Cümə axşamı , May 26 2022
Ana səhifə / Manşet / Aydın Quliyev: “90-cı illərdə vahid milli və dövlətçi media yox idi”

Aydın Quliyev: “90-cı illərdə vahid milli və dövlətçi media yox idi”

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin TNS-ə müsahibəsi.

-Aydın müəllim, xoş gördük. İşləriniz necə gedir?

-Zamanınız xoş keçsin… Hər halda yaxşı ki, bundan da pis deyilik …

-Müasir dövrdə qəzet çıxarmaq çox çətin bir prosesdir. İnsanların internetə əlçatanlığının asanlaşdırılması, onlayn media orqanlarının bolluğu, açıq etiraf edək ki, qəzetə marağı azaldıb. Yəni hər dəqiqə əlindəki smartfon vasitəsilə informasiya alan oxucunun qəzet köşkü heç yadına da düşmür. Belə bir dövrdə qəzet çıxarmaq nə qədər effektlidir və nəyə lazımdır?

-Qəzet çıxarmaq tək indi çətin deyil ki. Bu hər vaxt çətin olub. Bir planşeti və ya noutbuku ələ götürüb “mən də media orqanıyam” deməyə nə var ki… Qəzetin qədir- qiymətini müasir mətbuat arxivinə ehtiyac duyanlar, populyar yazı dilimizin gözəlliyindən zövq alanlar, gündəlik dəqiq xronikamızı təqib etmək istəyənlər daha yaxşı bilir. Gəl onların əlindən bunu al, görüm…

Qəzetlər məlumat bazarında idarəedici qüvvələrdən biri olanda cəmiyyətin böyük hissəsinin tələbini ödəyirdik, bundan zövq alırdıq. İndi tək qəzet olaraq az bir hissənin tələbini ödəyirik, indi də bundan zövq alırıq. Yekunda nə yaxşı ki, kiməsə, kimlərəsə lazımıq və gərəksiz, ziyanlı deyilik. Müstəqil qəzetlərin dövlətdən aldığı maliyyə ən kiçik  korrupsioner məmurun il ərzində taladığının bir hissəsi ola olmaya. Ancaq nə faydasız, nə də ziyanlıyıq.

9a271257-43b2-4cd0-b99d-71eaea941c0e

Üstəlik qəzetlərin saytı, hətta bəzilərinin internet televiziyası da var. O cümlədən “Bakı-xəbər”in də. Demək, qəzetlər  yeni-yeni formalar alır, inkişaf edir. İnkişaf edə bilən şeydən imtina etmək? Doğrudur, inkişaf edə bilməyən qəzetlər sıradan çıxa bilər. Ancaq bütünlüklə qəzetlər bir institut kimi inkişaf edirsə, sayt formasında, televiziya formasında öz varlığını təsdiqləyirsə, bunun nəyi pisdi?

O ki qaldı onlayn medianın qəzeti üstələməsinə, bununla razıyam. Ancaq üstələsə də, onlayn media qəzeti tam əvəz edə bilməz. Bunu ağıllı adamların hamısı bilir. Qəzet informasiya bazarında həlledici güclərdən birinə çevrilmək imkanını itirməyib.

Müasir Rusiyaya baxın. Tanışlarınz vasitəsilə dəqiqləşdirin. Rusiyada qəzetlərin tirajında hiss olunan artım başlayıb. Rusiyanın dünya internet sistemindən qoparılması bir az da dərinləşsə, inanın ki, qəzetlər yenidən gücə çevriləcək. İndi ölkələrin heç biri belə vəziyyətdən sığortalanmayıb.

-Sizin qəzetinizin kifayər qədər oxunaqlı saytı var. Bildiyim qədər, saytınıza gündəlik daxil olan oxucuların sayı 20 mindən çoxdur. Qəzetdə dərc olunacaq materialları da saytda yerləşdirirsiniz. Belə olan halda, “Bakı xəbər”in kağız variantını, yəni qəzetin özünü oxuyan varmı?

-Özünün tarixi olan hər bir qəzetin öz ənənəvi oxucu auditoriyası var. Təbii ki, hər qəzetin tarixi olmur. Var tarixçəsi olan qəzetlər, yəni “yarandı, çıxdı və dayandı” kimi. Bir də var tarixi olan qəzet. Belə qəzetlər dövrün proseslərinin içində olmaqdan əlavə ona yön verə bilir, buna çalışır, nəyəsə mane olmağa, ya dəstək olmağa güc tapır, prosesin içində özü də tarix yazır. Məhz belə qəzetin özünün ənənəvi oxucu auditoriyası olur. Bu auditoriya öz qəzetinə sadiqdir, qəzetin saytı oldu olmadı, fərqinə varmır, o, əsasən qəzeti axtarır. “Bakı-xəbər” qəzetinin öz auditoriyası var.

-Mən özüm də qəzetçi olduğumdan qəzetin nə qədər əhəmiyyətli olduğunu bilirəm. Heç bir onlayn media qəzetin funksiyasını yerinə yetirə və onu əvəz edə bilməz. Qəzet tarixdir, canlı salnamədir. Fikrinizcə, çap mediasını “diriltmək”, qəzetə marağı artırmaq mümkündürmü? Bunun üçün nə etməliyik?

6ba636fd-c7e6-4513-a8b6-cf37ce2ea756

-Qəzetlərdə analitik və praktik araşdırma materiallarının, cəmiyyət həyatına aid şəkilli xəbərlərin sayı həmişə artırılmalıdır.

-Mətbuat orqanı obyektiv, qərəzsiz olmalı, cəmiyyətin uğurlarını da, problemlərini də olduğu kimi təqdim etməlidir. Bu gün müstəqil fəaliyyətinizə hansısa maneə yoxdur ki?

-Maneə yoxdur. Lakin peşəkarlıq və təcrübə artdıqca, informasiya məkanında bir məlum çərçivə və daha dərin məsuliyyət meyarından qaça bilməzsən …

-Siz həm Sovet dövründə, həm də müstəqilliyin ilk illərində üzdə olan ziyalılardan biri olmusunuz. Bu gün də elədir. Yəni siz həmişə ictimai-siyasi proseslərin içində olmusunuz, ictimai rəyə təsir etmisiniz. Müqayisə aparanda, media ötən əsrin 90-cı illərinin əvvəllərində daha azad və demokratik idi, yoxsa bu gün?

-90-cı illərdə vahid milli və dövlətçi media yox idi. Ən müxtəlif xətlərə bağlı sistemsiz media aləmi var idi. Belə media mühitində fəaliyyət sərbəstliyi daha çox, məsuliyyət az idi. Düşünürəm ki, indi bizə o cür media mühitinə yenidən qayıtmaq lazımdırmı?!…Yəqin ki, yox…

-Həm Sovet dövründə, həm də müstəqilliyin ilk illərində qəzet redaktorları çox hörmətli, nüfuzlu adamlar olublar. Onların dövlət orqanlarından şəxsi xahişləri həmişə nəzərə alınıb. Bu günlərdə sizin cənab Prezidentə bir müraciətinizi oxudum. Belə başa düşdüm ki, sizin Təhsil Nazirliyindən övladınızın təhsili ilə bağlı şəxsi xahişiniz yox, haqlı tələbiniz olub. Amma nəzərə alınmayıb. Öz problemini belə həll edə bilməyən bir media qrupun rəhbəri oxucularının, cəmiyyətin problemlərinin həllinə necə nail ola bilər? Fikrinizcə, bu, müasir Azərbaycanda məmurların güclənməsinin, yoxsa medianın zəifləməsinin nəticəsidir?

-Ölkə Prezidentinə müraciətimin sədasını hələ gözləyirəm…

Ancaq onu deyim ki, 2008-2009-cu illərə qədər məmurların mediaya, jurnalistlərə münasibətində bir cür neqativliklər var idi, indi başqa cür neqativliklər özünü göstərməyə başlayır. Əfsuslar olsun…

-Siz “Bakı xəbər”in televiziyasını da yaratmısınız. Həm saytınızın, həm də televiziyanızın geniş oxucu və tamaşaçı auditoriyası var. Bunun gələcəkdə qəzeti sıradan çıxarmaq ehtimalı varmı? Yəni nə vaxtsa qəzetin nəşri dayandırıla bilərmi?

-Qəzet bir dayaq  idi, sayt ikinci dayaq oldu, televiziyamız mühərrik oldu. Bunlar hamısı birlikdə güclüdür. Gücümüzü dövlətçiliyimizin daha da güclü olmasına yönəldirik. “Bakı-xəbər” qəzeti özündən sonrakı doğuluşlar üçün beşikdi. Beşiyi atmazlar.

-Yeni media qanunu qəbul olunub. Media sahəsində bir sıra islahatlar aparılır. Bu qanundan və aparılan islahatlardan gözləntiləriniz nədir?

-Yeni qanunun yenilikləri və üstünlükləri çoxdu. Hər şey qanunun praktikada necə tətbiq olunmasından asılı olacaq. Tək bu sahənin məmurlarından asılı olmayacaq. Eyni zamanda ölkənin bütün məmur və jurnalist ordusu yeni qanunun necə işləyəcəyinə məsuliyyət daşıyacaq.

-Biz sizinlə Novruz bayramı ərəfəsində görüşdük. Fürsətdən istifadə edib sizi və kollektivizinizi bu əziz bayram münasibıətilə təbrik edirəm.

-Təşəkkür edirəm. Bayramınız mübarək olsun!

-Müsahibə üçün sağ olun.

Tural Səfərov

Həmçinin oxuyun

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza …