Cümə , Oktyabr 23 2020
Ana səhifə / Manşet / Beş gün Qusarın “Zirvə”sində…

Beş gün Qusarın “Zirvə”sində…

Məlum olduğu kimi, Dövlət Gömrük Komitəsi “Şahdağ”da jurnalistlər üçün “Gömrük islahatları və modernləşdirmə”mövzusunda təlim təşkil edib. Sentyabrın 25-də start götürən həmin təlim 5 gün sonra yekunlaşıb. Bu tədbirin bir qədər uzun müddəti əhatə edəcəyi iştirakçı olan bütün jurnalistləri bir sual ətrafında düşünməyə vadar edirdi: “Axı bu müddət ərzində biz orada nə edəcəyik?”

Hamı deyilən vaxtda Dövlət Gömrük Komitəsinin binasının önünə toplaşmışdı. Xüsusi avtobusa mindikdən sonra DGK-nın məsul şəxslərinin müşayiəti ilə bizə elan olunan marşrut üzrə hərəkətə başladıq. İstiqamətimiz füsunkar təbiətə malik olan Ousar rayonu ərazisində yerləşən “Şahdağ” istirahət kompleksinə idi. Gömürklə bağlı tədbirlərdə redaksiyaları daha çox eyni jurnalistlər təmsil etdiyi səbəbindən, səfər iştirakçısı olan həmkarlarımız arasında səmimi bir atmosfer hökm sürürdü. Ən maraqlısı isə bu idi ki, DGK-nın mətbuatla əlaqələri tənzimləyən əməkdaşlarının hamısı jurnalistləri əzbərdən tanıyırdı. Nəhayət, axşam saatlarında Qusara – beşgünlük təlimlərimizin keçiriləcəyi “Zirvə” otelinə çatdıq. Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin  əməkdaşları artıq yolboyu bəzi mühüm məsələləri həll etmişdi. Jurnalistlər kimin-kimlə bir otaqda qalacağını könüllü sürətdə müəyyən edirdilər. Bu səbəbdən də qeydiyyat prosesi elə də uzun çəkmədi. Mobil telefonlarımızı otelin “vay-fay” şəbəkəsinə qoşan kimi gördük ki, qurumun İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı artıq “Təlim” adlı bir “VhatsApp” qrupu yaradıb. Qrupa gələn ilk mesaj səhərki yeməyin vaxtı və “Şahdağ” oteldə baş tutacaq təlimin ilk gününün qrafiki ilə bağlı idi. Təlimin ilk günü  “Şahdağ” otelə daxil olanda daha bir sürprizlə rastlaşdıq. Dağın zirvəsində media kapitanları kimi tanış simalara rast gəlmək bizim əhvalımızı daha da yüksəltdi. Jurnalistlər Bakıda tədbirə təşrif buyuran media kapitanları və KİVDF-nin sədri Vüqar Səfərli ilə mehriban görüşəndən sonra hamı konfrans zalına keçdi. Bununla da təlimimizin ilk rəsmi hissəsi başladı.

Giriş nitqi ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev çıxış etdi. O, son dövrlərdə komitədə keçirilən islahatlardan danışdı. Bildirdi ki, hazıda DGK-nın qarşısındakı əsas məqsəd prosedur qaydalarının sadələşdirilməsidir. Hətta sədr müavini jurnalistləri yeni bir xəbərlə də müjdələdi. Bildirdi ki, bu yaxınlarda Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək. İqbal müəllim onu da söylədi ki, Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində tikilən binanın açılışı artıq baş tutub və bir-iki ay ərzində Ticarətin Asanlaşdırılması Mərkəzi insanların istifadəsində olacaq. Mərkəz həm də qonşu Gürcüstanla ticarət dövriyyəsinin artırılmasında böyük rol oynayacaq.

DGK-da islahatlar məsələsinə geniş şəkildə toxunan komitənin sədr müavini onu da vurğuladı ki, qurumda aparılan bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. İqbal müəllim onu da bildirdi ki, komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara “Gömrük-Biznes”, “Gömrük-Hökumət”, “Gömrük-Gömrük” daxildir. İqbal müəllim, həmçinin, dedi ki, yolboyu Qusara gələndə onun ağlından daha bir istiqamət keçib. Düşündüyü istiqamətin adını “Gömrük-Media” kimi təqdim etdi. Bununla da hiss edildi ki, DGK doğrudan da media ilə sıx əməkdaşlığı öz prioritetləri sırasına daxil edib. Sədr müavini bildirdi ki, 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 19 min manat idisə, 2017-ci ildə bu rəqəm 16 min manat olub: “2018-ci ildə ölkədə elektron ticarətin həcmi 40 min manata qalxıb. Yəni bu il elektron ticarətin həcmi 20 dəfə artıb. Buna səbəb isə odur ki, qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısını almışıq. Əgər bir ucqar kənddə 90 yaşlı nənənin adına “iPhone” telefonu gəlirsə və nənənin bu telefondan xəbəri yoxdursa, təbii ki, belə halların qarşısı alınacaq”.

İ.Babayev vurğuladı ki, bəzən gömrük xidmətindən yazan jurnalistlər gömrük yığımları ilə rüsumların fərqini bilmirlər: “Məqsədimiz bu təlimlər vasitəsilə sizlərə bu anlayışları və bu fərqləri izah etməkdir”.

Beləliklə, təlimin ilk günü dinamik və işgüzar atmosferlə start götürdü.

Sonra çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, Gömrük Komitəsinin rəhbərliyi dəyişəndən sonra komitədə geniş islahatlar başlayıb: “Təbii ki, bu islahatların gedişi hamını qane etmir. Əvvəl başqa üsulla işləyiblər, indi isə qaydalar çox sərt qoyulub. Ancaq bu narazılıqlar o demək deyil ki, islahatlar getməməlidir. Camaatın ən çox “Qırmızı körpü”dən narazılığı vardı. İnsanlar orada saatlarla gözləyir. İqbal müəllimdən birinci bu barədə soruşdum. O mənə şəkillər göstərdi və bildirdi ki, bunların hamısını cənab Prezidentə də göstərib. O qeyd etdi ki, birinci növbədə orada yalnız bir aparat var ki, buna görə də təhlükəsizlik məqsədilə yüklər yoxlanan zaman çoxlu vaxt aparır. Ona görə də ikinci aparat üçün də vəsait ayrılıb. Hesab edirəm ki, gömrükdə aparılan islahatlar nəticəsində bütün bu problemlər də aradan qaldırılacaq. İndi məsələ qoyulub ki, bütün gömrük işçiləri düz işləməlidir. Əgər kimsə əyri yola gedəcəksə, o dərhal işdən azad olunacaq. Əlbəttə, hər hansı bir sahədə iş görülürsə və onun təbliğı yoxdursa, ictimaiyyətə çatdırılmırsa, o işdən kimsə xəbər tutmur. Bundan öncə biz çalışmışıq ki gömrüklə mətbuatın əlaqələrini quraq, jurnalistlərlə onları görüşdürək. Ancaq mümkün olmurdu. Səfər müəllim gələndən sonra isə bu istiqamətdə də xeyli işlər görülür. Dezinformasiya barəsində isə onu deyim ki, əgər jurnalistlərə vaxtında mövqe bildirilsə, bu cür məlumatlar da yayılmaz. Bugünkü təlimlər onu göstərir ki, jurnalistlərə gömrük işləri barəsində geniş məlumat verilir. Bu işlərin gələcəkdə həm jurnalistlərə, həm də bizə böyük köməyi olacaq. Hesab edirəm ki, bu görüşlər daha sonra da davam edəcək və bunun üçün biz də əlimizdən gələn dəstəyi verəcəyik”.

Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanda gömrüyün tarixi barəsində danışdı və bildirdi ki, gömrüyümuzun çox qədim tarixi var: “Tarix boyu hər zaman gömrük islahatları aparılıb. Doğrudan da mətbuatla işləmək çox vacibdir. Çünki böyük islahatlar həyata keçirirsiniz və bunu işıqlandırmaq lazımdır. Düşünürəm ki, burada təlimlər əsnasında jurnalistlər sahə üzrə geniş bilgilər əldə edəcəklər və islahatlarla bağlı dolğun məlumat hazırlayacaqlar. Jurnalistlər ilk növbədə gömrük hüququnu bilməlidirlər. Eləcə də hər bir vətəndaş öz hüququnu bilməli və onu qorumağı bacarmalıdır. Gömrük hüququnu bilmədən jurnalistlər nə gömrük haqqında tənqid yaza bilər, nə də tərif. Jurnalistikanın bir funksiyası həm də ictimai nəzarətdir. Gömrük haqqında geniş məlumatı olmayan jurnalist, təbii ki, ictimai nəzarəti də həyata keçirə bilməz”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirdi ki, bu təlimin çox böyük əhəmiyyəti olacaq: “Doğrudan da ölkəyə daxil olan vətəndaş gömrük postunu keçir. Hesab edirəm ki, islahatlar nəticəsində bu sahə üzrə böyük irəliləyişlər olacaq. İndiyə qədər Gömrük Komitəsi çox qapalı olub. İctimaiyyətə açıq olmaq çox vacib məsələdir. Ona gorə də bu görüşü önəmli addım hesab edirəm”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də çıxış edərək, tədbirin əhəmiyyəti, keçirilən işlərin vacibliyi barəsində danışdı. O, eyni zamanda, Dövlət Gömrük Komitəsinin tarixi, formalaşması barəsində də fikirlərini bildirib: “Tamamilə şərikəm ki, komitə bir zamanlar qapalı qurum idi. Ona görə də jurnalistlərin hədəfinə məruz qalırdı. Bu gün isə görürəm ki, komitənin əməkdaşları ilə jurnalistlər arasında yeni bağ yaranır. Əlbəttə ki, bu, jurnalistlərin fəaliyyəti üçün, bir növ, yeni informasiya sahələrinin açılması deməkdir. Eyni zamanda, bu, komitənin özü üçün də əhəmiyyətlidir. Çünki islahatlar başlayıbsa, bunları ictimaiyyətə təqdim etməkdə jurnalistlərin böyük rolu olacaq. Mən sizi əmin edirəm ki, Gömrük Komitəsi bu əməkdaşlıqdan məmnun qalacaq və görəcək ki, jurnalistlər onlarla heç bir təmənna ummadan sıx əməkdaşlıq edəcəklər. Onların yeganə təmənnası operativ və doğru informasiyanı əldə edib, ictimaiyyətə çatdırmaqdan ibarət olacaq”.

Daha sonra çıxış edən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu söylədi ki,  səslənən fikirlərin böyük əksəriyyəti ilə razıdır: “Fəaliyyətdə olan qəzetin və saytların baş redaktoru kimi Gömrük Komitəsinin media açılımının nə demək olduğunu çox yaxşı bilirəm. Vaxtilə Gömrük Komitəsi ilə bizim məhkəmə çəkişməmiz olub. Bu, sadə bir səbəbdən baş vermişdi. Sorğu vermişdik, 1 ay ərzində cavab verilmədi və məhkəməyə müraciət etdik. Biz o məhkəməni indi, üstündən 8 il keçəndən sonra udmuş sayılırıq. DGK-nın ən böyük və əsas islahatı məhz mediaya açıq olmaq, şəffaflıq siyasəti yürütməkdir. Üzdə hər kəs deyə bilər ki, mediaya açığıq, ancaq bunu işlə də göstərmək lazımdır. Bu gün Gömrük Komitəsi və onun fəaliyyəti haqqında məlumatlar, ən asan əldə olunan informasiyalardır. Gömrük Komitəsinin Mətbuat xidməti gün ərzində bəzən 4-5 xəbər istehsal edir. Bəzən bu xəbərləri çatdırıb sona qədər verə bilməyəndə, hətta bizə mesaj yazırlar ki, bəzi xəbərlərimiz getməyib. Bu, çox ürəkaçan haldır. Media ilə birbaşa və vasitəçisiz işləmək. Biz də media quruluşu olaraq, gördüyünüz bu işlərdə sizə hər cür dəstəyi verməyə hazırıq”.

Sonra “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev də çıxış edərək, mövzuya aid fikirlərini bildirdilər. Sonda   jurnalistlər media kapitanları və digər rəsmi şəxslərlə otelin həyətində xatirə fotosu çəkdirdi.

Nahar fasiləsindən sonra tədbirimiz davam etdi. Təlim proqramı çərçivəsində ilk məruzəçimiz  Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları – Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev oldu, onlar təqdimatlarla çıxış etdilər.

Təlim müddətində yaddaqalan çıxışlardan biri də Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədovun mühazirəsi idi. O, xidmətə nəzarətin predmetindən tutmuş, gömrükçülərin qaçaqmalçılığa qarşı mübarizədə istifadə etdiyi ən son model avadanlıqlardan da söhbət açdı. Anar Məmmədov da özündən əvvəlki həmkarlarının ənənəsini pozmadan söhbətinin sonunda bizə ölkəmiz adına sevindirici bir xəbər verdi. Dedi ki, ilin sonuna kimi Dövlət Gömrük Komitəsi “Body Scan” (B-Scan) yoxlama aparatı almağı planlaşdırır. Anar müəllim bizim də beynimizdə sual yaradan bu aparat haqda dolğun məlumat verdi. Söylədi ki, bu qurğu vasitəsilə daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq. Bildirildi ki, həmin aparatların əsasən İran-Azərbaycan sərhədində olan gömrük postlarında yerləşdirilməsi planlaşdırılır. Məruzəçilər, həmçinin, “Malların gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi”, eləcə də “Yaşıl dəhliz” və digər buraxılış sistemləri”, “Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər”, “Sərnişinlər üçün nəzərdə tutulan “Yaşıl dəhliz” və “Qırmızı dəhliz” buraxılış sistemləri”, “Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu”  haqda bizə ətraflı məlumatlar verdilər. Bununla da təlimin ilk günü yekunlaşdı və biz “Şahdağ” otelindən təqribən 2 kilometr aralıda olan, məskunlaşdığımız “Zirvə” otelinə yollandıq. Günümüz məhsuldar olduğundan, hamı şam yeməyini etdikdən sonra istirahət etmək barədə düşünürdü…

(Ardı var)

Məhəmmədəli QƏRİBLİ
Bakı-Qusar-Bakı

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …