Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Manşet / Bünyamin Qəmbərli: “Hətta təklif olundu ki, Qarabağ döyüşlərində iştirak üçün Güneydə könüllülərdən ibarət siyahılar formalaşdırılsın”

Bünyamin Qəmbərli: “Hətta təklif olundu ki, Qarabağ döyüşlərində iştirak üçün Güneydə könüllülərdən ibarət siyahılar formalaşdırılsın”

Ermənilərin Tovuzda dövlət sərhədlərimizə soxulmaq cəhdindən sonra Azərbaycan diasporunun bir çox xarici ölkələrdə dövlətimiz və ordumuza dəstək aksiyaları davam edir. Çox təəssüflər olsun ki, bəzi ölkələrdə bizim bu aksiyalarımıza Ermənistanın birbaşa himayə etdiyi ASALA terror təşkilatının və digər erməni qruplarının açıq müdaxiləsini görürük. Hətta elə olub ki, erməni təxribatları nəticəsində soydaşlarımıza ağır xəsarətlər də yetirilib. Bir çox aksiyalarda biz türk diaspor təşkilatlarının bizimlə həmrəylik nümayiş etdirdiyini gördük. Hətta bəzi ölkələrdə başqa millətlərin nümayəndələri də bizimlə bu məsələdə birlikdə, çiyin-çiyinə olublar. Ancaq nədənsə, dünyanın bir çox ölkələrində sayı heç də az olmayan Cənubi Azərbaycan təmsilçilərini həmin aksiyalarda görmədik. Cənublu soydaşlarımızın bu passivliyini nə ilə izah edə bilərik?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun partiyadakı sahəsi məhz bu istiqaməti əhatə edir:

“Bu proseslərdə Azərbaycan diasporunun bir çox ölkələrdəki nümayəndələri ilə intensiv əlaqələrimiz oldu. İranın özünü əhatə edən Güney Azərbaycanda biz çox ciddi dəstəyin şahidi olduq. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan mətbuatı nədənsə bu prosesləri işıqlandırmır. Həmin hadisələrlə bağlı soydaşlarımızın yaşadığı Təbriz, Ərdəbil, Urmiyə, Zəncanda izdihamlı aksiyalar keçirildi. Bunların bir hissəsinə İran hakimiyyəti icazə vermədi. Zəncanda, demək olar ki, imkan verilmədi, Urmiyada çoxlu saxlanılanlar oldu. Hətta Tehranda da razılaşdırılmış məkanda ordumuza dəstəklə bağlı geniş aksiya keçirildi. Güneydəki fəalların iştirakı ilə geniş bir konfrans da keçirdik. Hətta təklif olundu ki, Qarabağ döyüşlərində iştirak üçün Güneydə könüllülərdən ibarət siyahılar formalaşdırılsın. Avropa və ABŞ-dakı aksiyalarda da günüeylilər daha çox fəallıq etdi. Sadəcə, həmin faktları işləyib informasiya kimi verən jurnalistlər tapılmadı. Həm də soydaşlarımız aksiyaya qatılanda özlərini başqa diasporun nümayəndəsi saymır ki, məxsusi fərqlənsinlər. Avstraliyadakı Azərbaycan Assosiasiyasının əsasını güneylilər təşkil edir. Onların da ciddi fəaliyyəti oldu. Dünyanının böyük dövlətlərinə bəyanatlar verdilər. Belə təəssüratın yaranmasının səbəbi bizim medianın həmin sahəyə az diqqət ayırmasıdır. Sırf Güneylə bağlı ixtisaslaşan televiziyaları izləsəydiniz, proseslərin heç də deyilən səviyyədə olmadığının şahidi olardınız”.

Yaxşı bir misal var. Deyir, uman yerdən küsərlər. Bizim də bu mövzuya toxunmağımız məhz həmin mənaya görədir. İstərdik ki, qanı qanımızdan olan millətimizin nümayəndələri bu prosesdə daha da fəallıq göstərsinlər.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz” – İlham Əliyev

“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”. “ Azinforum.az ” xəbər verir …