Şənbə , Noyabr 28 2020
Ana səhifə / Manşet / Azərbaycan diaspor quruculuğunun problem və reallıqları…

Azərbaycan diaspor quruculuğunun problem və reallıqları…

Azərbaycan dövləti həm də dünyada yaşayan 50 milyondan artıq soydaşımızın vətəni sayılır. Çünki dünyanın müxtəlif ölkələrinə səpələnmiş  əslən azərbaycanlı olan söydaşlarımızın bir müstəqil dövləti var, o da Azərbaycan Respublikasıdır. Dövlətimiz əhəmiyyətli sayda olan soydaşlarımızın diaspor halında təşkilatlanması, inkişaf etməsi istiqamətində əlindən gələn nə varsa edir.

Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı parlaq tarixi çıxışında Azərbaycanın Şərq ilə Qərb arasında dostluq körpüsü rolu oynamasını, bu geosiyasi məkanların yaxınlaşması prosesinin tərkib hissəsi olmasını xüsusi qeyd edib.  

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev özünün coşqun fəaliyyəti sayəsində dövlətimizin daha da inkişaf etməsinə nail olur, ölkəmizin bütün sahələrdə sanballı uğurlar qazanmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizənin fəallaşmasını, həmvətənlərimizin beynəlxalq aləmdə müsbət reputasiyasının formalaşmasını təmin edir. Dünyada azərbaycanlıların imicinin yüksəlməsinə necə kömək etməli? Həmvətənlərimizin yaşadıqları ölkənin ictimai-siyasi həyatında diasporun rolunun artması ilə əlaqədar problemlərin həlli üçün soydaşlarımızın mülki hüquqlarının və onların tarixi vətəni Azərbaycanın milli mənafelərinin qorunması məqsədi ilə ilk növbədə ziyalıların nümayəndələrinin iştirakı ilə təşkilati-hüquqi işi gücləndirmək lazımdır. Məhz bu tələblərdən irəli gələrək, Azərbaycanda Disporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Həmin qurumun vasitəsilə dünyanın müxtəlif ölkələrindəki diaspor qurumlarının işi koordinasiya olunur. Ancaq təəssüflər olsun ki, biz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarında pərakəndəliyin, hətta bəzi hallarda düşmənçiliyin hökm sürdüyünün şahidi oluruq. Hiss edilir ki, bir çox diaspor təşkilatının maraqları yalnız müxtəlif layihələr adı ilə dövlətimizin müəyyən qurumlarından pul qopramağa istiqamətlənib. Buna nail ola bilməyənlər isə ya həmin ölkədəki Azərbaycan səfirliyini, ya da Diaspor Komitəsini qınamağa başlayır. Kənardan edilən müşahidələr göstərir ki, diaspor təşkilatlarımızın fəaliyyəti onlara verilən dövlət dəstəyi ilə adekvatlıq təşkil etmir. Bu problemi doğuran səbəblər yetərincədir. Əslində diasporun təşkilatlanmasının əsas tərkib hissələri aşağıdakı kimi olmalıdır:

-diasporun rəsmi nümayəndələri;

-hüquqi məkanda fəaliyyətin qanunvericiliyə uyğun olaraq təşkil edilməsi;

-maarifçilik işi;

-elmi araşdırmalar;

-soydaşlarımızın yaşadıqları ölkənin qanunverici və digər dövlət strukturlarında təmsil olunması;

-maddi və informasiya təminatı.

Biz bəzi hallarda görürük ki, diasporumuzun ictimai fəaliyyəti zamanın tələblərinə tam cavab vermir, soydaşlarımızın intellektual səviyyəsindən yetərincə istifadə edilmir, bəzən isə bu amil inkar edilir. Bu problemin həlli xaricdəki diaspor təşkilatlarının diqqət mərkəzində olmalıdır. Bu halda Azərbaycan diasporunun inkişafı və ümdə problemlərin həlli barəsində səmərəli diskussiya aparmaq olar.

Bu baxımdan diasporun inkişafını hələ də ləngidən, indiyə qədər həll edilməmiş bəzi problemlərə diqqəti cəlb etmək lazımdır. Yaşadıqları dövlətlərdə ictimai-siyasi və iqtisadi həyata təsir baxımından xeyli inkişaf etmiş başqa xalqların diasporlarının təcrübəsinə daha çox diqqət yetirmək lazımdır. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunverici və digər dövlət strukturlarında təmsil edilməsinə nail olmaq lazımdır. Bu bizim milli mənafelərimizin lobbiləşdirilməsinə kömək edər. Bundan əlavə, maarifçilik işinə, o cümlədən Azərbaycan dilinin, Azərbaycan tarixinin, onun mədəniyyətinin, coğrafiyasının, etnoqrafiyasının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.

Bu istiqamətdə xaricdə faəliyyət göstərən erməni diasporunun fəaliyyətinə diqqət yetirməyi zəruri saydıq. Paşinyan hakimiyyətə gələndən sonra onlarda dövlətin nəzarətində olan Diaspor Komitəsi ümumiyyətlə ləğv edildi. Nəticədə xaricdəki erməni diasporunun Ermənistana ianələrinin, yardımlarının həcminin daha da artdığının şahidi olduq. Deməli, burada problem hər hansı təsisatla bağlı deyil, problem yanaşmadadır. Başqa bir misala diqqət edək. Bugünlərdə dünyaca məşhur erməni pornoulduz kimi tanınan Kim Kardaşyanın sosial şəbəkələrdəki hesabları üzərindən koronavirus pandemiyasına görə pulsuz qalan erməni xalqına yardım məqsədilə xeyriyyə marafonu keçirib və qısa müddətdə 7 milyon dollar pul yığaraq Ermənistana göndərib.

Gəlin, vəziyyəti olduğu kimi analiz edək. Bizim xaricdəki diaspor fəallarımız niyə belə addımlar atmır? Ən maraqlısı budur ki, bizim bir çox ölkələrdəki diaspor təşkilatlarımız Azərbaycan dövlətindən pul qoparmaq yarışına giriblər və bu “marafonda” aralarında hətta qanlı müharibə aparırlar. Bu baxımdan da, istərdik, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor nümayəndələrimiz  bu istiqamətdə yetərli olmayan aktivliyin səbəbi barədə bizimlə fikirlərini bölüşsünlər.

Mirkazım Seyidov

Rusiyada fəaliyyət göstərən, Azərbaycan və Rusiya dövlətlərinin ali dövlət mükafatlarına layiq bilinən tanınmış diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  bütün bunların tam təmin olunması üçün ilk növbədə vətəni və milləti təmənnasız sevməlisən:“Burada düşüncəni, yanaşmanı dəyişmək lazımdır. Söhbət yalnız Kim Kardaşyandan getmir. İndiyə qədər onların başqa ixtisas sahibi olan diaspor fəalları da anoloji aksiyalar həyata keçiriblər və yəqin ki, bundan sonra da biz belə marafonların şahidi olacağıq. Bunun səbəbi bəllidir. Onların diasporla bağlı formalaşmış ideologiyaları dövlətdən nəsə qoparmaq yox, dövlətə, millətə xidmət etməkdən ibarətdir. Buna ideoloji vətənpərvərik deyillər. Onlar bu istiqamətdə çoxdan işləyirlər. Bizdə bu sahədə axsama var. Çalışmalıyıq ki, yanaşma şəxslərə, hansısa qurumlara uyğun yox, vətənə xidmət üzərində formalaşsın. Ermənilərə heç diaspor komitəsi lazım deyildi. Həmin dövlət qurumu ləğv edildi, amma vəziyyət dəyişmədi. Çünki onların erməniçilik ideologiyasının başında hər zaman kilsə dayanıb və bu gün də həmin iş aparılır. Düşmən olmaqlarına baxmayaraq, biz onların bu istiqamətdəki uğurlarını ciddi tədqiq etməliyik. Bizim diasporun təmsil olunduğu ölkələrin həyatına yaxından inteqrasiya etmək problemi də mövcuddur. Sovet dönəmində Heydər Əliyev çoxlu sayda azərbaycanlını Rusiyanın müxtəlif şəhərlərinə ali təhsil almağa göndərirdi. Bu onun uzaqgörən siyasəti idi. Həmin tələbələrinin əksəriyyəti ora inteqrasiya olunmaq əvəzinə, ali təhsili başa vuran kimi qaçıb gəlirdilər Azərbaycana. Ermənilər isə bacardıqları qədər düşdükləri ölkədə möhkəmlənməyə çalışırdı. İkincisi isə bizim mentalitlə bağlı məsələdi. Ermənilər xristian toplum olduqları üçün  öz qızlarının, həyat yoldaşlarının həmin cəmiyyətdə işləmələrinə adi hal kimi baxıblar. Biz isə buna icazə verməmişik. Mən Rusiyada yaşadığım üçün misalı burdan çəkirəm. Bu amil digər ölkələr üçün də xarakterikdir. Müstəqillikdən sonrakı dönəmdə 10 minlərlə təhsil almış gəncimiz var ki, onları biz lazımi qurumlara yerləşdirə bilməmişik. Təbiidir jki, belə dəstəyi  diasporumuz verməlidir. Bu da bizim inteqrasiya prosesimizi zəiflədir. Bizim diaspor nümayəndəlirində mənəm-mənəmlik, pul qazanmaq hərisliyi həddən artıq çoxdur. Liderlik uğrunda daim mübarizə gedir. Bu da diaspor təşkilatlarımızın parçalanması ilə nəticələnir. Mən diasporla  bağlı yazdığım kitabda bu problemlərə geniş toxunmuşam. Eyni zamanda, onlardan çıxış yollarını da təqdim etmişəm. Hesab edirəm ki, güclü lobbi təşkilatlarımızın formalaşmasının bir yolu da yaşadığımız yerlərdə kompaktlığı təmin etməkdən keçir. Ermənilər harda yaşayırlarsa, ətraflarına həmyerlilərini yığırlar. Biz bütün bu çatışmazlıqları düzətmək istiqamətində hərəkətə keçməliyik. Əks təqdirdə, bizi istməyən qüvvələr bundan daha məharətlə istifadə edəcəklər.

Digər vacib problem isə xaricdəki təşkilatlarımızın siyasiləşməsidir. Bu nə deməkdir?  Bir şəhərdə iki təşkilata rast gəlirsən. Baxırsan ki, biri Azərbaycan hakimiyyətinin kursunu dəsytəkləyir, digəri müxalifətin. Tam yalnışdır. Biz siyasi məsələlərə qarışmamalıyıq . Hamımızı Vətən və Dövlət amili öz ətrafına bağlamalıdır. Özümlə bağlı maraqlı faktı nəzərinizə çatdırım. Mən Rusiyada “Erməni vandalizmi” adlı kitab nəşr etdirdim. Həmin kitab bir neçə dilə tərcümə olunub. Onu Rusiyada fəaliyyət göstərən bütün diplomatik korpuslara göndərdim. Nəticəsi nə oldu? Erməni diasporu Rusiyada mənə əlindən gələn təzyiqləri etdi. Dəfələrlə mənə sui-qəsd təşkil etdilər. Yaxınlarımın ticarət obyektlərinə basqınlar təşkil olundu. Bunu özümü reklam üçün xatırlatmadım. Demək istəyirəm ki, onların diaspor fəaliyyətində vahid ideologiya ətrafında sistemli fəaliyyət var. Çalışmalıyıq ki, bütün bu səhvlərimizi tezliklıə düzəldək”.

Nüsrət Məmmədov

Qırğızıstanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin ən ali təltifləri ilə mükafatlandırılan diaspor fəalı Nüsrət Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir çox ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətinin passiv olması ilə bağlı fikirlə o da razıdır:“Bizim xaricdəki diasporlar belə marafon keçirsələr də, yetərincə məbləğ toplaya bilməzlər. Çünki xalqımız, dövlətimiz adına nə isə etmək üçün milli ruh lazımdır. Həm də ki, elə bir bacarıqlı diasporumuz da yoxdur. Rusiyada federal səviyyədə 4  “diaspor” tanıyıram, hamısı boşboğazlardır, yəni “vozduxodunı”. Dördü də özünü lider hesab edir. Həmin təşkilatların adları: SAR, MAR, LAR, KAR. Bunların dördü də bir-biri ilə mübarizə aparır. Dördünün də bir-birinə güzəştə getməyən ambisiyaları var. Heç birinin də qeydiyyatı yoxdur. Ona görə də onları boşboğazlar adlandırıram. Hərdən, hərəsi ayrılıqda bəyanat da verir. Biri şəxsi xəstəxanasının blankında, biri də öz səxsi ilə bağırmaqla. Ermənilərin isə bir təşkilatı var, onun başçısı da yeganə liderdir. Bütün ermənilər də onu lider kimi qəbul edirlər. Yazıq millətim bizim bu dördbaşlı əjdahanın hansının ağzından çıxan sözə baxsın? Diasporun maliyyəsi onun üzvlərinin verdiyi ianə ilə formalaşmalıdır. Bunu birdəfəlik bilin. Vətənpərvər diaspor rəhbərlərimiz isə var. Doğrudur, bəziləri  şəxsi mənafeyi üçün bütün diasporları çalxaladı. Yenə də yıxılmadıq, ayaqdayıq. Inşallah, bu yaxınlarda səsimizi eşidərsiniz. Bizim də Kim Kardaşayan kimi Azərbaycandan kənarda doğulub, böyüyüb, boya-başa çatanlarımız da az deyil. Amma belə jesti görmürük. Kim Kardaşyan Ermənistanda yox, ABŞ-da doğulub, oranın vətəndaşıdır.  Bu qənaətə gəlirəm ki, milli ruhu olan istənilən adam təmənna güdmədən öz xalqına kömək edə bilər”.

Görünən budur ki, belə təcrübəli diaspor fəallarının fikirlərindən istifadə etməklə, müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızı daha monolit hala gətirməyə ciddi zərurəyt yaranıb.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …