Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında qiymətlərin 150 manata qaldırılması söz-söhbətə səbəb olub.
“Yeni
Müsavat”ın verdiyi məlumata görə, xüsusən tələbələrin sosial mediada
etirazlarını bildirməsi səs-küy yaradıb. Onlar bu məbləğin tələbənin
imkanları xaricində olduğunu qeyd edirlər. Çünki akademiyanın
kitabxanasına gələn tələbələr heç də varlı ailələrin övladları,
avtomobillə universitetə gedənlər deyil, əksəriyyəti əyalətlərdən
paytaxta oxumağa təşrif buyuranlar, şəhərdə kirayə evlərdə
yaşayanlardır. Onların isə gündəlik xərcləri, ehtiyacları o qədər çoxdur
ki, ayda 100-150 manat da kitabxanaya xərcləmək ağır yükdür.
Tibb
Universitetinin tələbəsi Gülzar Qamboyzadənin sözlərinə görə, onlar
oxumaq üçün şəraitin azlığından əziyyət çəkirlər: “Əvvəllər illik
ödənişi 5 manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu
yaxınlarda isə 150 manata qaldırıb. İndi aylıq ödəniş 15 manat olub.
Həmçinin əvvəl aylıq ödənişə 27 iş günü daxil idi, indi isə bunu 20 günə
endiriblər. Sadəcə, oturub dərs oxumaq üçün 20 günə 15 manat
ödəməliyik, bu isə tələbələr üçün kifayət qədər böyük məbləğdir”.
Bu
məsələnin sosial şəbəkələrdə daha çox müzakirə edildiyi bir vaxtda
AMEA-nın Elmi Kitabxanasının direktoru Leyla İmanova vəzifəsindən azad
edilib. Bəzi saytlar onun işdən çıxarılmasını məhz qiymətlərin
bahalaşması ilə əlaqələndirirlər. Ancaq onun vəzifədən çıxarılmasından
sonra da kitabxanada tariflər dəyişməyib.
Sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti 5 manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi.
Həmin
vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin
gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi.
İndi
isə AMEA qiymətin 150 manata qalxmasını belə əsaslandırır ki, çox da
böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının
gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.
Üstəgəl, AMEA belə izah edir ki, gündəlik kitabxanadan istifadə xərci ictimai nəqliyyatdakı xərclə eynilik təşkil edir.
Sitat:
“Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq
və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN
ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu
əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən
uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma
xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır.
Belə
ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən
0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin
ödənişi təxminən eynidir”.
Təhsil
Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov isə bu
qərarla razılaşmır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda
kitabxanalardan istifadə heç 1 faiz deyil.
K.Əsədov
tələbələrin cəmi 10 faizinin kitabxanadan istifadə etdiyini söyləyir.
Təhsil eksperti hesab edir ki, məbləğin 150 manata çatdırılması absurd
addımdır: “Azərbaycanda 54 universitetin kitabxanaları, habelə, Mərkəzi
Kitabxana var. Ölkədə bakalavr və magistr təhsili alanlar 165 min
nəfərdir, kolleclərdə 24 min tələbə var. Onların cəmi 10 faizi
kitabxanadan istifadə edir”.
K.Əsədovun
fikrincə, biz cəmiyyət olaraq onsuz da kitabxanadan uzaqlaşmışıq: “Belə
bir qərar verilməsi kitabxanadan daha da uzaqlaşmağımıza gətirib
çıxaracaq. Halbuki onlayn şəkildə kitab almaq, kompüterə endirib oxumaq
olur. Məsələn, Amerikada, hətta Afrikada bu xidmətlər daha yaxşı təşkil
edilib. Azərbaycanda isə onlayn kitabxana bir yana, heç Mərkəzi
Kitabxanada kitablar yoxdur. Və olanlar ya yararsızdır, ya da 33 faizini
köçürməyə icazə verilir”.
K.Əsədovun
sözlərinə görə, kitabxana işçisinin maaşı tələbənin təqaüdündən 3 dəfə
artıqdır: “Kitabxana işçiləri büdcədən maaş alır, bu mərkəzlərin
saxlanma xərcləri, bazası dövlətdən maliyyələşir. Yalnız o halda
kitabxana xidməti ödənişli ola bilər ki, hansısa nadir mənbə var,
məsələn, Romadan, Londondan və yaxud Drezdendən gətiriblər.
Ancaq
bizim kitabxanalarda hansısa nadir tapıntılar da yoxdur. Bu mənada
qiymətin qaldırılması təhsilin əlçatımlılığına əngəl olacaq.
Ümumiyyətlə, kitabxana pulsuz xidmət göstərən mərkəzdir”.
Ekspert
universitetlərin tələbələri kitabxana ilə təmin etməyə borclu olduğunu
da yada saldı: “Bu necə ali məktəbdir ki, tələbəsi akademiyanın
kitabxanasına gedir? Mən Türkiyənin ucqar Şırnak, Hakkari, Mardin, Şanlı
Urfa kimi əyalətlərindəki universitetlərin kitabxanalarını görmüşəm.
Eyni
zamanda Adıyaman, Tokat, Diyarbakır kitabxanalarına baxın, adam dəhşətə
gəlir. Bizdə isə büdcə vəsaiti hesabına çap olunan kitabları pulla
verirlər. Digər tərəfdən, tələbə həm nəqliyyata pul xərcləyib
kitabxanaya gedəcək, həm də kitabxanaya ödəniş edəcək. Bu da təhsilin
inkişafına, kadr yetişdirilməsinə əngəldir.
Ona
görə də həmin məbləğ ya dəfələrlə azaldılmalı, ya da ləğv olunmalıdır.
Hətta deyərdim ki, bu gün akademiyada yeməkxana qiymətləri kitabxanadan
daha ucuzdur”.
Həmçinin oxuyun
Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …