Bazar , Noyabr 29 2020
Ana səhifə / Manşet / Binəqədi Rayon Prokurorluğunda oğrunu himayə edən kimdir – Baş prokurora müraciət edildi…

Binəqədi Rayon Prokurorluğunda oğrunu himayə edən kimdir – Baş prokurora müraciət edildi…

“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyev Baş Prokuror Zakir Qaralova müraciət edib. Müraciətə səbəb isə 2019-cu ilin iyul ayında valideynləri, qardaşı və özünün müştərək istifadəsində olan bağ evindən oğurluqla bağlı açılmış cinayət işinin istintaqına müdaxilələrlə bağlıdır.

Müraciətdə deyilir:

Hörmətli cənab Baş Prokuror

Məlumat üçün bildirim ki, 23 iyul 2019-cu il tarixdə valideynlərimin, mənim və qardaşım Tağıyev Razi Məmmədqulu oğlunun müştərək istifadəsində olan Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən bağ evindən oğurluq olub. Evdə tez satıla bilən qiymətli nə varsa oğurlanıb. Hadisə nəticəsində mənə və qardaşım Tağıyev Raziyə ümumilikdə 15 000 manat civarında ziyan vurulub. O zaman polis dərhal cinayət işi başlayıb.

Avqust ayında Binəqədi Rayon Polis İdarəsi tərəfindən başqa bir cinayətə görə saxlanılan Bayramov Məhəmməd Vəli oğlunun bizim işdə də şübhəli olduğu müəyyənləşib və iş birləşdirilərək Binəqədi Rayon Polis İdarəsinə verilib.

2020-ci ilin fevral ayında Binəqədi Rayon Polis İdarəsi istintaq işini yekunlaşdırdı, işlə tanış olduğumda müəyyən oldu ki, istintaq materialı formaldır, səthidir, natamamdır, hazırlanmasında qanun pozuntularına yol verilib – o cümlədən cinayətdə iştirakında əsaslı şübhələr olan, oğurlanan qiymətli əşyaları alan şəxs məsuliyyətdən kənarda saxlanıb, yalnız Bayramov Məhəmməd Vəli oğlu məsuliyyətə cəlb edilib.

Sonradan bizə məlum oldu ki, işin aydınlaşdırılmasına maneələr olub, barəsində istintaq materiallarında iştirakçı kimi yetərli faktların yer almasına rəğmən Əsgərov Ruslan Əli oğlunun məsuliyyətdən kənarda saxlanması üçün müdaxilələr edilib. 

Bütün bunlara baxmayaraq, iş fevral ayında məhkəməyə göndərildi və biz də məhkəməyə vəsatət verdik. 25 fevral tarixində keçirilən məhkəmə iclasında cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edildi.

Hazırda iş Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Hörmətli cənab Baş Prokuror 

Polisin ciddi cəhdlərinə baxmayaraq, Binəqədi Rayon Prokurorluğu səviyyəsində kiçik cinayətkar qrupun ifşa olunmasına maneçilik törədilir. Belə ki, vəsatətdə əsaslandırdığımız məsələlərdən biri və ilk gündən istintaqa da məlum olan – 7 ay məsuliyyətdən kənarda saxlanmış, gizli sövdələşmə ilə oğurlanmış qiymətli əşyaları alan şəxs Əsgərov Ruslan Əli oğlu barəsində AR CM-nin 194.1-1 maddəsi ilə cinayət işi açılıb, istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub və 14 aprel tarixində saxlanıb. Ancaq polis tərəfindən Əsgərov Ruslan Əli oğlunun məsuliyyətə cəlb olunması üçün göstərilən səylərə Binəqədi Rayon Prokurorluğu səviyyəsində maneçilik törədilib və Əsgərov Ruslan Əli oğlunun azad olunması üçün təzyiq göstərilib. Nəticədə, istintaqla əməkdaşlıqdan imtina etdiyi üçün barəsində axtarış elan edilən və 14 aprel tarixində saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilən Əsgərov Ruslan Əli oğlu, barəsində həbs qət imkan tədbiri seçilmədən, elə həmin tarixdə də sərbəst buraxılıb.

Hörmətli cənab Baş Prokuror 

Sizdən çox xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizə götürəsiniz və cinayətkarların cəzalandırılması üçün prosesin sonadək ədalətli aparılmasında bizə kömək göstərəsiniz.

Həmçinin oxuyun

Respublika Veteran Təşkilatında QALMAQAL – Qurumu qoçu dəstəsi işğal edib?

Qarabağ savaşı iştirakçısı kimi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının(RVT) üzvüyəm. Arabir …