Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Azərbaycanda vahid istintaq idarəsi olsun, yoxsa…

Azərbaycanda vahid istintaq idarəsi olsun, yoxsa…

Ölkəmiz bu ilə ciddi islahatları davam etdirməklə qədəm qoydu. Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlara əsasən dövlət idarəetmə sistemində bir sıra mühüm islahatlar həyata keçirildi.

Struktur islahatları, demək olar ki, bütün sahələri əhatə etdi. Bir-birini təkrarlayan qurumlar birləşdirildi, bəzi təsisatlardakı katibliklər ictimai əsaslarla fəaliyyətə keçirildi. Hesab olunur ki, həmin islahatlar paketi Azərbaycanın inkişaf dialektikasına uyğundur. Bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan inzibati islahatların növbəti mərhələsi sayıla bilər. Çünki bundan əvvəl də islahatlar aparılıb. Sözsüz ki, dövlət idarəçiliyi sistemində həyata keçirilən istənilən xarakterli islahat mövcud reallıqlarla uzlaşmalıdır. Bu baxımdan, Azərbaycanın gündən-günə artan iqtisadi potensialı, həmçinin, ölkənin xarici müstəvidəki fəallığında müşahidə olunan yüksək dinamizm cəmiyyət həyatında müasir və çevik dövlət idarəçiliyinin reallaşdırılmasını tələb edir. Azərbaycan cəmiyyətində müşahidə olunan dərin sosial-iqtisadi dəyişikliklər bu dəyişikliklərə adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, həm də ciddi struktur islahatlarının həyata keçirilməsini tələb edir. Bununla yanaşı, bir daha şahidi olduq ki, Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində həyata keçirilən islahatların başlıca istiqamətini bu sistemin modernləşdirilməsi, daha çevik olması yönündə addımların atılması təşkil edir.  İdarəetmə sistemində struktur islahatlarının aparılması vəsaitlərə qənaət olunmasının və bürokratiyanın qarşısının alınmasının ən effektiv mexanizmlərindən biridir.

Hökumətin yürütdüyü siyasətdən aydın görünür ki, bu islahatlar bitməyib, davamlı olacağına dair ehtimallar böyükdür. Bu baxımdan da irəli sürülən dəyərli təkliflərin nəzərə alınacağı ilə bağlı dəfələrlə hakimiyyət rəsmilərinin açıqlamaları ilə tanış olmuşuq. Mediada, sosial şəbəkələrdə struktur islahatların aparılmasının zəruri olduğu əlavə ünvanlar da göstərilir. Özü də belə təkliflər çox vaxt cəmiyyət tərəfindən qəbul olunan tanınmış şəxslər tərəfindən səsləndirildiyi üçün, həmin təkliflərin dəyərləndirilməsi zərurəti ortaya çıxmış olur.

İslahatların aparılması təklif olunan sahələrdən biri də bəzi qurumların tərkibində fəaliyyət göstərən istintaq idarələri ilə bağlıdır. Məlum olduğu kimi, son ilər ərzində belə istinaq idarələri müxtəlif xidmət və nazirliklərin tərkibində yaradılıb. Əvvəllər isə cinayət işləri ilə bağlı ibtidai istintaqın aparılması səlahiyyəti yalnız ənənəvi dövlət qurumlarının səlahiyyətindəydi. Bura Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti aid idi.  Sonradan istinaq idarələri Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyində fəaliyyət göstərməyə başladı. Artıq cəmiyyətdə istintaq idarələri ilə də bağlı islahatların aparılmasının zəruriliyinə dair çeşidli fikirlər səslənməyə başlayıb. Həmin fikirlərdən bu nəticəyə gəlinir ki, müxtəlif qurumların tərkibində fəaliyyət göstərən istintaq idarələrinin apardıqları cinayət işlərinə prosesual nəzarəti həyata keçirmək də çətindir. Bundan əlavə, qeyd edilir ki, cinayətlərlə bağlı istintaqın aparılmasıının böyük əksəriyyəti məhz bu sahə üzrə tam püxtələşmiş ənənəvi qurumların üzərinə düşür. Bunun sübutu üçün maraqlı bir statistikanı oxucuların diqqətinə çatdırırıq.

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ​nazir R.Usubov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub. Bu cinayətlərin 92,4 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 24,3, adam öldürməyə cəhdlər 3,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 16, mülkiyyət əleyhinə cinaytələr 7,7, o cümlədən quldurluqlar 4,8, avtonəqliyyat vasitəsinin qaçırılması 7, dələduzluqlar 28, habelə qrup halında törədilən cinayətlər 2,2, ailə münaqişəsi zəminində baş verənlər 4,5, yol-nəqliyyat hadisələrində ölənlər 3,7, xəsarət alanlar 0,5 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin ağır və xüsusilə ağır növlərinin açılması 4,4, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,8, o cümlədən adam öldürməyə cəhdlərin açılması 2,7, mülkiyyət əleyhinə cinayətlərdən olan dələduzluqların açılması 3,1, soyğunçuluqların açılması 1,3, quldurluqların açılması 0,7, hədə-qorxu ilə tələb etmələrin açılması 2,4, avtonəqliyyat vasitəsinin qaçırılmasının açılması 6,2, habelə xuliqanlıqların açılması 2,5 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilib.

Bu statistikadan aydın şəkildə görünür ki, törədilən cinayətlərin motivi  və araşdırma predmeti daha çox prokurorluq və daxili işlər orqanlarına aiddir.

Millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, idarəetmənin təkmilləşdirilməsi yalnız icra orqanlarını əhatə etməməlidir: “Bununla bərabər, məhkəmə-hüquq sistemi də təkmilləşdirilməlidir. Məsələn, səhv etmirəmsə, 8 dövlət orqanında istintaq departamentləri, idarələri fəaliyyət göstərir. Bunların hamısını birləşdirib vahid istintaq komitəsi yaradılmalıdır. İstintaq idarələrinin mərkəzləşdirilməsi həm işlərin keyfiyyətini artıra, həm də bu sahədə subyektivliyin qarşısını ala bilər. Ona görə ki, bir şəxs haqqında cinayət işi qaldıran, yaxud ilkin materialları toplayan qurumun özü o işi aparmayacaq. Nəticədə xidməti vəzifəsinə daha ciddi və məsuliyyətli yanaşacaq. Beləcə, əsassız həbslərin qarşısı alınacaq, ya da onların sayı minimuma endiriləcək. Hazırda isə bir çox hüquq-mühafizə orqanları həm şübhəli şəxsi tutur, həm də istintaqını aparır ki, bu da sui-istifadə hallarına zəmin hazırlayır. Artıq bir çox MDB ölkələrində, səhv etmirəmsə, Rusiyada da Vahid Dövlət İstintaq Komitəsi yaradılıb. Azərbaycan da bu müsbət təcrübədən faydalanmalıdır”.

Qüdrət Həsənquliyevin vahid dövlət istintaq komitəsinin yaradılması ilə bağlı irəli sürdüyü təkliflə razılaşmayanlar da var. Məsələn, hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu istiqamətdə islahatların aparılmasına doğrudan da zərurət var: “Əski sovetlər dönəmindən 3 qurum  istintaqı həyata keçirirdi. Bunlar indiki DTX, DİN və Prokurorluq idi. Ölkədə baş verən bütün cinayətlərlə bağlı istintaqı məhz həmin qurumların uyğun idarələri aparırdı. İnsafən, səmərə və effekt bundan çox yaxşı idi. Çünki həmin orqanların fəaliyyətinə, istintaqı aparmasına prosesual nəzarəti həyata keçirmək də asan idi. Müstəqillik əldə edildikdən sonra yaranan bir çox qurumların da tərkibində istintaq idarələri fəaliyyət göstərməyə başladı. Onlar fəaliyyətə sıfırdan başladılar. İstər təcrübə, istərsə də digər amillər baxımından aparılan istinaq işlərinin kefiyyətilə bağlı ciddi çatışmazlıqları üzə çıxdı. Hazırda buna adi hal kimi baxılır, çünki adiləşib. Amma statistikaya nəzər yetirəndə biz görürük ki, il ərzində baş verən 26 mindən artıq cinayət işinin 80 faizdən artığının istintaqını DİN aparıb. Hesab edirəm ki, Qüdrət bəyin təklif etdiyi vahid istintaq komitəsinin yaradılması da bu problemi kökündən həll edə bilməz. Çünki bu, istintaqın keyfiyyətinə mənfi təsir edəcək. Bəli, MDB ölkələrinin bəzilərində bu təcrübədən yararlanırlar. Qazaxıstan bu təcrübəyə keçdi, sonra yenidən əvvəlki qaydaya qayıtdı. Çünki heç bir effekti olmadı. Rusiyada da belə bir komitə yaradılıb və birbaşa prezidentin nəzarəti altındadır. Kifayət qədər çətinliklər var. Çünki prezidentlərin onsuz da işləri həddən artıq çox olur, onların istintaqa da nəzarət etməsi bir qədər çətindir. Bu baxımdan da mən islahatların aparılmasını zəruri sayıram, amma bunun vahid qurumda cəmləşməsini də istəmirəm. Təklifim budur ki, ibtidai istintaqın aparılması səlahiyyətləri bu işdə daha böyük səriştəsi olan üç quruma verilsin. Bunlar DİN, DTX və Prokurorluqdur”.

Göründüyü kimi, hüquq sistemində də islahatların aparılmasının zəruriliyinə dair fikirlər səslənir. Doğrudur, verilən təkliflər yekcins olmasa da, nəzərdən keçirilməsi məqbul sayıla bilər.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …