Ana səhifə / Manşet / Əhməd Şahidov Paşinyanın blef etdiyini deyir

Əhməd Şahidov Paşinyanın blef etdiyini deyir

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviç N.Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.
A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

Məlum olduğu kimi, Nikol Paşinyan Azərbaycanın təklif etdiyi “hamının hamıya” mexanizmindən yayınır. Hətta bildirib ki, onların əllərində olan azərbaycanlı əsirlər daha da qiymətlidir. Paşinyan Dilqəm və Şahbazı Ramil Səfərovla müqayisə edib və deyib ki, biz daha iki Ramil Səfərovu Azərbaycana qaytara bilmərik. Göründüyü kimi, Azərbaycanda olan hərbi diversant, faktiki olaraq, Paşinyandan Azərbaycanın təklifi ilə razılaşmasını tələb edir. Erməni əsirin Paşinyana bu qəbildən olan müraciətinə necə yanaşmaq olar?

Azərbaycanlı girovların hüquqları ilə yaxından məşğul olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin müraciətlə tanışdır:

“Biz, eyni zamanda, digər erməni diversantın da Gəncədə keçirilən məhkəməsində yaxından iştirak edirik, prosesin lazımi şəkildə monitorinqini aparırıq. Bilirsiniz ki, diversant əməllərinə görə 15 il müddətinə ölkəmizdə azadlıqdan məhrum edilən Arsen Baqdasaryan Ermənistanın baş naziri səlahiyyətlərini icra edən N.Paşinyana müraciət edib və ölkəmizin irəli sürdüyü “hamının hamıya” prinsipinə riayət etməsini tələb edib və özünün də ailəsinə qaytarılmasını istəyib. A.Baqdasaryanın müraciəti Ermənistanda bu mövzuya diqqəti artırmış olur. Noyabrın 18-də isə digər erməni hərbi əsirin yaşadığı Berdaban şəhərində onun ailə üzvləri, qohumları və digər şəhər sakinləri etiraz aksiyası keçirərək Karen Kazaryanın Azərbaycandan geri alınmasını tələb ediblər. Həmin hadisənin özü də böyük rezonansa səbəb oldu. Hətta Paşinyan şəxsən bu məsələyə münasibət bildirdi. Paşinyan həmin vaxt Kazaryanın ailəsini keçirdikləri aksiyaya görə sərt qınadı. Bu proseslə yaxından tanış olan bir hüquq müdafiəçisi olaraq düşünmürəm ki, Paşinyanın bu cür aqressiv yanaşması rəsmi İrəvanın son qərarıdır. Hələ ki, beynəlxalq işçi qrupuna Ermənistan tərəfdən heç bir rəsmi etiraz göndərilməyib. Əminəm ki, yaxın zamanlarda tərəflər arasında belə bir görüşün keçirilməsinə nail olunacaq. Paralel olaraq, Kazaryanın məhkəməsi keçirilir. Biz həmin prosesi yaxından izləyirik. Hiss edirik ki, Ermənistan mediasının da prosesə marağı böyükdür. Bütün bunların fonunda, digər hərbi əsirin etdiyi müraciət məsələni daha da aktullaşdırmış oldu. Bu, Ermənistan cəmiyyətinə daha bir çağırış olacaq. Hesab edirəm ki, Ermənistan cəmiyyəti məsələni hakimiyyətlərindən daha sərt tələb edəcəklər. Hətta bu, seçki öncəsi bir kütləvi etiraz aksiyasına da çevrilə bilər. Ermənistan mətbuatı və sosial şəbəkələrə aid olan seqmentdə bu tələblər kəskin şəkildə səsləndirilir”.
Əhməd Şahidovun sözlərinə görə, Azərbaycanın humanist jesti olan təklif hələ də gündəmdədir: “Biz qarşı tərəfdən cavab gözləyirik. Bilirsiniz ki, Azərbaycanda 2017-ci ildə həbs edilən üçüncü bir erməni hərbi diversant da var. Biz onun da ailəsinin bu prosesə qoşulacağını gözləyirik. Mənə elə gəlir ki, N.Paşinyan xalqın bu tələbi qarşısında geri çəkilməyə məcbur olacaq. Prosesləri nəzarətdə saxlayırıq. Ölkəmizin əlaqədar rəsmi qurumları ilə yanaşı, biz də QHT təmsilçisi olaraq bu istiqamətdəki səylərimizi davam etdiririk”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …