Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / 2 saylı “zon” da kütləvi davaya əslində nə səbəb olub?

2 saylı “zon” da kütləvi davaya əslində nə səbəb olub?

Bir sıra KİV-lərdə Bakının Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində dustaqlar arasında kütləvi davanın düşməsi barədə məlumat yayılıb. Bildirilir ki, dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara dərhal münasibət bildirib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: “2 saylı Cəzaçəkmə Müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında məişət zəminində münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar əsassızdır”.

Göründüyü kimi, rəsmi qurum tərəfindən də davanın olduğu təsdiqlənir, amma motivi barədə  heç bir açıqlama verilmir. Bu yaxınlarda 2 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılan, lakin adının çəkilməsini istəməyən məhkumlardan biri bizimlə söhbətində adları davada çəkilən şəxsləri kriminal aləmin qanunları ilə yaşamağa meylli olan şəxslər kimi xarakterizə edib. Onun sözlərinə görə, bu, vaxtilə yığılıb qalmış kriminal münasibətlərin aydınlaşdırılması fonunda baş verə bilər: “Sadəcə, hazırkı məqamda belə münasibətləri aydınlaşdırmaq üçün münbit şərait yetişib. Çünki müəssisənin köhnə rəisi, polkovnik Fikrət Qafarov  mart ayının əvvəlində 10 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin edilib. Onun vaxtında “zon”da nizam-intizam yüksək səviyyədə olub. Kriminala meylli insanlar isə, ümumiyyətlə, səslərini çıxara bilmirdilər. Görünür, yeni rəisin vəziyyəti tam öyrənməsindən istifadə edib, belə kütləvi dava salıblar”.

Qeyd edək ki, Fikrət Qafarov Penitensiar Xidmətin ən təcrübəli və kriminal aləmə qarşı barışmaz mövqe tutan rəislərindən sayılır. Azərbaycanda kriminal meyllərin, “obşaq qanunları”nın cücərmək istədiyi bütün cəzaçəkmə müəssisələrinin nizama salınmasında həmin rəisin böyük xidmətləri olub. Hətta onun barəsində krimianl aləmdə belə əfsanələr dolaşır. Deyirlər ki, daim  kriminal qanunlarla idarə olunan, “qara zon” adını daşıyan 1 saylı Cəzaçəkmə Müəssisəsində “obşaq” qurumunu ləğv etmək kimi cəsarətə o sahib olub. Yəqin ki, onun ab-havasının yoxluğunu görən bəzi kriminal elementlər baş qaldırmaq istəyib ki, 2 saylı “zon” da belə dava meydana çıxıb. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …