Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Azərbaycanın Qarabağ uğurlarına beynəlxalq miqyasda dərin marağın kökləri…

Azərbaycanın Qarabağ uğurlarına beynəlxalq miqyasda dərin marağın kökləri…

Azərbaycanın qalib ayrıldığı 44 günlük müharibədə çoxlu qəhramanlıqlar oldu. Onlardan ən ümdəsi isə Şuşanın düşməndən azad edilməsiydi. Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Məhz həmin hadisədən sonra düşmən təslimçi sülhə imza atdı.

Bu bizim tarixi qələbəmizdir. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Prezidentin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Maraqlıdır ki, Azərbaycanın işğaldan azad etdiyi və xüsusilə də Şuşa ilə bağlı çoxlu sayda müsbət beynəlxalq reaksiyalar var. Məsələn, GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində qeyd olunub:

“28 il 6 aylıq işğaldan sonra 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik edirik! Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam və sürətlə bərpa olunmasını diləyirik!”

Azərbaycanın Qarabağda əldə etdiyi bu uğurlara beynəlxalq miqyasda olan dərin marağın kökləri nə ilə bağlıdır?

Əslən Şuşadan olan tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan əsgəri 30 ildir yazılan ssenarini birnəfəsə reallaşdırmağı bacardı. Təbiidir ki, bu ssenarinin əsas qəhrəmanları xalq, ordu və onun qətiyyətli sərkərdəsidir. Azərbaycanı tarixinin ən böyük zəfərinə aparan bu vəhdət Vətən müharibəsində bir xalqın əsas silahına çevrildi. Bu gün hər bir azərbaycanlının ən böyük arzu kimi xəyal etdiyi Şaşanın azad edildiyinin canlı şahidləriyik. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında mümkünsüzü mümkünə çevirməklə dünyaya bizim qüdrətimizi sübut etdi. Şuşanın azad edilməsi müjdəsinin Şəhidlər Xiyabanında səsləndirilməsi isə, Ali Baş Komandanın da qeyd etdiyi kimi, təsadüfi deyil: “Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm”.

Relyefinə görə alınmaz, keçilməz dedikləri Şuşa uğrunda gedən döyüşlər dünyaya əsl reallığı nümayiş etdirdi. Hava şəraiti ilə əlaqədar dronların, relyefinə görə ən müasir texnikanın belə qalxa bilmədiyi Şuşa şəhərinə Azərbaycanın rəşadətli, müzəffər ordusu qalxdı. Bizim əsgəri ora aparan milli qürurumuz idi. Şuşaya görə reaksiyaların çox olması təbiidir. Çünki həmin şəhər Azərbaycandan kənarda da çox məşhurdu. Nəinki Azərbaycana, eləcə də bütün dünyaya dahi insanlar bəxş etmiş şəhərin taleyinə heç kim biganə deyil. Mənim özüm də ölkənin xaricindəki həmkarlarımdan çoxlu təbriklər almışam. Bütün bunlar bir daha sübut edir ki, biz tariximizə heç vaxt biganə olmamışıq. Üstündən 28 il keçsə də, qurbanlar verməyin bahasına olsa da, biz qədim şəhərimizi özümüzə qaytara bildik. Şuşanın işğalını da, azad olunmasını da görmək mənə nəsib oldu. Həm kədəri, həm də misilsiz sevinci yaşadığım üçün şükür edirəm. Əminəm ki, biz Şuşaya əvvəlki əzəmətini qaytaracağıq və ora bütün dünyanın diqqət mərkəzində olacaq”.

Müsahibimiz sonda bildirdi ki, Şuşanın azad olunması həmin şəhərin doğrudan da Qarabağın açarı olduğunu sübut etdi.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …