Son günlər bəzi elektron KİV-lərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına həddən artıq çox xəstənin müraciət etdiyi, uzun növbələrin yarandığı və həkim tapılmadığı ilə bağlı iddialar səslənib. Azinforum.az vəziyyəti yerindəcə araşdırmaq üçün həmin xəstəxanada olub. Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev Azinforum.az-a açıqlamasında bildirdi ki, sözügedən tibb müəssisəsinə çoxlu sayda insanın müraciət etdiyi təbiidir: “Çünki ölkə əhalisinin heç də az olmayan bir hissəsi məhz Abşeron rayonunda cəmləşib. Qeyri rəsmi məlumatlara görə, Xırdalan, Masazır və Abşeron rayonuna aid olan digər qəsəbə və kəndlərdə cəmləşən əhalinin sayı 1 milyona yaxındır. Təbiidir ki, belə böyük sayda əhaliyə xidmət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən xəstələrin say çoxluğu digər xəstəxanalardan fərqlənə bilər. Ancaq burada həkim tapılmadığı, növbədə özbaşınalığın olduğu ilə bağlı səslənən fikirlər tam absurddur. Əksinə, biz dövlət xəstəxanalaranın içərisində ilk dəfə olaraq “onlayn” növbə sisteminə keçmişik. Müraciət edən şəxs xüsusi aparata yaxınlaşır, lazım olan xidməti seçir. Ona elektron qaydada sıra nömrəsi təqdim olunur. Sonra həmin şəxs oturub, 3-yerdə quraşdırılan iri monitorlar vasitəsilə öz növbəsini gözləyir. Bundan şəffaf növbə sustemi ola bilərmi? Həkimlərin və digər tibb personalının da işə gəlib-getmələri də xüsusi elektron “üz tanıma” vasitəsilə həyata keçirilir. Yəni hansısa işçinin iş saatı zamanı xidməti yerinini tərk etməsi mümkün deyil. Biz eyni zamanda vətəndaş məmnunluğunu artırmaq üçün xəstəxananın girişində və korpuslara yaxın yerdə xüsusi məlumatlandırıcı löhvələr quraşdırmışıq. Təcili yardım şöbəsində “Qırmızı” və “Yaşıl” zonalar yaradılıb ki, xəstələrin qəbulu sağlıq vəziyyətlərinə uyğun şəkildə həyata keçirilsin. Bütün bunlar onu deməyə əsas verir ki, xəstəxanada görülən müsbət işləri kənara qoyub, güya yalnız neqativliklərin olduğu ilə bağlı rəy yaratmaq qərəzli münasibətdən xəbər verir”.
Azinforum.az “onlayn” növbə sisteminin necə işlədiyi ilə bağlı videogörüntüləri təqdim edir:
