Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Manşet / AQTA və Qida Təhlükəsizliyi İnstitutunun tenderlərini qurumun rəsmilərinə bağlı şirkətlər udur

AQTA və Qida Təhlükəsizliyi İnstitutunun tenderlərini qurumun rəsmilərinə bağlı şirkətlər udur

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Avaz Group” MMC (VÖEN – 1902989141) olub.
Qida Təhlükəsizliyi İnstitutu “Avaz Group” MMC-dən müxtəlif qeyri-üzvi kimyəvi maddələr (reaktivlər) satın alacaq və qarşılığında 959 min 766 manat 62 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Avaz Group” MMC 25 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Ənvər Qasımzadə, ev 72, m. 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Sadıqov Mədət Baratəli oğludur.
“Avaz Group” MMC-yə məxsus olduğu bildirilən saytda şirkətin eşitmə cihazlarının satışı ilə məşğul olduğu qeyd olunub. MMC-nin kimyəvi maddələrin satışı ilə məşğul olmasına dair saytda heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Avaz Group” MMC son 3 ildə 15 tender müsabiqəsində qalib olub və onlardan 12-si AQTA ilə Qida Təhlükəsizliyi İnstitutuna məxsus olub.
Şirkətlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Avaz Group” MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Məmmədov Sadiq Ərzuman oğlu olub. MMC-nin hüquqi ünvanı isə Suraxanı rayonu, M. Fətəliyev ev 15, m. 21-də yerləşib.
Şirkətin ilk rəhbəri olan Məmmədov Sadiq Ərzuman oğlu MMC qeydiyyata alındıqdan təxminən il yarım sonra – 14 sentyabr 2018-ci il tarixində AQTA sədri Qoşqar Təhməzli tərəfindən Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olub. Sadiq Məmmədov hazırda Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin elmi məsələlər üzrə müşaviri vəzifəsində işləyir.

Sadiq Məmmədov

Onu da qeyd edək ki, AQTA və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən bəzi tender müsabiqələrində bu qurumların vəzifəli şəxslərinin əvvəllər rəhbərlik etdikləri şirkətlər qalib olurlar.
Məsələn, AQTA sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə isə “Medeks” MMC-nin baş direktoru vəzifəsində çalışıb. 2017-ci ildə AQTA-nın sədri təyin edilib. Qoşqa Təhməzli AQTA sədri təyin olundqudan sonra – 2018-ci ildə “Medeks” MMC AQTA-nın keçirdiyi 293 min 670 manat 79 qəpiklik tender müsabiqəsində qalib olub.
Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin açıq şəkildə pozulması deməkdir. Belə ki, Qanunun 6.2.2-ci maddəsində (əvvəlki Qanunda 13-cü maddə) açıq şəkildə göstərilir ki, keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər satınalmalar zamanı satınalan təşkilatın nümayəndəsi ola bilməzlər.
Amma, açıqlanan məlumatlardan da göründyü kimi, 2016-cı ildə satınalmada iştirak edən və qalib olan təchizatçının (“Medeks” MMC) vəzifəli şəxsi (baş direktoru) olmuş Qoşqar Təhməzli 2 il sonra – 2018-ci ildə baş tutan satınalma zamanı satınalan təşkilatın (AQTA-nın) nümayəndəsi (sədri) olub.
Bənzər vəziyyət Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tender müsabiqəsində də qeydə alınıb. 2020-ci ildə Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) olub. “Duohıve” MMC təsis olunan zaman – 2017-ci ildə onun qanuni təmsilçisi Rəşad Məmmədağa oğlu Xalıqov olub. Rəşad Xalıqov 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub.
Rəşad Xalıqov AQTA-da yüksək vəzifə tutduğu zaman – 2020-ci ildə “Duohıve” MMC bu qurumun informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.

Rəşad Xalıqov

Onu da bildirək ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”nin (İRİA) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Rəşad Xalıqovun Qoşqar Təhməzlinin yaxın qohumu olduğu bildirilir. Yeniavaz.com 

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …