Ana səhifə / Manşet / “Bu ölkədə qanun vardısa, niyə oğlumu işgəncə ilə öldürürdülər?”

“Bu ölkədə qanun vardısa, niyə oğlumu işgəncə ilə öldürürdülər?”

Tərtər işgəncələrinin zərərçəkmişləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyasına cəhd edib

Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr zamanı həyatını itirənlərin ailə üzvləri, eləcə də sağlamlığını itirən zərərçəkmişlər aprelin 29-da Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Onlar bildirib ki, Tərtər hadisələrinin 7-ci ili tamam olur, lakin bu cinayətin təşkilatçıları hələ də cəzalandırılmayıb. Zərərçəkmişlər vurğulayıb ki, əksinə, onlar bu gün də vəzifədədilər.

Zərərçəkmişlərdən bir neçəsi təyin olunmuş aksiya yerinə gələrkən polislər tərəfindən saxlanılaraq aparılıb. Onların arasında Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova da vardı.

Metronun “İçərişəhər” stansiyasının yanında toplaşan çoxsaylı polislər digər zərərçəkmişlərin də Prezident Administrasiyasının qarşısına getməsinə imkan verməyib. Bu da zərərçəkmişlərin etirazına səbəb olub.

Validə Əhmədova. Foto: arxiv

Zərərçəkmişlər bildiriblər ki, tələbləri Tərtər işgəncələrində əli olan yüksək vəzifəli şəxslərin cəzalandırılması, hadisələr zamanı ölənlərə “şəhid” statusunun verilməsidir.

İşgəncə nəticəsində həyatını itirmiş zabit Süleyman Kazımovun anası Leyla Qurbanova bildirib ki, əzab-əziyyətlə böyütdüyü oğlu qanunsuzluğun qurbanı olub. Onun sözlərinə görə, bir neçə nəfər giziri həbs eləyib, vəzifəliləri məsuliyyətdən kənarda saxlamaqla, cinayətin miqyasını kiçiltməyə çalışırlar:

“Oğlumu öldürüblər, qatillər tutulmayıb. Oğlumun rütbəsi kapitan idi, vəzifəlilərin göstərişi olmasaydı, gizirlər ona işgəncə verib öldürə bilərdi?! Onu üç gün ac-susuz, lüt saxlayıb, işgəncə verə-verə öldürüblər. Qatillər də azadlıqdadır. Heç həbs olunanlara da qəsdən adam öldürmə ittihamı verməyiblər. Mən anayam, gedib evdə necə rahat oturum? Uşaqlar ağlayıb atalarını istəyirlər. Bunu görməmək üçün evə getmək istəmirəm. Bizim hökumət mənə qanundan danışa bilməz. Bu ölkədə qanun vardısa, niyə oğlumu işgəncə ilə öldürürdülər? Mən ədalət istəyirəm. Əgər ədalət yoxdursa, onda məni də öldürsünlər, gedim oğlumun yanına…”.

Tərtər işgəncələri nəticəsində ölən başqa bir zabit Təmkin Nizamioğlunun atası Nizami Quliyev də bu hadisələrdə rolu olmuş hər kəsin cəzalandırılmasını tələb edir. Onun sözlərinə görə, oğlunun meyitini gətirəndə əvvəl onun ürək çatışmazlığından öldüyünü deyiblər:

“Tərtər işi”. Foto: Meydan TV

Sonra rəy verdilər ki, pnevmaniyadan ölüb. Mən şikayətlərimi davam etdirdim, 5 il sonra məzarı açdırdım. Mən o cür oğul böyütmüşdüm ki, 23 yaşında kimlərsə onu döyüb öldürsün? Biz bura sözümüzü deməyə, haqqımızı tələb etməyə gəlmişik. Polislər bizi zorla tutub aparır. Xahişimiz budur ki, cinayətkarlar tutulsun, ölənlərə “şəhid” statusu verilsin. 2-3 giziri tutmaqla bizim gözümüzdən pərdə asmaq lazım deyil. Ədalət bərpa olunsun ki, bizim ürəyimizə də su səpilsin. Minlərlə vicdanlı hərbçinin hərbi biletini korlayıblar ki, yararsızdır. İndi də adamları işə götürmürlər”.

Digər zərərçəkmişlər də eyni tələbləri səsləndiriblər. Tərtərdə işgəncə nəticəsində sağlamlığını itirmiş zərərçəkənlərin sözlərinə görə, onların hər birinin bədənində 7 il əvvəlki işgəncələrin izləri qalır.

Zərərçəkmişlər deyir ki, məhkəmə proseslərində Tərtər işgəncələrində rolu olan xeyli yüksək rütbəli şəxslərin, o cümlədən o zaman korpus komandiri olmuş general Hikmət Həsənovun, Hərbi prokuror Xanlar Vəliyevin adları dəfələrlə hallanıb. Amma məhkəmə heç bir tədbir görmür, hətta bu adamlar çağ;rılıb şahid qismində də olsa, dindirilmir.

Foto: Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Cinayətkarlar kənarda qalıb. Onlar həbs olunsa, bütün cinayət zəncirinin üstü açılar. Hadisələr vaxtı bütün nazirlik (Müdafiə Nazirliyini nəzərdə tutur) orada olub. Hamının da xəbəri vardı. Hikmət Həsənov şəxsən işgəncələrdə iştirak edib”, – mərhum Babək Baxşəliyevin hüquqi varisi qismində tanınan qaydaşı Bəhruz Baxşəliyev bildirib.

Zərərçəkmiş Namiq Mustafayev də Tərtər işgəncələri ilə bağlı Bakı Hərbi Məhkəməsində gedən prosesdən narazılıq edib:

“Məhkəmənin gedişi bizi qane eləmir. Cinayətkarların adları çəkilir, amma hakim heç bir tədbir görmür”.

Başqa bir zərərçəkmiş Rəfael Emçiyev deyir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev bu hadisələrdə rolu olan şəxslər haqqında tədbir görmək əvəzinə məhkəmədə zərərçəkmişləri hədələyir:

“Tərtər işi”. Foto: Meydan TV

Məhkəmə ədalətsiz gedir. 3-5 nəfər xırda adamları tutublar. Onlar özləri də deyir ki, “biz əmr qulu olmuşuq”. Düz də deyirlər. Xanlar Vəliyev, Hikmət Həsənov, Şəfahət İmranov niyə məsuliyyətə cəlb olunmur? Biz bu dövlətin vətəndaşları deyilik? Bu gün bizim haqqımız bərpa olunmasa, sabah övladlarımızın da başına eyni hadisələrin gətirilməyəcəyinə təminat yoxdur. Məhkəmədə sözümüzü demək istəyirik, hakim bizi hədələyir ki, “bir də danışsanız, məhkəmə zalından çıxarılacaqsınız”.

“İçərişəhər” metrostansiyasının yaxınlığına toplaşaraq, Tərtər zərərçəkmişlərinin qarşısını kəsən polislər onları məcburi şəkildə bir avtobusa mindirib, ərazidən uzaqlaşdırıblar.

2017-ci il mayın 1-dən başlayaraq, Tərtərdə 500-dən artıq zabit və əsgər işgəncələrə məruz qalıb. Günlərlə davam edən işgəncələr nəticəsində 11 nəfər hərbçi ölüb, onlarla hərbçi sağlamlığını itirib.

Həmçinin oxuyun

Mehdi Xəlilbəyli niyə könüllü həbsi seçdi?..

Dünən məlumat yayıldı ki, Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli …