Şənbə , Dekabr 3 2022
Ana səhifə / Manşet / Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır

Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır

Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar.
Bu barədə bina sakinləri Azinforum.az-a şikayətində bildiriblər. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi isə 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 40-50 sakin hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.

“Etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq istədik”

Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq qərarına gəliblər. Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib. Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib.

“Şikayət etmədiyimiz yer qalmayıb”

Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib. Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Hətta prezident administrasiyasına da məktub ünvanlanıb. Ancaq hələlik müraciətlər cavabsız qalıb. Şikayətçilər bildirir ki, şirkətin rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. Onun oğlu, şirkətin təsisçilərindən olan Aqşin Bədəlov isə evlərində yaşamaq istəyən sakinlərin şikayətinə “pulumuz yoxdur, tikə bilmirik” deyib. Hətta o, sakinlərə “hara desəniz şikayət edin” deyə, cavab verib. Onu da qeyd edək ki, məlumata görə, həmin şirkətin 4 təsisçisi məhz Bədəlovlar ailəsinin üzvləridir. Digər ortaq isə Əliyev Əziz Eyyub oğludur. Bir neçə gün əvvəl də bina sakinləri tikintinin qarşısına toplaşaraq, etiraz etmək istəyiblər. Lakin şirkət direktoru onlarla görüşə gəlməyib. Bir sözlə, “Era Tower” yaşayış binası sakinlərinin haqqı yeyilməkdə davam edir.

İllərdir öz halal mənzillərində yaşamağı gözləyən şikayətçilər problemlərinin tezliklə həll olunacağını və evlərin onlara təhvil veriləcəyi günü gözləyirlər.

Həmçinin oxuyun

27 ildə Naxçıvanda tətbiq edilmiş qeyri-adi “qayda-qanunlar

Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində …