Bazar , Yanvar 24 2021
Ana səhifə / Manşet / Araik Arutyunyan ölmədi və Xankəndidə yeni “hökumət” qurdu

Araik Arutyunyan ölmədi və Xankəndidə yeni “hökumət” qurdu

Bakı ya bu erməniləri öz təbəələri, məmurları kimi bir masa arxasında oturmağa məcbur etməlidir, ya da onları hakimiyyəti mənimsəməkdə günahlandırmalı, barələrində sərt qərarlar çıxarmalıdır.

İşğalçı Dağlıq Qarabağ rejiminin faktiki başçısı Araik Arutyunyan srağagün “hökumətin” strukturunu yeniləyib. Yeniliyə görə, hökumət “xarici işlər”,“müdafiə”, “ədliyyə”, “maliyyə”, “iqtisadiyyat və kənd təsərrüfatı”, “əmək, sosial məsələlər və miqrasiya”, “ərazi idarəçiliyi və infrastruktur”, “şəhərsalma”, “səhiyyə”, “təhsil, elm, mədəniyyət və idman” “nazirliklərindən” ibarət olub. “Maliyyə naziri”nə eyni zamanda, “hökumətə” rəhbərlik hüququ – “dövlət naziri” statusu verilib. Qondarma hökumətdə bu qurumlar da var: “milli təhlükəsizlik xidməti”, “polis”, “fövqəladə hallar üzrə dövlət xidməti”, “dövlət əmlakı idarəçiliyi və kadastr komitəsi”, “dövlət gəlirləri komitəsi”.

Biz uzun illərdir ki, Xankəndindəki qondarma qurumların adını dırnaqda və kiçik hərflərlə veririk. Amma onlar özlərindən böyük işlərə girişməkdən əl çəkmirlər və sonuncu qərar da buna sübutdur.

Araik Arutyunyanın dərisi bir qəpiyə dəyməsə də, nə edəsən ki, hazırda onun personasına diqqət çoxdur. Əvvəla, ona görə ki, Azərbaycan Ordusu 44 günlük müharibədə Qarabağdakı işğalçı rejimin bir çox qaniçən “nazirini”, “qəhrəmanını” cəhənnəmə vasil etsə də, Araik sağ qaldı. Onun Şuşadakı “andiçmə mərasimi”nin keçirildiyi bina “Bayraqdar”ın ilk hədəflərində biri oldu və orada toplantı keçirən xeyli erməni zabiti məhv edilsə də, Araik yenə sağ qaldı. Onun yaralanması, hətta ölməsi barədə xəbərlər olsa da, hər dəfə xortladı, qarşımıza çıxdı. Şuşa Azərbaycan Ordusunun nəzarətinə keçəndə də canını götürüb Xankəndiyə qaça bildi. Onun son sığınacaq yeri doğulduğu Xankəndi oldu və bəlkə də burada, nəhayət gəbərəcəkdir. Amma noyabrın 10-da imzalanmış kapitulyasiya sənədi bu dəfə də onun qanının arasına girdi, Araik yenə də ölmədi.

Atəşkəsdən sonra isə İrəvana getdi, Paşinyanla görüşdü, hətta Moskvaya gizli səfəri haqda da xəbərlər yayıldı. Onun Qarabağda hələ də qondarma “dqr”in binasındakı kabinetində oturması, tez-tez bölgədəki sülhməramlıların əhatəsində görünməsi, indi də yeni “hökumət” qurması Azərbaycan cəmiyyətini haqlı olaraq qıcıqlandırır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Xankəndiyə getməməsi, İrəvanda isə onun adının görüş protokoluna salınmaması Arutyunyanın statusu ilə bağlı ziddiyyəti daha da qəlizləşdirir.

Əgər Araik həqiqətən də Qarabağda heç kimdirsə, o halda niyə hələ də “hökumət” qurur, silahlı mühafizəçilərlə gəzir, gorbagor olmuş “respublikanın” necə deyərlər, “ştampı-peçatı” ilə qərarlar verir. Həm də biz bu qərarları əvvəlki kimi “kağız parçası” deyib gözardı edə də bilmərik, çünki indi Xankəndində verilən bu cür qərarların Qarabağdakı situasiyaya ciddi təsiri var. Bu adamın təyin etdiyi “nazirlər” Qarabağın ermənilər məskunlaşmış yerlərində nə təbliğat aparır, nə hazırlıqlar görürlər, bilən varmı?

Qarabağda sülh o qədər kövrəkdir ki, indi onu “Kalaşnikov” avtomatının bir neçə gülləsi ilə pozmaq, yeni qanlar tökmək mümkündür. O halda, Bakı ya bu erməniləri öz təbəələri, məmurları kimi bir masa arxasında oturmağa məcbur etməlidir, ya da onları hakimiyyəti mənimsəməkdə günahlandırmalı, barələrində sərt qərarlar çıxarmalıdır. Tutaq ki, “X”rayonunda bir məmur qalxıb özündən “hökumət” düzəldərsə, onun haqlı olaraq çevrilişdə günahlandırarlar. Xankəndi bir çox bilinən səbəblərdən hələ bizm “X” rayonu deyil, bu məlum…Unutmayaq ki, uzun illər Azərbaycanın tabeçiliyində olanda da ermənilər Xankəndində istədiklərini ediblər. Amma indi Azərbaycan xüsusilə Xankəndi ilə bağlı planını, strategiyasını açıqlamalıdır. Aydındır ki, indi Xankəndiyə icra başçısı və ya polis rəisi təyin etməklə heç nə dəyişməyəcək. Amma Bakı bu qondarma hökuməti özbaşına da buraxmamalıdır, daima diqqət etməli, onların hər bir qanunsuz  addımlarını qınamalı, təftiş etməli, hesabat istəməli, etirazını bildirməlidir. Barələrində cinayət işi qaldırmalı, onların digər ölkələrə çıxışlarını əngəlləməlidir. Onlarla görüşən, məmur yerinə qoyanlar şiddətlə qınanmalıdır. Dünya, Qarabağda qalmış ermənilərinin himayəçiləri bilməlidirlər ki, bu torpağın sahibi kimdir. Madridin Kataloniya separtaçılarını məhz belə qərarlarla dərbədər saldığını yada salmaqda fayda var…                       

Araik Arutyunyan haqqında Baş Prokurorluqda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törətməkdə suçlanır. İnterpolun axtarış bölümündə Araik Arutyunyanın adını tapa bilmədim, amma ola bilsin ki, İnterpol-Azərbaycan öz bölümündə onun adı və şəkilini yerləşdirib. Yaxşı olardı ki, Xankəndi canisinin İnterpol xətti ilə axtarışa verilməsi barədə rəsmi məlumat, şəkli ilə birgə yayılsın. Bu rəsmiləşəndən sonra Arutyunyanla hökumət quranlara da, onunla qucaqlaşanlara da deməyə sözümüz daha çox olacaq…

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …