Şənbə , Avqust 13 2022
Ana səhifə / Manşet / Arzuman Abdulkərimov: “Lavrov Paşinyanın əvəzindən bəyanat vermək əvəzinə, onu vədlərə əməl etməyə məcbur etsin”

Arzuman Abdulkərimov: “Lavrov Paşinyanın əvəzindən bəyanat vermək əvəzinə, onu vədlərə əməl etməyə məcbur etsin”

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Paşinyanın sülh danışıqları aparmağa hazır oldiğunu deyib:

“Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır”.

Rusiyalı nazir daha sonra bildirib:

“Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik”.

Maraqlıdır, Paşinyan Lavrovun dediyi kimi sülh danışlqlarına hazırdırsa, onda niyə bu istiqamətdə addımlar atmaq əvəzinə, əldə olunan razılaşmaları sabotaj etməklə məşğul olur?

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qırx dörd günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan və kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış sənədin şərtlərini yerinə yetirməkdən boyun qaçıraraq müxtəlif bəhanə və təxribatlarla sülh prosesini yubatmağa çalışır: “Heç kimə sirr deyil ki, son günlər iki dövlət arasındakı sərhəddə baş verən təxribatlar da Ermənistan hakimiyyəti tərəfindən törədilir. Bütün bunlar onu göstərir ki, N.Paşinyan hazırda müxtəlif vasitələrlə sülh prosesini sabotaj edir. Prosesin ləngiməsi isə öz növbəsində sərhədlərin delimitasiyası və demarkasiyasını, eləcə də Zəngəzur dəhlizinin açılmasını qeyri-müəyyən müddətə təxirə salır. Ən maraqlısı budur ki, Paşinyan Putinin imzası olan razılaşmalara əməl etməkdən  boyun qaçırır. Lavrov onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə sövq etmək əvəzinə, Paşinyanın addımlarına don geyindirməklə məşğuldur.

Azərbaycan üçün isə sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması prioritet təşkil edir. Hazırda Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğurlu fəaliyyət göstərir. Artıq Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin əldə etdikləri razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsi davam etdirilir. Əslində 2021-ci il yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Yaxşı olar ki, Lavrov Ermənistanı qeyri-konstruktiv hərəkətlərinə son qoymağa,  regionda davamlı sülhün bərqərar olması üçün 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinə əməl etməyə və Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımağa məcbur etsin. Azərbaycan hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşləri də qeyd edə bilərik. İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar müstəvisində sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi ölkəmizin başçısı tərəfindən dəfələrlə səsləndirilib. Prezident İlham Əliyev daim vurğulayır ki, münaqişə bitib və indi hamımız gələcəyə baxmalıyıq. Bu baxımdan yaxşı olar ki, Lavrov Paşinyanın əvəzindən bəyanat vermək əvəzinə, onu  vədlərə əməl etməyə məcbur etsin”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır – VİDEO

Abşeron rayonunda yaşayan Qarabağ qazisi Şahsuvarov Məhərrəm Arif oğlu Azsiyasət.com saytına müraciət edərək bildirib ki, onun 2014-cu ildə külli miqdarda vəsait …