Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Abbas Abbasovun “hərcayi mühacirlər qrupu”na pul tökməsi iki məqsədlə bağlı ola bilər

Abbas Abbasovun “hərcayi mühacirlər qrupu”na pul tökməsi iki məqsədlə bağlı ola bilər

Sabiq məmurun planlarının hələ açılmayan maddələri barədə iddialar var, yeni araşdırmalar başlayır…

İstənilən ölkə üçün onun daxilində keçirilən seçkilər həssas dönəm sayılır. Çünki ölkələrin xeyrinə olmayan məkrli planların işlənib hazırlanması və onların reallaşması üçün ən uyğun zaman məhz seçki dönəmidir. Bu periodda siyasi fəallıq artır, bütün diqqətlər siyasi proseslərə fokslanmış olur. Adətən bənzər situasiyadan faydalanmaq ölkələrin daxilində olan leqal müxalifət üçün də optimaldır.

Müxalifətin qanuni vasitələrlə hakimiyyətə gəlmək istəməsi və bunun üçün məhz seçkilərin keçirildiyi dönəmdə aktivlik çabaları normal və qanunauyğun sayılır. Ancaq ölkənin daxilində hakimiyyətə təsir etmək resurslarından tam məhrum olan bəzi dövlətlər və şəxslərdən ibarət təzyiq qrupları hər dəfə “baş sındırıb” yeni ssenarilər kəşf etmiş olurlar. Ecazkar ssenari həvəskarları ilə bağlı xatırlatdığımız məqamı ümumi politoloji nəzəriyyənin müddəalarına deyil, konkret olaraq Azərbaycana aid etmək istərdik. Ancaq ölkəmizlə bağlı nəzərdə tutulan istənilən məkrli planın ömrü cəmi 40 gün çəkir. Müdrik atalar misalında xatırladılan məna öz yerini tutmuş olur. Azərbaycanda hakimiyyətdə təmsil olunan, lakin sonradan ona qarşı çıxan məmurlara çox rast gəlmişik. Onlarla bağlı götürülən ölçülər və onların acı taleləri də göz qabağındadır. Çox acınacaqlı haldır ki, bunu görən bəzi sabiq məmurlar həyatın ironiyasından dərs çıxarmaq əvəzinə, bataqlıqda çabalayanların yolunu getməyə üstünlük verirlər. Bu tip adamları nisbətən cəzbedici edən onların hakimiyyətdə işlədiyi dönəmdə vəzifəsindən sui-istifadə edərək oğurladığı sərvət və qazandığı əlaqələri olur. Təbiidir ki, məhz bu cür əməllərin yiyəsi olan məmurların heç də hamısı məsuliyyətdən yaxa qurtara bilməyib. Ancaq hiyləgərlik işlədərək aradan çıxanlar və sonra hakimiyyət hərisliyi ilə alışıb yanan və bu istəyi gizlədə bilməyənlər də az deyil. Onlar elə bilirlər ki, pərdə arxasında durub hansısa dərin prosesləri yönəldə bilərlər. Yəni üzdə hakimiyyətlə dost kimi imitasiya edib, arxada isə onun əleyhinə pis işlər çevirməyi bacararlar.

Azərbaycanda son prezident seçkiləri 5 il bundan əvvəl, yəni 2013-cü ilə təsadüf edib. Həmin zaman da seçkinin şəksiz favoriti İlham Əliyev sayılırdı. Onun xalq arasındakı reytinqi iddiasını ortaya qoya biləcək digər şəxslərdən çox güclü idi. Ancaq ölkədə hakimiyyətin dəyişməsində maraqlı olan sabiq məmur dönüklərdən biri guya özünü ağıllı sayıb, ortaya bir proje atıb və onun başında dayandı. Hesablaması da bundan ibarət idi ki, həmin həssas məqamda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər gərgin idi və yaranmış situasiyadan istifadə etməyin əsl zamanıdır. Yəqin bildiniz ki, söhbət 2013-cü ildə “Milyarderlər ittifaqı” yaradaraq hakimiyyətə qarşı məkrli planda yer alan baş nazirin sabiq birinci müavini Abbas Abbasovdan gedir. Hakimiyyətdən xətir-hörmətlə ayrılan, hətta ən ali dövlət mükafatlarına layiq görülən Abbas Abbasov Rusiyada yaşamağa üstünlük vermişdi. Həmin müddətdə onun Aydın Abbasov adlı oğlu isə Milli Məclisin deputatı idi. Yəni hakimiyyətlə bağlarını tam qırmayan bu adam 2013-cü ildə birdən-birə Azərbaycanda hakimiyyəti dəyişmək kimi bir layihəyə rəhbərlik etməyə başladı. Hətta bizim ölkənin daxilində olan və özlərini milli sayan müxalifəti belə “Rusiya Azərbaycanda hakimiyyəti dəyişməkdə maraqlıdır” kimi bir şüarla aldada bilən Abbas Abbasov Bakıda “Milli Şura” adlı bir qurum da təsis etməyi bacardı. Nəticəsi isə onun gözlədiyi kimi olmadı. Seçki ərəfəsində Rusiya prezidenti Azərbaycana səfər etdi və ölkələrimiz arasında münasibətlərin çox normal olduğuna dair açıq mesaj verdi. Abbas Abbasov yanıldığının və ya kimlərsə tərəfindən ahıl yaşında oynadıldığının fərqinə varandan sonra Azərbaycan hakimiyyətinin əl-ayağına düşüb əfv olunmağı xahiş etdi. Mətbuatda çıxışlar etdi, hətta uzun cəhdlərdən sonra Bakıya gəlib “başını əlhət daşına” belə vurmalı oldu. Sonra Rusiyanın özündə ona qarşı münasibətin dəyişildiyi nəzərə çarpmağa başladı. Hətta onu təmsil olunduğu diaspor təşkilatından belə biabırçı şəkildə çıxardılar. Bir müddət daşdan səs çıxdı, amma Abbasovdan səs çıxmadı. O, siyasi proseslərdən tam kənarlaşan adam təsirini bağışladı. Ancaq görünür ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkiləri yenidən Abbas Abbasovu qaşındırmağa başlayıb. Məlum olub ki, bir neçə müddətdir Avropada məskunlaşmış və Azərbaycan hakimiyyəti haqda ən iyrənc formada antitəbliğat aparan söyüşcül mühacirlərin arxasında məhz Abbas Abbasov durur. Belə bir iddia ilə cəmiyyətdə kifayət qədər normal reputasiyaya malik olan bir jurnalist çıxış edib. Mətbuat Şurası İdarə Heyətinin üzvü olan, tanınmış jurnalist Müşfiq Ələsgərlinin yazısından bir sitata diqqət edək: “Əslində, əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumata əsasən deyə bilərik ki, bu prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan “Milyarderlər ittifaqı”nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. “İstiqlal” ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız və xain projenin “generalı” olduğuna dair faktlar var ortada. Abbasovun özünə yaxın şəxslər vasitəsilə “keçmişlərlə” sıx əlaqə yaratdığı və onların əli ilə Prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirilir”.

Hər halda, bu məlumatın ciddiliyinə dair heç bir şübhə ola bilməz. Məntiqlə 2013-cü ildəki “milyarderlər taktikasının” fiaskoya uğraması ona əməlli-başlı dərs verməli və sonrakı planlardan çəkindirməli idi. Ancaq yenə tərsinə oldu, Abbas Abbasov köhnə yolunu tutmaqda davam etdi… Bəs onda sual olunur: bu cür yeni oyunları ilə Abbas Abbasov nəyə nail olmaq istəyir?

Heç şübhəsiz ki, Abbas Abbasovun xaricdəki “hərcayi mühacirləri” öz niyyətləri ətrafında muzdla toparlaması səbəbsiz və hədəfsiz deyil. Təbii ki, o bu yola milyonlar tökür. Çünki ortada əməlli məbləğdə “şirə” olmasa, “hərcayi mühacirlər qrupu” Azərbaycana qarşı söyüşün birini bir qəpiyə çevirməzlər. Abbas Abbasovu yaxşı tanıdığını və bu gün Rusiyadakı əlaqələrinə də yaxşı bələd olduğunu deyən məlumatlı oxucularımızdan biri onun planlarının pərdəarxası barədə redaksiyamıza yeni materiallar təqdim etmək üçün araşdırmalar aparacağını bildirdi və hələlik də bunları söylədi: “A.Abbasovun “hərcayi mühacirlər qrupu”na pul tökməsi iki məqsədlə bağlı ola bilər. Birinci, bununla Azərbaycan hakimiyyətindən və bəzi məmurlardan hayıf çıxır. İkincisi, A.Abbasov Rusiyada müəyyən dairələrin gələcəkdə Azərbaycanla bağlı bəzi məkrli planlarının ola biləcəyini istisna etmir, həmin planların əsas fiquru kimi özünü hazırlayır, ümidlərini itirmir, Rusiyanın hakim dairələrinə “mən hələ də Azərbaycandakı dayaqlarımı itirməmişəm, hətta Avropa və Amerikadakı diaspor da əlimdədir” kimi şirnikləndirici mesajlar verir…

Başqa sözlə desək, Abbas Abbasov bu gün işlətdiyi taktika ilə özünü Rusiya hakimiyyətindəki müəyyən qüvvələrə yenidən satmaq üçün şərait hazırlayır. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …