Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Manşet / Cinayət işi açılan blogerlərlə əməkdaşlıq edən jurnalistləri nə gözləyir?

Cinayət işi açılan blogerlərlə əməkdaşlıq edən jurnalistləri nə gözləyir?

Məlum  olduğu kimi, xaricdən fəaliyyət göstərən bəzi bloger və yutuberlərə cinayət işi açılıb və onlar İnterpol xətti ilə axtarışa verilib.

Bildirilir ki, Azərbaycan vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər qrup halında birləşərək, Azərbaycanı tərk etdikdən sonra müvəqqəti məskunlaşdıqları ölkələrdə  özlərinə  məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdikləri videomüraciətlərində, yayımladıqları videogörüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar ediblər. Bu cinayət əməlində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Adıçəkilən şəxslərin, demək olar ki, hər biri blogerlik fəaliyyətilə məşğul olur. Məsuliyyətsiz mühitdə olduqalarının təsirinə düşdükləri  üçün  yaşadıqları ölkələrdən əsasən təhqir və söyüş ritorikalı canlı yayımlar edərək fəaliyyət göstərirlər. Ən maraqlısı budur ki, həmin adamların bəzilərinin rəhbərlik etdiyi kanallar artıq peşəkar media quruluşu kimi fəaliyyət göstərmək iddiasını ortaya qoyur. Məsələn,  siyahıda adı olan Tural Sadıqlı adlı şəxsin  nəzarətində olan  “Azad söz” və ya Qurban Məmmədovun rəhbərlik etdiyi “Azerifreedom”  kanalları ilə Azərbaycandan bir neçə jurnalistin açıq formada əməkdaşlıq etdiyi bildirilir. Biz hansısa jurnalistin öz əməyi qarşılığında pul qazanmasına qarşı deyilik. Sadəcə bir məsələni aydınlaşdırmaq istədik. Adları ciddi dövləti cinayət əməllərində hallanan bu şəxslərin rəhbəri olduğu media platformaları ilə ölkənin daxilindən əməkdaşlıq etmək nə dərəcədə qanunidir?  Ən maraqlısı budur ki, həmin kanallarla reaklam əsasında əməkdaşlıq edən siyasətçilər də az deyil. Məsələn, son parlament seçkiləri zamanı biz bəzi müxalif siyasilərin həmin kanallar vasitəsilə ödənişli reklam edildiyinin şahidi olduq. Sahibi barədə bir neçə maddə ilə axtarış elan olunan bir  media  platforması ilə yerli jurnalistlərin və siyasilərin yaxın əməkdaşlığı nə dərəcədə qanunidir və bu hansısa hüquqi məsuliyyət yarada bilərmi?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələni uzun illərdir qabardırlar: “Bunlar daha çox  2017-2018-ci illərdən sonra başlayıblar aktivləşməyə. Hər zaman demişik ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının rəyi olmalıdır. Biz anlayırıq ki, həmin adamlar Azərbaycan ərazisində yaşamadıqları üçün onlarla bağlı hüquqi ölçü götürmək asan deyil. Ancaq problem ondaydı ki, həmin blogerlərlə bağlı ümumiləşdirilmiş bir hüquqi rəyə rast gəlmirdik. Burada həmin  KİV-lərlə əməkdaşlıq edən şəxslər var. Yeri gələndə, mən həmin jurnalistləri qınaya bilmirəm. Çünki onların çalışdığı media qurumu barədə ətraflı hüquqi məlumat olmalıdır ki, jurnalist də kiminlə  əməkdaşlığa qol qoyduğunun fərqinə varsın. Çox təəssüf ki, uzun müddət onların haqqında  hüquqi bir qərar olmayıb. Yalnız əməlləri tənqid olunub.  Artıq  həmin media resurslarına rəhbərlik edənlərlə bağlı Prokurorluq rəsmi məlumat yayıb, həmin şəxslərə konkret maddələrlə ittiham elan olunubsa, artıq belə dairələrlə əməkdaşlıq etmək jurnalistlər üçün yolverilməzdir.  Bizim qanunvericiliyə əsasən, xaricdə fəaliyyət göstərən KİV qurumları ilə əməkdaşlıq edən şəxslər bizim XİN-də müvafiq akkreditasiyadan keçməlidir. Biz hələ bilmirik ki, həmin KİV qurumlarının rəsmi rekvizitləri varmı və ümumiyyətlə media resursu kimi qeydiyyatdan keçiblərmi?  Bu sualların hamısı açıq olaraq qalır və hər birinə aydınlıq gəlməsinə ehtiyac var.  Artıq barəsində cinayət işləri qaldırılmış şəxslərlə əməkdaşlığa daha dəqiq qiymət verilə bilər. Çünki həmin mühacirlərlə bağlı ilkin hüquqi rəyi istintaq orqanı verib. Hər hansı KİV qurumunun fəaliyyəti qanunsuz sayılırsa, onunla əməkdaşlıq qanuni sayıla bilməz. Bunu davam etdirəcəkləri təqdirdə, onlarla bağlı məsuliyyət nəzərdə tutula bilər”.

Ola bilər ki, hansısa həmkarımız bu cür platformalarla əməkdaşlığın yarada biləcəyi hüquqi məsuliyyəti dərk etmir. Yaxşı olar ki, məsələyə bir qədər qanunvericiliyin tələbləri aspektindən yanaşsınlar.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Zakir Fərəcov mənə yazdırdığı kitabın pulunu vermir” – VİDEO

Tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov Azinforum.az-a müsahibə verib. O, müsahibəsində son vaxtlar korrupsiya ilə mübarizə …