Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Manşet / Arıqladıcı “Meri” çayının fəsadları – ölümdən qayıtdığını iddia edən xəstənin dedikləri…

Arıqladıcı “Meri” çayının fəsadları – ölümdən qayıtdığını iddia edən xəstənin dedikləri…

Bəzən o məhsullar daha çox reklam olunur ki, onların insanlar tərəfindən kütləvi şəkildə istehlak edilməsində maraqlı olan qüvvələr var. Əlbəttə, bu gün ən çox reklam olunan məhsullar sırasında arıqladıcı çaylar ilk yerlərdən birini tutur.

Çox təəssüf ki, bu məhsulların reklam edilməsində şou-biznes nümayəndələri, müəyyən tanınmış müğənnilər xüsusi canfəşanlıq göstərirlər. Hazırda sosial şəbəkələrdə və müxtəlif onlayn dərman satışı ilə məşğul olan internet portallarında müğənnilərin birbaşa iştirakı ilə müxtəlif adda, qablaşdırmada arıqladıcı çaylar reklam edilir. Bu çaylardan davamlı istifadə edən insanların böyük əksəriyyəti isə əsasən onları qəbul etdikdən sonra həm bioloji, həm də psixoloji problemlər yaşadıqlarını deyirlər.

Son zamanlar sosial şəbəkələrdə geniş şəkildə reklam edilən “Meri” adlı arıqlatma çayından istifadə edənlər də ciddi sağlıq problemləri yaşayırlar. Bu günlərdə oxucularımızdan biri bizimlə əlaqə saxalayaraq “Meri” çayının onun orqanizmində yaratdığı fəsadlardan şikayətləndi. Oxucumuz bildirdi ki, reklama uyaraq, sözügedən çaydan istifadə etdikdən sonra onda dəhşətli baş ağrıları, baş gicəllənmələr, kəskin halsızlıq, davamlı iştahsızlıq və s. hallar yaranıb. O qeyd edir ki, qiyməti 50-60 manat olan “Meri” çayını 15 gün müddətində gündə iki dəfə içməklə artıq çəkidən xilas olacağını zənn edirmiş, lakin öz orqanizmində fəsadların yarandığını görüb həkimlərə müraciət edib. Həkimlər ona bildiriblər ki, istifadə edən insanlarda ciddi asılılıq, eyini zamanda, kəskin fəsadlar yaradan “Meri” çayı ilə bağlı həkimlərə müraciətlər artıb. Həkimlər “Meri” çayı istifadəçisinə onu da deyiblər ki, sən yaxşı qurtarmısan, bu çayın fəsadlarını tez hiss edib həkimə müraciət etmisən, gec olsaydı, daha ağır problemlərlə üzləşərdin.

Qeyd edilənə görə, sözügedən çay həm toz, həm də kiçik bağlama şəklində satışa çıxarılır. Oxucumuzun sözlərinə görə, “Meri” çayı şou-biznesçilər, müğənnilər tərəfindən reklam edildiyi üçün, o bu vasitənin etibarlılığına və müsbət təsir gücünə inanıb. Oxucumuz insanları ”Meri” çayının reklamına aldanmamağa çağırır. O hesab edir ki, arıqlamaq istəyənlər qətiyyən bu çayın şirnikləndirici reklamına aldanmasınlar.

“Meri” çayının tərkibində hansı maddələr ola bilər ki, istehlakçıda halsızlıq, başgicəllənmə və digər fəsadlar, eləcə də asılılıq yaradır?

  • Adil Qeybulla: “Konkret olaraq “Meri” çayına gəlincə, onun tərkibi haqqında birmənalı fikir söyləmək çətindir”

Tibb elmələri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, bütün arıqladıcı çayların və dərman vasitələrinin tərkibinə insan orqanizmi üçün zərərli maddələr qatılır. A.Qeybullanın sözlərinə görə, arıqladıcı təsirə malik olduğu deyilən çayların böyük əksəriyyətinin qutusunun üzərində onun tam tərkibi haqqında məlumat qeyd edilmir. “Arıqladıcı çayların orqanizmə bir sıra mənfi təsirləri var. Onlar iştahsızlıq yaradır. Eyni zamanda, bədəndən həddən artıq maye ifraz olunur. Bu vasitələr tərkibindəki maddələrlə çəkinin itirilməsinə səbəb olur.  Söhbət ondan gedir ki, bu cür vasitələri, çayları qəbul edən, uzun müddət aclıqda olan şəxslər əziyyət çəkirlər. Bədən belədir ki, doymamış yağ turşuları, əvəz olunmayan amin turşuları mütləq orqanizmə xaricdən qəbul olunmalıdır. Orqanizm uzun müddət ac qalırsa, onda beyində mürəkkəb molekulyar proseslərin gedişi pozulur. Hətta insanda psixi dəyişikliklər kimi hallar baş verə bilər. Ona görə də arıqlamaq istəyən insanlar o çaylardan içməkdənsə, peşəkar dietoloqlara müraciət etsinlər. Sağlam arıqlamaq lazımdır, onun da yolu peşəkar dietoloqlardan keçir. Əhaliyə də tövsiyəm odur ki, bu cür çayları qəbul etməkdən imtina etsin. Tutalım, biri həmin çayı alırsa və bu ona müsbət təsir göstərirsə, başqaları da ondan alıb istifadə edirlər, nəticədə də sözügedən problemlər yaşanır. Özünümüalicə metodlarının çox ciddi fəsadları olur və biz bunu bir neçə epizodda görürük. Hesab edirəm ki, bu yoldan çəkinmək lazımdır”.

A.Qeybulla qeyd etdi ki, Azərbaycandan fərqli olaraq, dünyanın heç bir yerində xəstə həkim göstərişi olmadan gedib hansısa bir aptekdən dərman, çay almır, heç onu satmırlar da. O qeyd etdi ki, apteklər market olmadığı üçün, burada satılan bütün vasitələr resept əsasında verilməlidir. “Konkret olaraq “Meri” çayına gəlincə, onun tərkibi haqqında birmənalı fikir söyləmək çətindir. Çünki onun tərkibi haqqında məlumat yoxdur. Bu çay istifadəçilərin orqanizmində belə ciddi fəsadlar yaradırsa, ola bilsin ki, onun tərkibində beyinə kütləşdirici təsir göstərən, orqanizmə zərər vuran maddələr var. Yəni bu çayın mənfi təsir imkanları müxtəlifdir. Bu çay da, başqa çaylar da müxtəlif vasitələrdən hazırlanır, onların tərkibinə insan orqanizminə zərərli maddələr vurulur. Elə çaylar var ki, onlar kimyəvi vasitələrdən hazırlanır. Çox təəssüflər olsun ki, arıqladıcı çayların və digər vasitələrin tərkibi üzərində göstərilmir. Çünki tərkibi müəyyən olunmayan vasitələrə izah vermək çətin olur” – deyə A.Qeybulla bildirdi. O hesab edir ki, bütün arıqladıcı vasitələrin, eləcə də çayların tərkibi ciddi şəkildə yoxlanılmalıdır.

  • Leyla Bayramova: “Son zamanlar bu tip reklamlar sosial şəbəkələrdə geniş yayılıb”

Həkim-terapevt Leyla Bayramova isə hesab edir ki, bu çaylar xüsusi şəkildə hazırlanır və onun məqsədi insan orqanizmini sıradan çıxarmaqdır. O qeyd etdi ki, son zamanlar bizim cəmiyyətdə arıqlamaq dəbə minib və insanlar bunun yolunu müxtəlif arıqladıcı çaylarda görürlər. “Bir çoxları, xüsusilə də qadınlar tez bir zamanda artıq çəkidən azad olmaq üçün müxtəlif çaylardan istifadə edirlər. Bir mütəxəssis kimi demək istəyirəm ki, bu çayların mənfi tərəfləri nəzərə alınmalıdır. Arıqlama çayı içən insanların böyük əksəriyyəti həkimə baş ağrıları, baş gicəllənmə, həddindən artıq maye ifraz etmə, böyük və kiçik bayıra tez-tez getdikləri ilə bağlı şikayətlər edirlər. Onlara izah edirik ki, sürətli arıqlama insanın həyatı bahasına başa gələ bilər. Elə xəstələr var ki, deyir 1 ayda 10 kiloqram, 40 gündə 17-20  kiloqram arıqlamışam. Bu da bədənin kifayət qədər zəifləməsi deməkdir. Çox təəssüf edirəm ki, tərkibi gizlədilən bir sıra arıqlatma çayları insan orqanizmini daxildən sökür. “Meri” çayının reklamına sosial şəbəkələrdə tez-tez rast gəlirik. Onu əsasən müğənnilər reklam edirlər. Müğənnilər bu çaydan istifadə etmirlər, sadəcə pul qarşılığında onun reklamında iştirak edirlər. Bilirsiniz ki, son zamanlar bu tip reklamlar sosial şəbəkələrdə geniş yayılıb və bu çaydan zərər çəkənlər çoxdur. Bu çayın tərkibi haqqında geniş məlumat verilmir. Tez bir zamanda arıqlatmaq təsirinə malik olduğu reklam edilən bu çaydan asılı olanlar var. Bu tip çaylardan istifadə düzgün deyil. Sağlam çəki atmaq üçün müyyən müddət lazımdır. Birdən-birə verilən kilolar insan orqanizmi üçün böyük fəsadlara gətirib çıxara bilər. Hətta insan həyatına belə son qoya bilər” – deyə həkim-terapevt bildirdi.

Həmçinin oxuyun

İSBAM Türkiyədə Müstəqillik gününü qeyd etdı – Fotolar

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Kocaeli …