Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Bərdənin Kələntərli kəndində fəaliyyətini dayandıran su dəyirmanı işlək vəziyyətə gətirilib

Bərdənin Kələntərli kəndində fəaliyyətini dayandıran su dəyirmanı işlək vəziyyətə gətirilib

Müasir dövr olsa da, bəzi kəndlərimizdə qədim adət-ənənələr hələ də yaşamaqdadır. Bərdənin Kələntərli kəndində bir müddət fəaliyyətini dayandıran su dəyirmanı bu gün işlək vəziyyətdədir. Dəyirman hazırda kənd sakinlərinə və müxtəlif bölgələrdən gələn insanlara xidmət göstərir.

Dəyirmanın sahibi dövrünün sayılan-seçilən insanlarından olan İSMAYIL kişi doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Dərələyəz mahalından uşaq ikən ailəsilə birgə Bərdənin Kələntərli kəndinə pənah gətirib. Uzun illər dəyirmanda çalışan İsmayıl Əliyev 68 yaşa qədəm qoysa da, bu sahəyə, peşəsinə olan marağı azalmır.

Əksinə, bəzi səmərələşdirici, yenilikçi layihələr üzərində çalışır. İsmayıl kişinin dediyinə görə, dəyirmanlar tarixin arxivinə qovuşmaqda olsalar da, burada üyüdülən undan bişirilən çörəyin dadı hələ də yaşlı nəslin damağındadır. Bu undan hazırlanan məmulatlar həm də şəkər, qan təzyiqi, əsəb, mədə- bağırsaq, qara ciyər və digər xəstəliklərin dərmanıdır.

Məşhur Şəki halvasının hazırlanmasında istifadə olunan un da ancaq su dəyirmanının məhsuludur. Dəyirman sahibinin sözlərinə görə, müxtəlif texnikaların, maşın-mexanizmlərin ehtiyat hissələrindən istifadə etməklə ərsəyə gətirdiyi bu qurğunu 1990-cı ilin əvvəllərində elektrik enerjisinin fasilələrlə verildiyi və əhalinin una daha çox tələbatı olduğu bir dövrdə yaratdı. Dəyirman enerji sərfiyyatı olmadan, sadəcə, axar su ilə işləyir.

Suyun gurluğundan asılı olaraq, sutkada 250-300 kq un üyüdülür. Hazırda təbii kəpəkli qara una tələbat artıb. Belə undan bişirilən çörəyin ətri, dadı-ləzzəti də fərqlidir. Nəinki qonşu kəndlərin, həmçinin ətraf rayonların sakinləri də bu dəyirmanın unundan istifadə edirlər. Hətta, paytaxt Bakıdan da tez-tez sifarişlər alınır.

Rövşən MAYILOĞLU,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …