Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / General Əfqan Nağıyevə etiraz edənlərin Ziya Bünyatov nümunəsindən xəbərləri varmı?

General Əfqan Nağıyevə etiraz edənlərin Ziya Bünyatov nümunəsindən xəbərləri varmı?

Dünəndən Prezidentin imzası ilə hərbçilərimizə verilən fəxri adlarla bağlı gedən müzakirələri izləyirəm. Diqqətimi general-leytenant Əfqan Nağıyevin təltif olunması ilə bağlı edilən bəzi etirazlar çəkdi.

Həmin adamların məntiqi budur ki, bu general bir müddət əvvəl həbs edilmişdisə, necə qəhrəman ola bilər? Çox bəsit yanaşmadır. Əvvəl bunun hüquqi izahını verim. Şəxsin saxlanılması onun cinayətkar olduğuna dəlalət etmir.

Təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Orda deyilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kiməsə cinayətkar demək olmaz.

Əfqan paşa ilə bağlı belə bir məhkəmə hökmü olmayıb. Saxlanılıb, sonra onunla bağlı cinayət işinə bəraətedici əsaslarla xitam verilib. Məsələnin hüqiqi aspektindən Əfqan bəy tər-təmizdir.

Bir faktı da qeyd edim ki, Əfqan Nağıyev həbs ediləndə burada gördüyünüz birinci şəkili qoyub, post paylaşmışdım. Yazmışdım ki, bu duruşu ilə o, əsl general və günahsiz olduğunu sübut etmiş oldu.

Üstündən xeyli vaxt keçdiyi üçün həmin postu axtarıb tapmağa zamanın yoxdu. Kim inanmırsa səhifəmə göz gəzdirib, tanış ola bilər.

Sevinirəm ki, verdiyim proqnoz özünü tam doğrultdu. Mən Sərhəd Qoşunlarında hərbi xidmət keçmişəm. General Əfqan Nağıyevlə bağlı məlumatım və qiyabi tanışlığım o vaxtdan var. Onu hamı təmiz və vicdanlı zabit kimi tanıyırdı.

İndi gəlirəm məsələnin sırf hərbi aspektinə. Tam əminəm ki, generalın təltifinə etiraz, edənlərin hərb tarixlərindən yaxşı məlumatları yoxdur. Lap götürək ki, Əfqan Nağıyev və ya başqası ən ağır cinayət edib, həbsə salınıb.

Müharibə vəziyyəti elə tələb edib ki, onu azad edib, cərimə batalyonun tərkibində göndəriblər müharibəyə və həmin adam orada xüsusi rəşadət və qəhrəmanlıq göstərib.

Belə nümunələr istənilən müharibələrdə çox olub. İndi adam həbsxanadan çıxıb deyə, onu hansısa ordenlə təltif etməməlidirlər?

Heç bilirsiniz mərhum akademik Ziya Bünyatov 1941-45 ci il müharibəsində ən ali təltif sayılan Sovet İttifaqı Qəhrəmanı adını necə alıb? Məhz, cərimə batalyonunda xidmət edərək. Bu qədər…

Hadrut və Füzuli istiqamətində gedən döyüşlərdə xüsisi qəhrəmanlıq göstərən general Əfqan Nağıyevi ürəkdən təbrik edirəm.

Görürsünüzmü, hətta səhv həbs edilməsi belə bu generalın qəlbində olan vətən sevgisini azalda bilməyib, əksinə daha da artırıb. General son addımları ilə bunu tam sübut etmiş oldu.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …