Bazar , Yanvar 29 2023
Ana səhifə / Manşet / Anar Kərimov, Səfər Mehdiyev və Ramin Bayramlı… – Yenilər niyə “vurulur”?

Anar Kərimov, Səfər Mehdiyev və Ramin Bayramlı… – Yenilər niyə “vurulur”?

Bu günlərdə Mədəniyyət naziri Anar Kərimovun Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunması Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasının kölgəsində qaldı.
Media və sosial şəbəkələrdə ikincinin daha çox müzakirə olunması da bunu təsdiq edir. Bu da təbiidir. Ən azı ona görə ki, Anar Kərimovun nazir kimi bu vəzifədə necə deyərlər, heç ili tamam olmadı. Vasif Talıbovsa nə az, nə çox, düz 27 il idi ki, Azərbaycanın Naxçıvan kimi böyük bir bölgəsinə rəhbərlik edirdi.

Amma bununla belə, Anar Kərimovun vəzifəsindən uzaqlaşdırılmasında da maraqlı cəhətlər çoxdur. İlk növbədə diqqəti çəkən məqam isə Anar Kərimovun son illər aparılan kadr islahatları, gənc kadrların önə çəkilməsi fonunda bu vəzifəyə gəlməsi idi. Başqa sözlə desək, Anar Kərimov Vasif Talıbov və digərləri kimi “köhnələr”dən deyildi.

O, hakim komandanın “islahatçı gənclər” kimi təqdim edilən yeni kadrlarından idi. Və əslində, Anar Kərimovun vəzifəsindən azad edilməsi bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev kadr islahatları məsələsində “köhnələr” və “yenilər” prinsipini tam rəhbər tutmur. Düzdür, son təyinatlar zamanı əlbəttə, gənclərə üstünlük verilir. Lakin bu heç də o demək deyil ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərə güzəşt edilir və onlar uzun müddət vəzifədə qalırlar. Bu, qətiyyən belə deyil və Anar Kərimovun təyinatının bir ili tamam olmamış vəzifəsindən kənarlaşdırılması bunu bir daha təsdiqlədi.

“Bir daha təsdiqlədi” ifadəsini də təsadüfən işlətmədik. Çünki Anar Kərimova qədər də biz bir sıra yeni kadrlara güzəşt edilmədiyinin şahidi olmuşuq.

Belə ki, ötən il sentyabrın 12-də TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tutduğu vəzifə ilə vidalaşmalı oldu. O bu vəzifədə təqribən 1 il 8 ay çalışdı.

Eləcə də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ona göstərilən etimadı doğrultmadığı üçün uzun müddət vəzifəsində qala bilmədi. 2018-ci ilin fevralında icra başçısı təyin olunan bu şəxs 2020-ci il dekabrın 8-də vəzifəsindən azad edildi və həbsə göndərildi. Bir gün öncə – dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirdilər və bir sıra yerli məmurlar saxlanıldılar.

Göründüyü kimi, son 4-5 ildə aparılan kadr islahatları zamanı yalnız “köhnələr” deyil, “yenilər” arasında da vəzifəsi ilə vidalaşan xeyli fiqurlar var. “Köhnələr”lə bağlı məsələ aydındır. Uzun illər vəzifədə olan bu kadrlar idarəetmə sistemində kök salmaqla, yüksək vəzifələrə tanışları və yaxın qohumlarını təyin etməklə yanaşı, rüşvət və korrupsiyaya bulaşıb, qeyri-qanuni biznes şəbəkələri yaradıblar. Ölkədə sağlam idarəetmə mühitinin yaradılması üçün onların vəzifələrindən uzaqlaşdırılması labüd idi və bu iş demək olar ki, 80-90 faiz görülüb.

Bəs, “yenilər”, “islahatçı”lar, “xaricdə təhsil alan”lar niyə “vurulur”?

Bu suala cavab vermək üçün həmin kadrların vəzifədən uzaqlaşdırılmasında rol oynayan ümumi cəhətlərə diqqət yetirmək kifayətdir.
Nədir bu cəhətlər? Yəqin ki, ilk növbədə media və sosial şəbəkələrdə daha qabarıq nəzərə çarpan ictimai qınaq məsələsini qeyd etmək yerinə düşər. Həm Ramil Bayramlı, həm də Anar Kərimov bu mötəbər vəzifələrə təyin olunanda onlara böyük ümidlər bəslənilirdi. Güman olunurdu ki, Səhiyyə Nazirliyinin bir çox funksiya və səlahiyyətlərini əlindən alan TƏBİB illərlə səhiyyə sahəsində yığılıb qalan problemlərə əncam çəkəcək. Eynilə də Anar Kərimovun uzun illər vəzifədə olan və əksər mədəniyyət işçilərinin tənqid etdiyi Əbülfəs Qarayevin səhvlərini təkrar etməyəcəyi, mədəniyyət sahəsində dönüş yaradacağı ilə bağlı ümidlər vardı.

Yəqin, xatırlayırsız, Ramil Bayramlının TƏBİB-in İdarə Heyətinin sədri seçilməsindən qısa müddət sonra o, media və sosial şəbəkələrdə ən çox tənqid olunan hakimiyyət təmsilçisinə çevrildi. Səbəb pandemiya ilə mübarizə üçün ayrılan xəstəxanaların bəzilərində həkimlərin ağır xəstələrin yerləşdirilməsi üçün külli miqdarda rüşvət alması, bir çox xəstələrin xəstəxanalara yerləşdirilməməsi, dərman və həkimlərlə təmin edilməməsi, vaksinasiya prosesində saxtakarlıq hallarının müşahidə olunması idi. Eyni zamanda pandemiya xəstələri üçün dövlətin aldığı dərmanlarin apteklərdə peyda olması, test nümunələri götürülən xəstələrin cavablarının yubanması, təcili yardım xidmətinin işində problemlər TƏBİB sədrinin sürətlə gözdən düşməsinə səbəb oldu.

Eyni uğursuzluqlar Anar Kərimovla da bağlı baş verdi. Belə ki, onun dövlət əhəmiyyətli tədbirlərin təşkilində (“Xarı bülbül” festivalı, Yaylaq festivalı) səriştəsiz olduğu, nəinki mədəniyyət sahəsinin problemlərinə bələd olmadığı, hətta bir çox məşhur simaları tanımadığı üzə çıxdı. Eyni zamanda Anar Kərimovun Mədəniyyət Nazirliyi və ona tabe qurumlarda apardığı kadr islahatlarının yanlış və qərəzli olduğu, nazirin xırda intriqalar səviyyəsinə endiyi, tez-tez müxtəlif qalmaqalların mərkəzinə düşdüyü də hər kəsin yadındadır və bütün bunlar sözsüz ki, mətbuatda, sosial şəbəkələrdə geniş işıqlandırılır, nazirin nüfuzuna ciddi xələl gətirirdi.

“Yenilər”in “vurulması”nda ciddi rol oynayan faktorlardan bir də onların da qısa müddət ərzində qanunsuz yollara baş vurması, rüşvət və korrupsiyaya bulaşması idi. Biz artıq yuxarıda Cəlilabadın icra başçısının vəzifəsindən uzaqlaşdırılmasından bir gün qabaq hüquq-mühafizə orqanlarının bu rayonda əməliyyat keçirdiyini qeyd etdik. Yəqin, Gömrük Komitəsində MTN-in həyata keçirdiyi əməliyyatlar da hər kəsin yadındadır. Məhz bu əməliyyatlar “yenilər”dən sayılan Səfər Mehdiyevin karyerasına son qoydu. Anar Kərimovla da bağlı eyni fikirləri səsləndirmək olar. Şübhəsiz ki, onun vəzifədən uzaqlaşdırılmasında MTN-in bu qurumda əməliyyat həyata keçirməsi, müavininin saxlanılması da həlledici rol oynadı.

Beləliklə, baş verənlər onu göstərir ki, artıq məmur-oliqarxlıq epoxası geridə qalıb. Eyni vaxtda həm yüksək vəzifə tutmaq, həm də bu vəzifənin imkanlarından yararlanıb geniş biznes şəbəkəsi yaratmaq, yaxud korrupsiya yolu ilə dövlət vəsaitlərini mənimsəmək, rüşvət üçün vətəndaşın cibinə girmək mümkün deyil. Son illər MTN-in istər rayon icra hakimiyyətlərində, istərsə də Bakıda müxtəlif nazirlik və dövlət komitələrində həyata keçirdiyi əməliyyatlar, aparılan araşdırmalardan sonra bir sıra vəzifəli şəxslərin işdən çıxarılması və həbsi də bunu təsdiq edir. Bir sözlə, dövlət vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olunur və bu vəsaitlərə əl uzadanlar dərhal vəzifədən uzaqlaşdırılırlar. Söhbət əlbəttə, 5-10 manatdan deyil, yüz minlər, milyonlardan gedir…

Baku Post

Həmçinin oxuyun

Samir Adıgözəlli Rusiyadan deport edildi- Video

Dünən Rusiyanın paytaxtı Moskva şəhərindəki “Şeremetevo” hava limanında saxlanılan İSBAM sədri Samir Adıgözəlli Rusiyadan deoprt …