Ana səhifə / Köşə Yazarları / Adi hava almaqla bağlı sosial bərabərsizlik mənzərəsi yaradan pullu vətəndaşlar…

Adi hava almaqla bağlı sosial bərabərsizlik mənzərəsi yaradan pullu vətəndaşlar…

Pandemiyanın dünyada yaratdığı başlıca fəsadlardan biri də bilirsiniz nədir? Varlıların ifrat varlanması, kasıbların isə daha da kasıblaması. Artıq bunu sübut edən konkret rəqəmlər var. Sərvəti milyardlarla ölçülən bəzi tanınmış iş admalarının varidadı qısa müddət ərzində elə milyardlar həcmində artıb. Bu vəzyyət əsasən elektron ticarətin artmasını stimullaşdırdığı üçün, bizim ölkə üçün o qədər də xarakterik deyil.

Birincisi, bizdə leqal yolla varlanan iş adamları azdır, həm də deyilən sahə ölkəmizdə o qədər də inkişaf etməyib. Ancaq Pandemiya dönəmi ölkəmizdə başqa bir acı reallıqları ortaya qoyub. Xüsusilə də bu özünü karatin rejiminin bu həftəsonu daha da sərtləşməsində aydın göstərdi. Bildiyiniz kimi, paytaxt Bakı daxil olmaqla, ölkənin bir neçə iri şəhərində tətbiq edilən qaydalara görə, əhaliyyə yaşayış yerilərindən çölə çıxmaq qadağası qoyulub.

Eyni zamanda, bütün ticarət, ictimai iaşə mərkəzləri bağlıdır. İki günlük müşahidələr göstərir ki, paytaxt sakinləri qoyulan qaydalara maksimum riayət etməyə çalışır. Sosial şəbəkələrdə bir-iki qayda pozuntusunun olması ilə bağlı paylaşılan videolara da təbii yanaşmaq lazımdır. Çünki əhalisinin sayı 3 milyon olan şəhərdə barmaqla sayılacaq qayda pozuntuları ola bilər. Bəllidir ki, sərt həftəsonu qadağaların isti yay aylarında tətbiq edilməsi vətəndaşlarımız üçün bir qədər də ağır keçir. Çünki belə isti havalarda insanlar çöldə olmağa, təbiət qoynunda gəzməyə daha üstünlük verir.

Onu da qəbul etməliyik ki, belə dönəmdə evdə oturmaq hər adam üçün də asan deyil. Geniş mənzildə və ya dekorativ ağaclarla bəzədilən bağ evində bunu asan yola vermək olur. Amma ağır həyat şəraitində, darısqal mənzillərdə 8-10 nəfərlə bir otağa qısılmış ailələr üçün qadağalara riayət etmək olduqca çətindir. Sağ olsunlar ki, maksimum tərzdə dövlətin müəyyənləşdirdiyi tələblərə riayət edirlər.

Bunun fonunda nə baş verir? Bir balaca imkanı olan ailələrin çoxu 5-ci gündən paytaxtı tərk edib, özlərini veriblər əyalətlərdəki istirahət mərkəzlərinə və ya ordakı bağ evlərinə. Rayonlarda karantin qaydalarının olmaması qəribə mənzərə yaradır. Həmin imkanlı şəxslər qadağaların hakim olduğu iki günü təbiət qoynunda gözəl istirahət edib, birinci gün səhər tezdən oturacaqlar bahalı və komfortlu maşınlarına iki saatdan sonra olacaqlar Bakıdakı işlərinin başında.

Sizi əmin edirəm ki, gələn həftəsonu eyni qadağalar tətbiq edilərsə, paytaxtı tərk edib, əyalətlərə kefə gedənlərin sayı daha da artacaq. Aşağıda Bakının Şamaxı istiqamətində çıxışında 5-ci gün axşam çəkilən videonu yerləşdirəcəm. Qoy əlaqədar qurumlar baxsın və qiymət versinlər görək, əhali belə kütləvi halda niyə Bakını tərk edir? Niyə bununla bağlı ciddi tədbir görülmür?

Əlaqədar qurumlardan, xüsusilə də hüquq-mühafizə orqanları rayonlarda olan otel və istirahət mərkəzlərində reydlər keçirsinlər. Həmin yerlər hazırda ağzına kimi paytaxt qeydiyyatında olan imkanlı adamlar, məmur ailələri ilə doludur. Hətta bir çoxları həmin səfalı güşələrdən fotolar, videolar çəkdirib, sosial şəbəkələrdə paylaşmaqla dörd divar arasına sıxılmağa məcbur olan bizim kimi kasıblara acıq da verirlər.

Mən başa düşə bilmirəm, bəyəm. müəyyən olunmuş qadağalar ancaq kasıblar üçündür? Biz dövlət səviyyəsində virusla mübarizə aparırıqsa, belə boşluqları niyə buraxmalıyıq? Paytaxtla əyalətlər arasında gediş-gəlişə qanunda məhdudiyyət qoyulubsa, “karantin məzuniyyətini” evdə yox, gözəl təbiət qoynunda keçirənlərə hansı adı vermək olar? Hətta adi havanın udulması ilə bağlı yaranan bu sosial bərabərsilzik bizim üçün yaxşı nəsə vəd etmir.

Bu cür kobud qanun pozuntuları üçün şərait yaradan amillərin hamısı aradan qaldırılmalıdır. Bəlkə bununla da şəxsən Prezident mübarizə aparmalıdır? Sabah səhərdən paytaxtın girişində əyalətlərdən qayıdan avtomobillərin hamısı ciddi yoxlanılsa və qayadanı pozanlarla bağlı sərt ölçü götürülsə bu sahədə nizam-intizam yarada bilərik. Yoxsa gələn həftəsonu biz daha acınacaqlı vəziyyətlə üzləşməli olacayıq.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Samuxdakı fermerlər məmurların əlindən imdad diləyir – “Batırıq…” + VİDEO

Samux rayon Ağasbəyli kəndində fermer fəaliyyəti ilə məşğul olan Anar Qəribov adlı vətəndaş Azinforum.az saytına …