Sosial şəbəkədə biz:

Zərərçəkmiş kimi tanınan şəxs məhkəmədə etiraf edib ki, Azər Qasımlı öz pulunu istəyib

Zərərçəkmiş kimi tanınan şəxs məhkəmədə etiraf edib ki, Azər Qasımlı öz pulunu istəyib

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Proses hakim Telman Hüseynovun sədrliyi ilə baş tutub.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, Qurbanəli Yusifov məhkəmə prosesi zamanı verdiyi ifadədə Qasımlının ondan öz pulunu istədiyini etiraf edib.

“Bu məhkəmənin ən önəmli sualı və cavabı idi. Azərə qarşı irəli sürülən ittiham Cinayət Məcəlləsinin 182.2 maddəsi – yəni özgənin əmlakını hədə-qorxu ilə tələb etmədir. Ona görə Azər Yusifova konkret sual verdi ki, mən səndən sənin şəxsi pulunu istəmişəm? Qurbanəli Yusifov cavab verdi ki, “xeyr istəməmisən”. Bu “xeyr” cavabı artıq Azərə qarşı irəli sürülən 182.2-ni qüvvədən salmış olur. Çünki Azər ondan özgəsinin yox, öz pulunu istəyib”. 

Samirə Qasımlı qeyd edir ki, məhkəmədə şahid kimi göstərilən Yusifovun anası, atası və xalası oğlu istintaq materiallarında şahid kimi görünmür. O bildirib ki, Yusifovun məhkəmədəki sözlərinə görə, ailəsi Azər Qasımlının ona hədə-qorxu gəlməsi barədə məlumatı sosial şəbəkələrdən öyrənib. Yusifov Azər Qasımlı barədə məhkəməyə müraciət etmək fikrində olmayıb. 2024-cü ildə Mingəçevir Rayon Məhkəməsi Qasımlının xeyrinə qərar qəbul etdikdən sonra, o Daxili İşlər naziri Vilayət Eyvazova məktub yazıb. 

“Sonra vəkil ona belə bir sual verdi ki, bəs sən Vilayət Eyvazovun adına məktub yazanda yazmısan ki, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı məni dövlətçilik əleyhinə qaldırırdı, görəndə ki, onun planları keçmir mənə hədə-qorxu gəlməyə başladı. Azər Qasımlı məni dövlətçilik əleyhinə qaldırmağa çalışırdı deyəndə nəyi nəzərdə tuturdunuz? Nə edirdi? Bu suala da o, çox absurd cavab verdi. Deyir mən onda variantlar fikirləşirdim, ona görə belə yazdım”, – Samirə Qasımlı deyir ki, Qurbanəli Yusifov bunu deyəndə bütün zal gülüb. 

Hakim bundan sonra məhkəmə prosesini təxirə salıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol