Ana səhifə / Manşet / Bakı-Gəncə qatarında absurd qiymətləri kim və niyə tətbiq edir?

Bakı-Gəncə qatarında absurd qiymətləri kim və niyə tətbiq edir?

“ADY qiymət artımına görə məsuliyyəti öz üzərindən atmağa çalışır”

Pandemiya səbəbindən fəaliyyəti dayandırılan Bakı-Gəncə sürət qatarı iki illik fasilədən sonra yenidən sərnişinlərin istifadəsinə verilib. Bu barədə ötən gün Azərbaycan Dəmir Yolları QSC(ADY) açıqlama verib.

Qurumdan bildirilib ki, Bakı-Gəncə sürət qatarı martın 19-dan yeni tariflər əsasında əvvəlki fəaliyyətini bərpa edir: “Beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyyələrinə uyğun olaraq, qiymətlər dəyişdirilib. Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb. Birinci klass sərnişinlər üçün isə gediş haqqı 100 manat olaraq müəyyənləşdirilib”.

ADY-nin bayram öncəsi belə bir qərar qəbul etməsi təbii ki, vətəndaşların böyük narazılığına səbəb olub. Qiymətlərin artırılması qatarla səyahəti mənasız və səmərəsiz edir. Onu da nəzərə alaq ki, məsələn, Gəncədə dəmir yolu vağzalına getmək üçün mütləq ya taksi tutmalısan ya da şəxsi maşının olmalıdır. Məsafə uzaq olduğundan hər iki halda bu, əlavə xərc deməkdir. Bu xərcləri hesabladıqda Bakıya qatarla səyahət etmək bir sərnişinə 30-40 manata başa gəlir. Ona görə də, hazırda bu nəqliyyat növü sərfəli hesab oluna bilməz.

Məsələnin problemli tərəflərindən biri də Gəncə-Bakı reysinin axşam saatlarına salınmasıdır. Belə ki, reysin 18:00-21:35 aralığında gerçəkləşməsi vətəndaşlar üçün diskomfort yaradır. Məsələn, xəstəxanaya, imtahana və yaxud hər hansı bir dövlət təşkilatına müraciət üçün paytaxta gələn vətəndaş məcburdur ki, ya Bakıdakı yaxınlarına(əgər varsa) üz tutsun, ya da əlavə xərc hesabına bir günlük oteldə gecələsin.

Qeyd edək ki, Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları xidmət göstərir. 2015-ci ildə ADY-nin sifarişi əsasında ölkəyə gətirilən bu qatarların bir ədədinin qiyməti 12-14 milyon avro aralığındadır.

Qatarda 296 standart, 62 biznes və 9 birinci klass yer olmaqla, ümumilkdə 367 oturacaq mövcuddur. Birinci klass sinfi istisna olmaqla, digər sərnişinlərə ödənişsiz qidalanma xidməti göstərilmir.

Mövzuyla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, qiymət dəyişikliyi Tarif Şurasının qərarı olmadan verilib: “Hesab edirəm ki, kimlərinsə qərarı əsasında qiymət artımına getmək düzgün yanaşma deyil. Sual olunur ki, beynəlxalq şirkətlər bilet qiymətinin ucuzlaşmasını təklif etsəydi, Azərbaycan Dəmir Yolları qiymətləri aşağı salardımı?

Əvvəlcə ADY sərnişin daşımanın maya dəyərindəki dəyişikliklər, bir sərnişinin daşınma xərci, maya dəyərinin hesablanma qaydası kimi suallara aydınlıq gətirməlidir. Yalnız bundan sonra hansısa qərar qəbul etmək olar. İndiki halda bu qərar ADY-yə ciddi problemlər yaradacaq.

4 nəfərlik orta statistik bir ailə Gəncəyə gedib-gəlmək üçün 160 manat vəsait xərcləməldir. Belə olan halda bir çox vətəndaş bu nəqliyyat növündən istifadə edə bilməyəcək. Düşünürəm ki, ADY-nin müəyyən etdiyi tariflər rəqabətə davam gətirə biləcək qiymətlər deyil. Onsuz da bu qatarlar əvvəllər də yüksək doluluq faizi ilə çalışmırdı. Qiymət artımından sonra isə qatarlar sərnişinsiz səyahət etməli olacaq. Təəssüf ki, ADY məsləhətlər əsasında qiymət artımına gedildiyini deyərək, məsuliyyəti öz üzərindən atmağa çalışır”.

Xatırladaq ki, Bakı-Gəncə sürət qatarı istifadəyə verilən zaman standart yerlər üçün bilet qiyməti 15 manat müəyyən edilmişdi. Amma bir müddət sonra bilet satışı gözləniləndən aşağı olduğuna görə, ADY gediş haqqını 10 manata endirməyə məcbur oldu. Maraqlıdır qiymətlərin 10 manat olduğu zamanlar ay ərzində 1000 ədəd bilet sata bilməyən ADY, biletləri 100 faiz bahalaşdıraraq nəyə nail olmağa çalışır?

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarıyla yanaşı, bu marşurut xətti üzrə hər gün müntəzəm olaraq təyyarə və avtobus reysləri, həmçinin taksi xidməti də fəaliyyət göstərir. Gün ərzində 10-a yaxın reys gerçəkləşdirən Bakı-Gəncə avtobuslarının səfər müddəti 4 saat, bilet qiyməti isə 8 manat 40 qəpikdir. Hər gün Bakı-Gəncə marşurutu üzrə uçuşlar edən AZAL isə biletləri alınma tarixindən aslı olaraq, 30-56 manat aralığında təklif edir. Bu səfərin müddəti isə təxminən 30 dəqiqədir. Bakı-Gəncə marşurutu üzrə fəaliyyət göstərən taksilər 15-25 manata, 4-5 saat ərzində bu səfəri gerçəkləşdirir.

İnkşaf etmiş ölkələrdə dəmir yolu nəqliyyatı ölkə daxili və xarici sərnişin daşımada olduqca yüksək bir paya sahibdir. Avropada düzgün idarəetmə nəticəsində bu nəqliyyat növü hava yolu daşımalarıyla belə rəqabət aparmağı bacarır. Bu ölkələrdə bilet satışları bazar iqtisadiyyatına uyğun olaraq tələb və təklif əsasında müəyyənləşdirilir. Əvvəlcə ilk 100 bilet daha aşağı qiymətə təklif olunur və qatarda yerlər azaldıqca bilet qiymətləri də bahalaşmağa başlayır. Bu yolla həm vətəndaşlara sərfəli qiymətlə səyahət şansı verilir, həm də müvafiq daşıma şirkətləri sərnişinləri narazı salmadan əlavə qazanc götürə bilirlər. Hər halda ADY-nin bayram öncəsi bilet qiymətlərini 100 faiz bahalaşdıraraq əlavə qazanc götürməyi planlaşdırması hamıya məlumdur. Ancaq maraqldır, görəsən bu qurum sərnişinləri narazı salan qərarından 1 həftə sonra boş vaqonlarla səyahət edəcəyini də əvvəlcədən fikirləşibmi?

Onu da qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrində gediş haqqı Tarif Şurası tərəfindən tənzimlənir. Tarif Şurasının hər hansı bir qərarı olmadan Azərbaycan Dəmir Yollarının bilet qiymətlərini bahalaşdırması da olduqca maraqlı faktdır.

Həmçinin oxuyun

14 MAY AKSİYASI, BRİTANİYA SƏFİRLİYİNİN BƏYANATI VƏ “RƏİSİM” KLİPİ ARASINDAKI SİNXRONLUQ…

Gənc xanım bir müğənninin dövriyəyə buraxdığı “Rəisim” adlə klip geniş rezonans doğurub. Nədənsə, hamını daha …