Cümə , Dekabr 4 2020
Ana səhifə / Manşet / “Bakı Xəbər” qəzetinə bükülərək özünü reklam etmək istəyən Əsma Nur kimdir…

“Bakı Xəbər” qəzetinə bükülərək özünü reklam etmək istəyən Əsma Nur kimdir…

Cəvahir Səlimqızı:“Bilir ki, “Bakı-Xəbər” populyar qəzetdir və o da bundan öz reklamı üçün istifadə edir”

Azər Həsrət:“Bütövlükdə götürdükdə o xanımın “Bakı-Xəbər” qəzetinə  bükülüb şəkil çəkdirməsi, onun bu hərəkəti heç də qəzetə aşağılıq gətirmir”

Təxminən iki gün əvvəl oxucularımızdan biri bizə istaqramda esma_nur771 profilində “Bakı-Xəbər” qəzetinə bükülərək şəkil çəkdirən bir xanımın fotosunu gondərdi. Qısa bir vaxtdan sonra Facebookdakı “Manat” səhifəsində Əsma Nurun sözügedən fotosu “Bakı-Xəbər” qəzetinin reklamı kimi təqdim edildi. Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən bu fotonu Əsma Nurun hansı məqsədlə çəkib paylaşdığından xəbərsizik. Hadisədən sonra instaqramda esma_nur771 profilini axtarıb tapdıq və həmin fotonun altında o xanımın “dünən yenə qəzetlərin birinci səhifəsində olmuşam. Bütün qəzetlər məndən yazıb. Guya biri deyir ki, lazım olduğu kimi dayanmıram, biri deyir, lazım olanı oxumuram. Amma mən heç kimə rahatlıq vermirəm” şərhini yazıb.

Əsma Nurun fotosuna ilk gündən belə reaksiya verdik ki, o, bizim qəzetin reklamına könüllü qoşulmaq istəyib. Qəzetimizin baş redaktor müavini Samirə Səfərova öz Facebook hesabında  məsələyə bizim mövqeyimizi açıqlayıb:”Qəzetimizin könüllü reklamına, görünür, bir xanım oxucumuz belə qoşulmaq istəyib. Srağagün Əsma Nur xanımın İnstaqram səhifısində bu reklam verilmışdı. Bu gün feysdə Manat səhifısi verib.

Biz “Bakı Xəbər” media qrupunun izləyiciləri arasında ən müxtəlif əhali kateqoriyalarının təmsilçiləri olduğunu bilirik və bununla qürur duyuruq. “Bakı Xəbər” hər əhali kateqoriyasından olan insanların zövqünü oxşamaq potensialına malikdir. Sıradan insanların da, alimin də, ziyalınln da, məmurun da, biznes adamlarının da, ilahi bəxşi olan özünün bəzi görkəm cizgilərini insanlara göstərməkdən zövq alanların da tələbatını ödəmək gücünə malikdir “Bakı Xəbər”.

Biz qürur duyur və könüllü reklamımıza öz bacarıqları sayəsində bu cür kreativ töhfə vermək istəyən xanım izləyicimizə təşəkkür edirik”.

Qeyd etdiyimiz kimi, Ə.Nurun bu fotosu sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Hətta bəziləri yanlış olaraq bunun “Bakı-Xəbər” ailəsi tərəfindən məqsədli şəkildə təşkil olunduğunu iddia edir. Amma bildirmək istəyirik ki, biz bu xanımı ümumiyyətlə tanımırıq, adını da olaydan sonra bilmişik.    

Şou-biznesə yaxın olan jurnaistlərdən biri mənə zəng edərək bildirdi ki, Ə.Nur ona “Bakı-Xəbər” mənim əleyhimə yazı yazdığı üçün mən də ona qarşı bu addımı atıram”, deyib. Amma araşdırmalardan sonra məlum olub ki, “Bakı Xəbər” heç bir vaxt onun haqqında yazı yazmayıb, ümumiyyətlə onunla əməkdaşlığı olmayıb. Görünən budur ki, Ə.Nur gündəmə gəlmək, özünü populyarlaşdırmaq istəyir, bunun üçün də populyar və brend bir tribuna sayılan “Bakı Xəbər”in adından istifadə etmək istəyir. Məqsəd bundan ibarətdirsə, biz buna normal hal kimi baxırıq.

Ə.Nur haqqında araşdırmamız zamanı məlum oldu ki, o müğənnidir və YouTube-da bir neçə mahnısı yerləşdirilib. Onun ifasında “Qayıt gəl”, “Artıq gecdir” mahnıları qarşımıza çıxdı. Ə.Nur müğənnidən çox modelə bənzəyir və biz bunu onun İnstaqram səhifəsindəki fotolarından da gördük.

Əsma Nur kimdir, onu şou-biznesdə tanıyan varmı?

Tanınmış şou-biznes yazarı Tahirə Məmmədqızı baki-xeber.com-a bildirdi ki, belə bir şəxsi tanımır. “Şou-biznesdə nə belə bir model, nə də müğənni tanıyıram. Hər halda, mən bu sahənin içindəyəm, şou-biznedə olsaydı bilərdim. Hesab edirəm ki, o kimdirsə, “Bakı-Xəbər”in adından özünü gündəmə gətirmək üçün istifadə edərək özünü reklam etmək istəyib”-deyə T.Məmmədqızı bildirdi. O, həmçinin qeyd etdi ki, şou-biznesdə iki-üç populyar model-aktisa var, onları da hamı tanıyır.

Digər tanınmış yazar Cəvahir Səlimqızı da Ə.Nuru tanımır. O da hesab edir ki, xanım özünü tanıtmaq üçün “Bakı-Xəbər” brendindən istifadə edib: “Fikrimcə, bu xanım özünü populyarlaşdırmaq, medianın gündəminə gəlmək üçün bu vasitədən istifadə edib. Ölkədə bir neçə populyar qəzet var, onlardan da biri “Bakı Xəbər”dir. Onun  “Bakı Xəbər”ə bükülüb şəkil çəkdirməsinə yaxşı baxmıram, bu həmin xanımın özünü sənəti ilə deyil, ucuz yolla reklam etməsidir. Bilir ki, “Bakı Xəbər” populyar qəzetdir və o da bundan öz reklamı üçün istifadə edir. Görün, iki gündə onun adını nə qədər adam bildi”.

Tanınmış siyasi şərhçi və media üzrə ekspert Azər Həsrət isə Ə.Nurun “Bakı Xəbər”ə bükülüb şəkil çəkdirməsinə normal yanaşır. Onun sözlərinə görə, bu gün dünyanın əksər ölkələrində müğənnilər və modellər tanınmaq, populyarlıq qazanmaq və gündəmə gəlmək üçün bu cür üsullardan istifadə edir: “Mən o şəkli gördüm və açığı, normal qarşıladım. Qəzet bir maddi informasiya daşıyıcısıdır. Qəzeti kiminsə üzərinə paltar kimi geyinməsi əslində normal bir şeydir. Əslinə qalanda xarici ölkələrdə, xüsusən də ABŞ-da qəzet səhifələrini özündə əks etdirən parçalardan paltar tikib geyinirlər. Yəni bu normal qarşılanmalıdır. Mən Azərbaycanda da görmüşəm, düzdür, bizim qəzetlər deyil, xarici populyar qəzetlərin hansısa səhifələrini özündə əks etdirən paltarlar görmüşəm. Yəni özündə qəzet səhifələrini əks etdirən  parçalar müşahidə etmişəm. Amma bütövlükdə qəzetin özünə bürünüb şəkil çəkdirib paylaşmaqda da qeyri-adi nəsə görmürəm. Mən bilmirəm, bu xanımın qəzetlə bağlı hər hansı bir problemi olubsa bu problemi həll etməyin  yolu var, bir narahatlığı, narazılığı varsa qəzetin redaksiyasının ünvanı bəllidir, rəhbəri bəllidir, müraciət edə, fikrini bildirə bilər. Amma siz də deyirsiz ki, onunla heç bir probleminiz olmayıb, haqqında yazmamısınız, onda heç bir narahatlığa əsas yoxdur. Amma bütövlükdə götürdükdə, o xanımın “Bakı Xəbər” qəzetinə  bükülüb şəkil çəkdirməsi, onun bu hərəkəti heç də qəzetə aşağılıq gətirmir. Dediyim kimi, burada heç bir qəbahət yoxdur. Qəzet maddi informasiya daşıyıcısıdır və o, gün ərzində minlərlə insana gedib çatır. Kimsə onu üzərinə paltar kimi geyinə, kimsə ona pomidor bükə bilər (biz bunu tez-tez görürük). Yəni qəzet bircə dəfə istifadə olunmaq üçündür. Oxucu alır onu oxuyur. Kimsə onu saxlayıb özü üçün arxiv düzəldir, amma əksər oxucular qəzeti oxuduqdan sonra qəzet parçasıdır deyə onu başqa məqsədlər üçün istifadə edir. Bu baxımdan, narahatlıq üçün heç bir əsas yoxdur”.

İradə SARIYEVA

Həmçinin oxuyun

“Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar”

Aşağıda oxuyacağınız sətirləri Azərbaycan ordusunun rəşadətli hərbçilərindən biri – İqbal Səfərov yazıb. O, keşməkeşli döyüş …