Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / AMİP-in həsrət qoyulduğu bir deputat mandatı dövlətimizi nələrdən məhrum edir?

AMİP-in həsrət qoyulduğu bir deputat mandatı dövlətimizi nələrdən məhrum edir?

Azərbaycanın lobbiçilik siyasətində özünün-özünə necə ziyan vurduğuna dair bir misalı göstərmək istəyirəm. Avropa Birliyinə üz olan ölkələrin deputatlarından formalaşan Avropa Xalq Partiyası (AXP) adlı bir İttifaq var.

Həmin İttifaq Avroparlamentin ən güclü fraksiyalarından sayılır. Ermənilər sözügedən İttifaqla yaxından əməkdaşlıq edir və həmin təsisatda iki partiya ilə təmsil olunurlar.

Qaydalara görə İttifaqa sağ-mərkəzçi siyasi oriyentasiyalı partiyalar üzv ola bilir. Ermənistanın İttifaqla yaxından əməkdaşlığı hesabına AXP tez-tez ermənilərin mövqeyinə yaxın bəyanatlar verir.

Bunlardan birinə sərhədimizdəki son lokal toqquşma zamanı rast gəldik. Sual oluna bilər: Azərbaycan həmin qurumla niyə əməkdaşlıq etmir? İş burasındadır ki, edir, amma…

Amması budur ki, İttifaqla 12 ildir yaxından əməkdaşlıq edən , Azərbaycanın ilk qeydiyyatdan keçən siyasi partiyası olan AMİP daxilimizdə yaradılan süni əngəllər səbəbindən həmin nüfuzlu İttifaqa üzv qəbul edilmir.

İş burasındadır ki, İttifaqın nizamnaməsinə görə, AXP-yə üz olmaq üçün partiya öz ölkəsinin parlamentində ən azı bir deputatla təmsil olunmalıdır. Bildiyiniz kimi, AMİP uzun illərdi mandat üzünə həsrət qoyulub.

Azərbaycanda parlamentin necə formalaşdığını hamı gözəl bilir. Heç də bütün mandatların taleyini ədalətli seçki həll etmir. Onda isə parlamentdə müxalifətin olması imitasiyası məqsədilə mandat verilən partiyalardan birinin yerinə AMİP-ə bir mandat verilsəydi, dünya dağılardı?

Başa düşürük, Etibar Məmmədov aktiv siyasəti buraxıb “Həyat Regency” otelində müntəzəm idmanla məşğul olur. Hətta tikinti biznesində qərar tutmasına baxmayaraq, onun siyasətçi kimi harizmaslndan ehtiyat edilib.

Heç olmasa, hər dəfə həvəslə deputatlığa namizədliyini irəli sürən AMİP-çilər: Elşən Mustafayevi və ya Əli Orucova bir mandat verib, klassik partiyanın AXP-də ölkəmizin lobbiçiliyini aparmasına maneçilik törətməyərdiniz.

Ümid edək ki, qarşıdakı parlament seçkilərində deyilən amilin hesabına AMİP-ə azı bir mandatı əldə etməyə maneçilik törədilməyəcək. Adını konstruktiv müxalifət belə qoya bilərsiniz. Təki bir mandatı almağa mane olmayın ki, təcrübəli bir partiya beynəlxalq lobbiçiliyimizə öz töhfəsini verə bilsin.

Dəyərli səlahiyyət sahibləri, bilin ki, Dövlətin pulunu xərcləyib, daha çox qardaş Türkiyədə Azərbaycan hıqiqətlərini təbliğ etməklə lobbiçilik olmur…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …