Şənbə , Noyabr 28 2020
Ana səhifə / Manşet / AXCP iddiaları AMCP statusunda rəsmiləşdi – Razi Nurullayevin arqumentləri…

AXCP iddiaları AMCP statusunda rəsmiləşdi – Razi Nurullayevin arqumentləri…

Xəbər verildiyi  kimi, deputat Razi Nurullayevin sədr olduğu partiyanın qurultayı keçirilib. Onlayn formatda baş tutan qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib. Qurultay iştirakçıları Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul ediblər. Qurultayda bu barədə bəyannamə qəbul olunub:

“Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür”.

Uzun müddət inamla AXCP adı uğrunda mübarizə aparan və özünü bu məsələdə tam haqlı sayan bir siyasi təsisatın qəflətən belə qərar verməsi siyasi cameədə birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər hesab edir ki, Razi Nurullayev bu addımı həm də parlament partiyası kimi qeydiyyatdan keçmək üçün baryeri aradan qaldırmaq məqsədilə edib. Cünki faktiki olaraq, mandata sahib olan Nurullayev rəhbərlik etdiyi qurumun qeydiyyatının olmaması səbəbindən parlament partiyaları üçün nəzərdə tutulan güzəştlərdən yararlana bilmir.

AXCP iddialarının AMCP  statusunda rəsmiləşməsinin hansı zərurətdən doğduğu ilə bağlı partiya sədrinin fikirlərini aldıq. Razi Nurullyaev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu addımı təsadüfən atmayıblar:

“Bir işin nəticəsi olmayanda insan gərək başqa formatları, metodları da müzakirəyə çıxarsın. Biz robot deyilik, insan olduğumuz üçün düşüncə sahibiyik. Gördük ki, hökumət bizi AXCP  kimi tanımaq  istəmir və daha çox həmin adda partiyanın sədri kimi Əli Kərimlini təqdir edir. Buna görə də, bizim başqa bir yolumuz qalmadı. İkinci bir təzad isə keçmiş hərəkatçılar arasında yaşanırdı. Klassik Elçibəyçilər AXCP-nin parçalanmasını heç də yaxşı qarşılamırdılar. Düşündük ki, ölkədə təmərküzləşməyə, vətəndaş birliyinə ehtiyac var. Öz tərəfimizdən olan çatışmazlıqları aradan qaldırdıq ki, Elçibəysevərlər, hərəkatçılar düzgün qərar verməkdə çətinlik çəkməsinlər”.

Həmsöhbətimiz atılan addımların onların parlament partiyası kimi tanınmasına da yol aça biləcəyini vurğuladı: “Biz yaxın günlərdə sənədlərimizi qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Ümid edirəm ki, qanunda nəzərdə tutulan müddət ərzində qeydiyyata alınacağıq. Çünki bu günə qədər olan  proseslər  bunu deməyə əsas verir. Fikir verirsinizsə, son vaxtlar bir çox partiyalarla Prezident Administrasiyasında görüşlər keçirilir, bir çox partiyaların qeydiyyat məsələsi öz həllini tapıb. Bu proses müsbət nəticələnəndən sonra biz parlament partiyasına çevriləcəyik, qanunla nəzərdə tutulan bütün imtiyazlardan da istifadə edə biləcəyik.  Biz faktiki olaraq yeni partiya təsis etmişik. Amma əsas kimi indiyə qədər təmsil olunduğumuz partiyanın yolunu, ideologiyasını götürmüşük. Partiyanın adının AXCP olması siyasi cameədə də bizə münasibəti birmənalı etmirdi. Bu, həm də başqa partiyalarla əməkdaşlığa maneçilik törədirdi. Hesab edirəm ki, bundan sonra bizim digər partiyalarla daha sıx əməkdaşlığımız üçün ciddi zəmin olacaq. Eyni zamanda partiyamıza sıravi üzvlərin də axınının şahidi ola bilərik”.

Hər halda, yeni adla fəaliyyət göstərəcək partiyanın hansı nailiyyətlərə imza ata biləcəyi ilə bağlı indidən proqnozlar vermək tez olar. Qeydiyyat və sonrakı proseslərdən sonra partiyanın fəaliyyəti AMCP barədə cəmiyyətdə yekdil fikir formalaşdırmış olacaq.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …