Bazar , Noyabr 29 2020
Ana səhifə / Manşet / Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar”

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib ki, Azərbaycan keçiriləcək görüşlərdən hər hansı bir irəliləyiş gözləmir.

ABŞ-n Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib. Azərbaycanın 30 ildir müzakirələr apardığını xatırladan prezidentin köməkçisi müzakirələrin uğursuz olmasının məsuliyyətinin eyni zamanda Minsk Qrupu həmsədrlərinin də çiyinlərində olduğunu sözlərinə əlavə edib.

Millət vəkili Məlahət İbrahimqızı da “Bakı-Xəbər”ə açıqlamasında  bu görüşdən ciddi gözləntisinin olmadığını bildirdi. Onun sözlərinə görə, hazırda Azərbaycan qətiyyətli Ali Baş Komandanının rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad edir: “Əks hücum nəticəsində  biz bir çox rayon və kəndlərimizi işğaldan təmizləmişik. 30 ilə yaxın biz bu məsələnin sülh yolu ilə həll edilməsini gözləmişik. Ancaq bu münaqişənin həlli üçün beynəlxalq mandat alan ATƏT-in Minsk Qrupunun  həmtəsisçilik formatı da bu istiqamətdə bir addım da olsun irəliləyişə imza ata bilmədi. Bu müddət ərzində biz onların fəaliyyətinə deyil, fəaliyyətsizliyinə şahid olduq. Sanki turist səfərinə gələn kimi, gəlib Azərbaycan xalqının əsəblərini bir qədər də tarıma çəkib gedirdilər. Bütün beynəlxalq təşkilatların sənədlərində Azərbaycan işğala məruz qalan ölkə kimi təqdim olunsa da, onların bəyanatlarında tərəflərin məsuliyyəti eyniləşdirilirdi.  Belə olmazdı.  Son iki ildə isə bu məsələlər daha da əndazəsini aşdı. Paşinyan hakimiyyətə gələndən sonra gedib Şuşada yallı getdi, danışıqlar formatını dəyişməyə cəhd göstərdi. Onun bütün bu əməllərinə həməsdrlər heç bir reaksiya vermədi. Əksinə, işğalçını parazit kimi şişirdirlər.  Paşinyan ilk anlarda təzə olduğunu bəhanə edib danışıqlar pörosesinə gəlmədi, sonra isə açıq qeyri-konstruktivlik ortaya qoydu. Qısa olaraq bunu demək istəyirəm ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupu həmsədrləri nəsə etmədilərsə, bundan sonra nə edə biləcəklər? Azərbaycan xalqı artıq öz problemini öz gücünə həll edir, ortaya milli iradə qoyub. Bütün bunlara baxmayaraq, biz sülh danışıqlarına hər zaman sadiqliyimizi nümayiş etdirmişik. Moskvanın belə cəhdlərinə də müsbət cavab verdik. Nəticəsi nə oldu? Xarici işlər nazirlərinin təyyarəsi öz ölkələrinə çatmamış ermənilər Gəncəni raketlə vurdu. Demək olar ki, ikinci Xocalını törətdilər. Buna həmsədrlərin reaksiyası necə oldu? Yenə tərəfləri sülhə çağırdılar. Pompeo ilə görüşdə də ümumiləşdirilmiş bir bəyanat veriləcək. Mən də bir millət vəkili olaraq bu görüşdən nəsə gözləmirəm. Bu mənada Hikmət Hacıyevin fikirləri ilə tam razılaşıram. Hazırda Qarabağın taleyini döyüş meydanında əsgərlərimiz həll edir. Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar. İndi biz qələbəyə yaxın olduğumuz zamanda belə mexanizmlərin axatarılması heç lazım deyil. Belə çıxır ki, özlərinə gərək olanda mexanizm axtarırlar? Biz Ali Baş Komandanımızın siyasi iradəsinə güvənirik. Bu da ondan ibarətdir ki, Azərbaycanın ərazisi tam olaraq işəalçılardan təmizlənməlidir. Yalnız bundan sonra sülh ola bilər. Allah Ordumuzu qorusun, yeni zəfərləri qeyd edək”.

Azərbaycanın problemi öz gücünə həll etdiyi məqamda belə təşəbbüslər  maraqlı görünür. Əgər Paşinyan danışıqların mənasız olduğunu deyib hərbi yolu seçibsə, deməli, bu görüş də texniki xarakter daşıyacaq.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …