Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Əli Kərimlini hansı yüksək çinli məmurlar maliyyələşdirib… – Sensasion faktlar

Əli Kərimlini hansı yüksək çinli məmurlar maliyyələşdirib… – Sensasion faktlar

Azərbaycan siyasi palitrasının müxalif düşərgəsində siyasi fəaliyyətinin rəngarəngliyilə fərqlənən fiqurlardan biri, bəlkə də birincisi AXCP sədri Əli Kərimlidi. Bəzilərindən fərqli olaraq, mən onu heç də yarıtmaz, iş bacarmaz siyasi persona olaraq görmürəm. Əksinə, Əli Kərimli qarşısına qoyduğu məqsədlərin reallaşdırılması yolunda sonacan gedən adamdı. Amma əfsuslar olsun ki, onun bu prinsipiallığı, mübarizliyi ümummilli dəyərlər və dövlətçilik mənafeyi baxımından təhlükəli olmaqla yanaşı, yalnız özünün korporativ maraqlarına xidmət edir.

Lazım olduğunda kübar və aristokrat görüntüsü yaradan bu siyasi persona, əslində, olduqca məkrli, heç bir zaman kinindən vaz keçməyən, kobud və qaba adamdı. Yəni, konkret olaraq, eqosu yüksək, Azərbaycan mənəvi dəyərlərinə yad olan kosmopolit və marijinal siyasi tipdi Əli Kərimli. Çox əfsuslar olsun ki, onun bu kimi mənfi keyfiyyətləri iqtidar komandası tərəfindən zamanında sezilməmiş, yalnız müsbət görünən tərəfləri əsas götürülərək, digər müxalif siyasi fiqurlardan fərqləndirilmiş, bəslənmiş və gələcək üçün bir siyasi monstr hazırladıqlarının fərqində belə olmamışlar.
Bu günkü Əli Kərimlini tanımaq, onun siyasi bağlarını müəyyən etmək üçün keçmişinə siyasi ekskurs vacib şərtdir. Onun hələ tələbəlik illərindən SSRİ KQB-si tərəfindən “verbovka” olunması iddiası həmişə gündəm mövzusu olub. Ortada dəqiq faktlar olmasa da, belə inandırıcı iddialar var ki, universitetdə fakültə komsomol komitəsinin katibi olduğu vaxtlar getdikcə yüksələn tələbə hərəkatının içərisinə salınmış, “Yurd” adlı təşkilat qurmasına şərait yaradılmış və sonradan bu təşkilatın bütövlükdə Azərbaycan Xalq Cəbhəsinə (AXC) transfer olunmasına nail olunmuşdur. Beləliklə, hakimiyyət dəyişikliyi labüd olduğu təqdirdə köhnə qvardiya yeni iqtidar komandasında öz “yaçeykası”na malik olacaqdı. Əli Kərimlinin sonrakı siyasi fəaliyyəti bütün bu iddiaların doğruluq və inandırıcılıq payını xeyli artırır.
Mərhum Heydər Əliyevin ötən əsrin 90-cı illərində ikinci dəfə hakimiyyət olimpinə qayıdışından sonra mövcud kriminogen şərait və siyasi dağınıqlıq tələb edirdi ki, müxalif partiyalar içərisində radikallıqdan uzaq qüvvələr əməkdaşlığa cəlb olunsun. Bu, hakimiyyətin qorunub saxlanması və siyasi sabitliyin möhkəmlənməsi baxımından “olmazsa olmaz” şərtlərdən idi. Belə bir durumda Əli Kərimli yada düşür.

Dəqiq faktdır ki, o zaman AXC sədrinin müavini postunu tutan Əli Kərimlinin hakimiyyətlə əməkdaşlığa cəlb olunması təklifi sonradan ölkə idarəçiliyində mühüm rol oynayan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev tərəfindən səsləndirilib. O qədər də uzaq olmayan keçmişdə baş vermiş bu hadisəni siyasətin içərisində olan çox adam bilir. Bu səbəbdən detallara varmaq istəmirəm. Sadəcə, qısaca olaraq, qeyd etmək istəyirəm ki, Kərimlinin həmin tarixdən etibarən hakimiyyətlə gizli (əslində açıq) əlaqələri 7 ilə yaxın davam etdi. Həmin vaxtlar Əli Kərimlinin nəzarətində olan və maliyyəsi hakimiyyət tərəfindən (konkret olaraq Kəmaləddin Heydərov) təmin edilən mediya qurumlarında hakimiyyətdəki və müxalifətdəki islahatçıların normal siyasi münasibətlərinin yaradılması və gələcəyin siyasi iqtidar komandasının təməllərinin atılması təbliğ olunurdu. Etiraf etmək gərəkir ki, bu sətirlərin müəllifi olaraq şəxsən mən özüm bu fikrə tərəfdar və təbliğ edənlərdən biriydim. Çünki siyasi sabitliyi təmin edə biləcək, hüquqi və əsil demokratik cəmiyyəti quracaq möhkəm, sarsılmaz siyasi iqtidar komandasına həqiqətən də böyük ehtiyac vardı. Və bu ehtiyacı bəhs olunan siyasi əməkdaşlıq nəticəsində təmin etmək mümkün idi.
Lakin heç kim Əli Kərimlinin xarakterini, korporativ maraqları üçün əməkdaşlıq etdiyi hər kəsi sata biləcək bir siyasi tip olduğunu nəzərə almamışdı. İqtidar tərəfindən hər cür komfortla təmin olunan Əli Kərimli daha böyük ehtiyaclarını təmin etmək üçün bu dəfə dövlətini və ölkəsini satdı. Söhbət Qarabağ münaqişəsi ilə bağlı Ki-Uest danışıqları zamanı mərhum Heydər Əliyevin böyük beynəlxalq güclər qarşısında tək-tənha buraxılmasından gedir. Doğrudu, Heydər Əliyev siyasi bacarığı sayəsində status-kvonu qoruyub saxlaya bildi və Azərbaycan üçün alçaldıcı müqaviləyə imza atmaqdan imtina etdi. Bircə faktı da deyim ki, həmin vaxt Əli Kərimli digər nüfuz sahibi olan müxalif liderləri dilə tutaraq Almaniya səfirliyində həm bu ölkənin, həm də ABŞ və Fransanın səfirləri ilə birgə toplantıya qatılmalarına nail olmuşdu. Əli Kərimlinin xarici qüvvələrlə işbirliyi məhz həmin tarixdən – 2002-ci ilin fevral ayından başlayır.

Əldə etdiyim məlumatlara görə, o hadisədən sonra Heydər Əliyev sərt şəkildə göstəriş verib ki, Əli Kərimli ilə bütün əlaqələr kəsilsin, heç bir əməkdaşlıq edilməsin (bu faktı Kəmaləddin Heydərov 2003-cü ilin yayında bu sətirlərin müəllifinə şəxsən təsdiq edib). Lakin mahir siyasətçinin dünyasını dəyişməsi verilən göstərişin havadan asılı qalmasına səbəb oldu. O vaxt iqtidar daxilində nüfuz savaşı və hakimiyyəti ələ keçirmək istəyən qüvvələrin marağı Əli Kərimli faktorunu yenidən ön plana çıxardı. Belə ki, 2003-cü il prezident seçkilərində yıpranan və 2005-ci il parlament seçkilərində “siyasi meyit” obrazı təsdiqlənən İsa Qəmbər artıq arxa planda idi. Önə yenidən Əli Kərimli çıxarıldı. Əgər 90-cı illərdəki əməkdaşlıq birbaşa birinci şəxsin bilgisi və istəyi üzərinə, siyasi sabitliyin qorunması və dövlətçilik maraqları konteksində reallığa keçmişdisə, bu dəfəki əməkdaşlıq hər iki tərəfin korporativ maraqlarına xidmət edirdi. Belə ki, artıq hakimiyyətdə birinci şəxs olan cənab prezident İlham Əliyev nə bu əməkdaşlığa razılıq vermiş, nə də uzun müddət gizli həyata keçirilən bu danışıqlardan xəbərdar olmuşdu. İqtidar komandasında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev özfəaliyyət nəticəsində, daha böyük istək və arzularını gerçəkləşdirmək üçün bu əlaqəni qurmuşdu. Əli Kərimli ilə Fərhad Əliyev arasında əlaqə quran adamlar isə hazırda Milli Şuranın sədri olan Cəmil Həsənli və Mübariz Məsimovun yaxın adamı, vaxtilə “Xəzər” futbol klubunda mühüm vəzifə tutan Tuyqun Nadirov adlı şəxs olub. Bu iki nəfər Fərhad Əliyev-Əli Kərimli siyasi müttəfiqliyinin qurulmasında mühüm rol oynayıb. Müxalif düşərgədə Cəmil Həsənli və Tuyqun Nadirovun mütəmadi olaraq Əli Kərimliyə Fərhad Əliyevlə Mübariz Məsimovun yardım paketlərini daşıdıqlarını bilməyən yoxdu.

2005-ci ilin məlum payız olaylarından sonra deşifrə olunan Fərhad Əliyev zərərsizləşdirildi. Bu faktı nəzərə alan Kərimli noyabrda, parlament seçkilərindən həmən sonra keçirilən mitinqlər və küçə yürüşləri ilə siyasi aqressivliyini daha da artıraraq sanki antiazərbaycançı qüvvələrə “sizinlə əməkdaşlığa hazıram” mesajını verərək özünə yeni havadarlar axtarmağa başladı. Elə bu zaman ortaya Rusiya Xüsusi Xidmət Orqanları ilə işbirliyi şübhə doğurmayan Sakit Allahverdiyev adlı bir nəfər çıxdı. Lakin bu adamın həddindən artıq simicliyi onların əməkdaşlığına tez bir zamanda son qoydu. Sakit Allahverdiyevin Əli Kərimliyə cəmi bir dəfə – 20 min dollar verdiyi, bu pulun isə yarısının Qənimət Zahid tərəfindən mənimsənildiyi faktdır! Sonra ortaya Marat Allahverdiyev adlı şəxs çıxır. Elmlər Akademiyasının müxbir üzvü olan bu şəxs Bakı doğumlu olsa da, əslən Zərdab rayonundandır. Bəzi iddialara görə, onunla Əli Kərimlinin xanımı Samara Kərimlinin yaxın qohumluq əlaqələri var. Marat Allahverdiyev vaxtilə millət vəkili və Ramiz Mehdiyevlə sıx əlaqələrə malik biri olub. 10 ildən artıq müddətdə akademik Allahverdiyev vasitəsilə Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq edir və gerçəkləşdirdiyi bütün siyasi aksiyaların tapşırığı məhz bu kanaldan gəlirdi. Deyilənə görə, əməkdaşlıq bu günün özündə də davam edir. Məqsəd də iqtidar komandasını beynəlxalq təşkilatlar qarşısında gücsüz duruma salmaq, beləliklə də, özlərinin vazkeçilməzliyini sübut etməkdən ibarətdir. Təbii ki, dövlətin aidiyyatı qurumlarının bu iddiaları faktoloji olaraq araşdırmaq imkanları daha genişdir və hesab edirəm ki, bunu mütləq nəzərə almaq lazımdır.
Əli Kərimliyə, nə qədər qəribə olsa da, maliyyə yardımı edənlərdən biri də sabiq millət vəkili, iş adamı, “Quska” ləqəbli Hüseyn Abdullayev olub. AXCP Xətai rayon şöbəsinin Feyzulla adlı bir fəal üzvü var, əslən Naxçıvanın Babək rayonundandır. Vaxtlə Culfada OBXSS-də işləyib. İşdən çıxandan sonra cəbhəçi olub və hal-hazırda çox fəaldı. “Quska” ilə əlaqələri də o yaradıb. Ümumiyyətlə, bu cür adamlar Fuad Qəhrəmanlının (əslən Naxçıvanın Şahbuz rayonundandır) təsir dairəsi və rəhbərliyi altında olublar. Belə adamlardan biri də Məmməd İbrahim adlı şəxsdi. Vaxtilə “Əbu Bəkr” məscidinin partladılması işində adı keçib və bir müddət həbsdə də olub. Ancaq bu işin arxasında əli olduğu söylənilən sabiq ATM (Antiterror Mərkəzi) onu həbsdən qurtardı və Əli Kərimlinin yanına yolladı. Sözsüz ki, bu taktika Əlini çözmək və atacağı addımlardan xəbər tutmağa yönəlsə də, sabiq çekistlərin səmimiyyəti şübhə doğurur. Əslində, onlar da öz korporativ maraqlarından çıxış edirdilər. Məmməd İbrahimin Əlinin yanında möhkəmlənməsi və nüfuz sahibi olması üçün onun vasitəsilə cəbhəyə yeni maliyyə yardımı kanalı təşkil olundu. Bu pulları Hacı Mazan adlı şəxsdən alıb verirdilər.

Nardaran hadisələrində də bu şəxslərin – Fuad Qəhrəmanlı və Məmməd İbrahimin iştirakı olub. Onlar atdıqları hər addımı ATM rəhbərlərinin göstərişləri üzərində qururdular. Əvəzində onlara İranla bağlı kanallardan kifayət qədər sanballı maliyyə yardımları təşkil olunurdu. Bu deyilənləri vaxtilə Əli Kərimlinin yanında olan, sonra onlardan ayrılmış şəxslər də təsdiq edirlər.

AXCP və Kərimliyə maliyyə yardımı göstərən, onların çirkin, antidövlətçilik fəaliyyətlərində rol oynayan şəxslərin siyahısında sabiq Baş Prokuror Eldar Həsənov, sabiq səhiyyə naziri Əli İnsanov, millət vəkili, hakimiyyətdə yüksək vəzifə tutan Cavid Qurbanov, sabiq MTN-çi, hazırda SOKAR Xüsusi Mühafizə İdarəsinin rəisi Rəşad Əliyevin adları hallanır. Adı çəkilən bu şəxslərin əməl və hərəkətlərində məkr, hakimiyyətdaxili çaxnaşma salmaq, reginçuluq toxumu səpmək, bir sözlə, birlik və bərabərliyi pozmaqla intiqam almaq və şəxsi marağın təmini dərhal özünü göstərir. Həmin şəxslərin Əli Kərimli və AXCP ilə əlaqə kanalları da məlumdur. Məsələn, Cavid Qurbanov və Eldar Həsənovun bu əlaqəni jurnalist Pərviz Həşimli, Kəlbəcər Ziyalılar Cəmiyyətinin sədri İmamverdi Cəfərov və sabiq millət vəkili Əlövsət Ağalarov vasitəsilə qurduqları barədə mətbuatda da zaman-zaman iddialar ortaya atılıb. Bundan başqa, sabiq baş prokuror vaxtilə “Azadlıq” qəzetinin direktoru olmuş, biabırçı hərəkətinə görə ölkədən qaçıb getmiş və hazırda Avropada yaşayan Azər Əhmədov vasitəsilə də Əli Kərimliyə yardımlar göstərirdi. Yeri gəlmişkən, Eldar Həsənov Azər Əhmədovun oğlunun kirvəsidi.

AXCP sədrinin Əli İnsanovla əlaqələrini isə sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev və oğlu Mone Quliyev qurublar. Vaxtilə AXCP təəssübkeşi olan Mone Quliyev qarşılıqlı razılaşma əsasında Əli İnsanovun ABŞ-dakı nümayəndəsi rolunda çıxış edir və onun təbliğiylə məşğuldu.

Rəşad Əliyevin 2005-ci il parlament seçkilərində AXCP və Əli Kərimliyə maliyyə dəstəyi göstərdiyi kulislərdə çoxlarına məlumdu. Bu günün özündə də o yardımlar davam edir, hətta deyilənə görə, Rəşad Əliyev Əli Kərimli və adamlarının Fətullah Gülən təşkilatıyla əlaqələrini yaradıb. Bu, ayrıca bir mövzudu və bu mövzuya mütləq qayıdacağıq.

Son olaraq bildirmək istəyirəm ki, mən hakimiyyətin yürütdüyü siyasətin bir çox tərəfləriylə (daha çox daxili siyasətlə) razı deyiləm və müxalif mövqe sərgiləyirəm. Ancaq dövlətimizin milli təhlükəsizliyi məsələsində bütün gücüm və bacarığımla dövlətimin yanındayam və sıravi əsgər kimi hər şeyə hazıram. Bir daha ümid edirəm ki, göstərdiyim faktlar dövlətimizin aidiyyatı şəxsləri tərəfindən nəzərə alınıb, ən azından araşdırılacaq. Bunları araşdırmaq üçün dövlətin imkanları daha genişdi.

Fərəməz Novruzoğlu

“Böyük Şərq”

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …