Çərşənbə , May 22 2024
Ana səhifə / Manşet / “Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən hər hansı bir orta məktəb və ya digər təhsil müəssisələrindən şagirdlərə narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılması, yaxud satılması ilə bağlı məlumat almayıblar:

Elm və Təhsil Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birlikdə daim narkomaniyaya qarşı mübarizə üzrə profilaktik tədbirlər keçirir. Ölkə üzrə bütün təhsil müəssisələrində mütəmadi maarifləndirici tədbirlər təşkil edilir. Son üç ay ərzində müvafiq qurumlarla birgə şagird sayı çox olan mindən çox məktəbdə valideynlər üçün də maarifləndirici görüşlər olub”.

“Bu istiqamətdə təhsil müəssisələrinin təhlükəsizliyi müvafiq dövlət qurumları tərəfindən təmin olunur. Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, onların sağlam fiziki inkişafı diqqət mərkəzindədir”, – deyə Agentlikdən bildirilib.

Təhsil Nazirliyi
Foto: Elm və Təhsil Nazirliyi

Ekspertlər narkotik probleminin təkcə məktəblərlə məhdudlaşmadığını deyirlər

“Narkotikdən istifadə Bakıda geniş yayılıb. Hazırda nəinki şagirdlər, hətta müəllimlər arasında da, az da olsa, narkotik istifadəçilərinə rast gəlinir”.

Bunu Meydan TV-yə təhsil eksperti Nabatəli Qulamoğlu deputat Siyavuş Novruzovun Milli Məclisdə çıxışı zamanı orta məktəblərdə narkotikdən istifadə hallarının olması ilə bağlı söylədiklərini şərh edərkən deyib.

Siyavuş Novruzov Milli Məclisin aprelin 23-də keçirilən iclasında Azərbaycanda məktəblərdə narkotikdən istifadə hallarının olduğunu deyib.

Siyavuş Novruzov
Foto: arxiv

O əlavə edib ki, narkotikə qarşı mübarizəni gücləndirmək lazımdır.

Bu gün narkotik artıq məktəblərə yol tapıb. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və uşaqların gələcəyini məhv edən bu sistemə son qoyulmalıdır”, – deputat bildirib.

Nabatəli Qulamoğlu hesab edir ki, narkomaniyanın məktəblərə yol tapması işsizliklə əlaqədardır:

Narkomaniyaya aparan yolun səbəbi əsasən işsizlik, çarəsizlik, məşğulluğun olmamasıdır. Azərbaycanda sadaladıqlarımın heç biri yoxdur. Problemin həlli ilə bağlı məsələ təkcə məktəblə bitmir. Bu, ictimai bəladır. İctimai bəlanı da doğuran Azərbaycanda mövcud olan rejimdir. Bu mövcud rejimdə insan haqları mövcud deyil. Adamlar nə normal qidalana, nə də iş tapa bilirlər. Bunlara çarə tapılmadığı müddətdə də biz gedib, məktəbdə narkomanın qabağını kəsə bilmərik”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Hesab edirəm ki, məsələ təkcə məktəblə məhdudlaşmır. Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər. Yuxarı səviyyədə idarə olunan kriminal aktın qarşısında da məktəb dura bilməz. Bu, cəmiyyətin bəlasıdır, özümüz doğurmuşuq. Cəmiyyət dəyişməsə, heç nə düzələn deyil”,  – Nabatəli Qulamoğlu deyir.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, məktəblərdə mütəmadi olaraq narkomaniyanın zərərləri barədə məlumatlandırma işləri aparılmalı, onlara narkokuryerlərin toruna düşməmək üçün vacib bilgilər verilməlidir:

Bu işi Azərbaycan cəmiyyətinin, gəncliyinin zəhərlənməsində marağı olan şəxslər edirlər. Bu proses uzun müddətdir ki, var. Daxili İşlər Nazirliyi tərəfindən də müəyyən addımlar atılır. Elm və Təhsil Nazirliyinin işi də şagirdləri mərktəbin giriş qapısından etibarən nəzarətdə saxlamaqdır. Bunun üçün də məktəblərdə mühafizə tədbirləri daha da gücləndirilməlidir”.

Təhsil ekspert Elçin Əfəndi

Narkotik vasitələrin satışını təşkil edən şəxslər bunu konfet kağızına bükülü formada, müxtəlif adlar altında şagirdlərə ötürə bilirlər. Satıcılar birbaşa məktəbin içərisinə daxil ola bilmirlər. Onlar narkotik vasitələrin satışını konkret olaraq məktəb ərazisindən kənarda təşkil edə bilirlər. Bunun qarşısını almaq üçün də konkret olaraq ilk növbədə valideynlər övladlarını nəzarətə götürməli, daim diqqətdə saxlamalıdırlar. Valideylər mütəmadi olaraq, uşaqların çantalarını, üst-başlarını yoxlamalıdırlar. Valideyn diqqət etməlidir, övladında hər hansı bir dəyişiklik baş verirsə, bu, onun üçün şübhə siqnalı olmalıdır”, – ekspert deyib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinə göndərilən sorğularımız cavabsız buraxılıb.

Həmçinin oxuyun

Naxçıvanda “Talıbov dövrü” bitibmi? – “Biznes onların əlindədir” – VİDEO