses bir qədır ləngiyə bilər. Ancaq ortada əlahəzrət fakt var. Rövşən Əkbərov nümunəsi göstərdi ki, hətta üstündən 20 il keçsə belə, heç bir cinayət əməli cəzasız qalmır. Yəqin ki, Nəcməddin Sadıqovun da etdiyi əməllərə görə hüquq qarşısında cavab verəcəyi gün uzaqda deyil…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məzarı olmayan şəhid

30 noyabr Şəhid Rövşən Sabir oğlu Lalayevin doğum günüdür. Yaşasaydı, yaxınlarıyla birgə 46 yaşını qeyd edərdi. 1975-ci …