Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Arif Əliyev niyə susur? – Mətbuat Şurası İkram Rəhimovla bağlı sual ünvanladı

Arif Əliyev niyə susur? – Mətbuat Şurası İkram Rəhimovla bağlı sual ünvanladı

“Daha doğrusu, istəyirdim ki, o danışsın. Çünki, Arif Əliyevin bu cəmiyyətə izahat verməyə borclu olduğu mövzular var, həm media ictimaiyyəti, həm də ölkə ictimaiyyəti ondan açıqlama gözləyirdi. Arif Əliyev və ətrafının son olaraq təsis etdiyi “Media klubu”nun aparıcı şəxslərindən biri, onların şəriki, tez-tez dinləməyə və məsləhətləşməyə dəvət etdikləri, birgə şəkillər paylaşdıqları “Realliq.info” saytının sahibi İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Haqqında araşdırma gedir. İnsanlara hədə gəlməkdə, şantaj etməkdə, media adından sui-istifadə hallarında ittiham edilir. Eyni hala görə İkram Rəhimovu digər hüquq-mühafizə orqanları da saxlaya bilərdilər. İşə məhz DTX-nın qatışması göstərir ki, ortada hələ açıqlanmayan daha ağır hallar var”.

Bu fikirləri açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Realliq.info-nun sahibinin oktyabrın 26-da saxlanıldığını deyən Mətbuat Şurasının sədr müavini söyləyib ki, bu günə qədər keçən 17 gün ərzində Arif Əliyev və ətrafındakılar bu şəxsin əməlləri və onunla hansı müstəvidə əməkdaşlıq etmələri haqında açıqlama verməli idilər, mövqelərini aydınlatmalı idilər: “Onlar ya İkram Rəhimova, ya da DTX-ya haqq qazandırmalıdırlar, mövqe açıqlamalıdırlar. Media-adından sui-istifadə edən şəxsləri təşkilatlandırmaqda məqsədlərinin nə olduqğunu izah etməlidirlər. Axı İkramı cəmiyyətə “media adamı” kimi təqdim edənlər onlardır. Arif Əliyevin bu gün müsahibə verdiyi “KİV-lər” də İkram Rəhimovun “sağ və sol əlləridirlər”. Arif Əliyev niyə məhz bu kontingentlə əməkdaşlıq edir? İçi mən qarışıq, media ictimaiyyətinin Arif Əliyev və ətrafından gözlədiyi açıqlamanın, onun da operativ izahat verməyə məsuliyyət daşıdığı mövzunun motivi budur. O danışıb. Amma elə bir mövzuda danışıb ki, nə mövcud duruma aidiyyatı yoxdur, nə də reallığı əks etdirmir”.

Qurum rəsmisi söyləyib ki, Arif Əliyevi Mətbuat Şurası ilə mübahisəsinin 15 illik tarixi var: “Bu 15 il ərzində o öz iradlarını dəfələrlə səsləndirib. İndi səsləndirdiyi fikirlərdə heç bir yenilik yoxdur. Bu baxımdan, ona geniş cavab verməyə lüzum yoxdur. Çünki, 15 il, 10 il əvvəl dediyi bu iradlara zaman-zaman cavab alıb. İndi cavabını aldığı fikirləri yenidən səsləndirir. Ona verilən cavablara isə aydınlıq gətirmir. Məsələn, 10 il əvvəl də demişdi ki, MŞ ictimai təşkilatdır, onun sədri 2 dəfədən artıq seçilə bilməz. Arif Əiyevin diqqətinə çatdırılmışdı ki, özü “Yeni Nəsil” Jurnalistlər Birliyi kimi ictimai quruma 23 ildir ki, rəhbərlik edir və bu müddət ərzində dəfələrlə, həm də fasiləsiz olaraq “sədr seçilib”. Fərqi nədir? Cavab yoxdur. Cavab yodursa, eyni sualı niyə yenidən ortaya atır? Yaxud, deyir ki, “hakimiyyətin media siyasəti düzgün aparılmayıb, media bu günə düşüb!” . Hansı günə düşüb ki, media? Arif Əliyevin sitat gətirdiyi 90-cı illərə, lap elə 2000-ci illərin əvvəllərinə nəzər salaq. O dövrü xatırlayan hər kəs bilir ki, nə medi qurumları, nə də jurnalistlər öz adları ilə çağırılmırdılar: “AXCP-nin uşaqları”, “Musavatın uşaqları”, “hökumətin uşaqları” deyə bir bölgü olduğunu xatırlamırmı Arif Əliyev!? KİV-lərin ayrı-ayrı siyasi icmalara mənsub olduğunu, ayrı-ayrı qrupların siyasi-iqtisadi maraqlarının təmsilçisi olduğunu unudubmu Arif Əliyev? Nümunə göstərdiyi KİV-lərin cəmiyyətə, milli maraqlara faydası çox idi, yoxsa qrup maraqlarına? Bu bölücülüklə, bu dağıdıcılıqla hara qədər gedəcəkdi KİV-lər?. Bu gün xaricdə oturub milli təəssübkeşlik göstərmək əvəzinə, kiminsə sifarişi ilə anti-milli kampaniyalar keçirən “jurnalistlər” Arif Əliyevin nümunə göstərdiyi dövrün yetişdirmələri deyillərmi? Yaşadığımız günlərdəki KİV-lərin Arif Əliyevin nümunə göstərdiyi dövrün KİV-lərindən əsas fərqi odur ki, bu gün KİV-lər (söhbət əksəriyyətdən gedir, hamıdan yox) ayrı-ayrı siyasi icmaların maraqlarından yox, ictimai maraqlardan, milli maraqlardan çıxış edirlər, həm də peşəkardırlar, işlərini peşəkarcasına icra edirlər”.

M. Ələsgərli vurğulayıb ki, Arif Əliyev KİV-lərin milliləşməsini, icmaların boyunduruğundan çıxıb ictimailəşməsini, milli təəsübkeşlik göstərmələrini “bu günə düşmək” kimi dəyərləndirirsə, medianın bu səviyyəyə çatmasını “hakimiyətin media siyasətinin iflası” kimi qiymətləndirirsə, deməli, onun niyyəti medianın inkişafına dəstək olmaq, ictimai maraqlara xidmət etmək deyil, fərqlidir: “Məsələ ondadır ki, Arif Əliyev media təmsilçisidir, bütün bunları bilir. O, 90-cı illərdən bu günə qədər aktiv media proseslərinin içində olub, inkişafın harada olduğunu, problemlərin harada qaynaqlandığını bilir. Bildiyi halda niyə həqiqətləri demir, əksinə, diqqəti real mövzulardan yayındırır. Deməli suyun bulandırılmasında ya şəxsi maraqları var, ya da…? Arif Əliyevin son müsahibəsində irəli sürdüyü bütün tezislərin əksini isbatlaya bilərəm, həm də çox asanlıqla. Amma bütün bunlar peşəkar mövzulardır, müzakirə üçün bərabər tərəf istəyir. Fikirlərimi saxlayıram Arif Əliyevin İkram Rəhimovla bağlı verəcəyi açıqlamadan sonraya. Mənim, İkram Rəhimovla həmkarlıq edən birinə deyəcək sözüm yoxdur. İkramın imici də, fəaliyyəti də bəlidir, MŞ tərəfindən də qiymətini alıb: adı “Qara siyahıdadır”.(sia.az)

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …