Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Yevlaxda həkimin müəmmalı qətli ilə bağlı yeni təfərrüatlar

Yevlaxda həkimin müəmmalı qətli ilə bağlı yeni təfərrüatlar

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam edir. Həkimin qətli ilə bağlı bir neçə versiya nəzərdən keçirilir. Əsas versiya kimi həkimin tamah məqsədilə öldürülməsi götürülür.

Belə ehtimallar var ki, həkimin evinə xəstə adı ilə gələn şəxslər oradan pul və qızıl-zinət əşyaları oğurlamağa çalışıblar. Bu zaman həkim onlara müqavimət göstərməyə çalışıb. Ona çoxsaylı bıçaq xəsarəti yetirməklə evdən uzaqlaşıblar.

“Yeni Müsavat”ın əməkdaşı öyrənib ki, Bəyaz Cabbarovun həyat yoldaşı bir neçə il əvvəl rəhmətə gedib. O, qətlə yetirildiyi iki mərtəbəli evdə oğlu və gəlini ilə birgə yaşayırmış. Hadisə baş verməzdən az əvvəl Bəyaz Cabbarov gəlini, nəvələri ilə birgə evdə, 2-ci mərtəbədə olub. Bəyaz Cabbarov qapıya gələn şəxsləri qarşılamaq üçün evin birinci mərtəbəsinə düşüb. Qapıda 3 nəfərlə rastlaşıb. Həkimə onlardan birinin xəstə olmasını deməklə içəri daxil olan şəxslər ondan pul və qızılların yerini deməyə tələb ediblər. Bəyaz Cabbarovun ciddi şəkildə etirazı və müqaviməti ilə rastlaşdıqda isə ona bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Səs-küyə birinci mərtəbəyə düşən Bəyaz Cabbarovun gəlini onu qan içində görüb polis çağırıb, təcili tibbi yardıma zəng edib.

Həkimin evinə basqın edən şəxslərin 3 nəfər olduqları, hər 3 şəxsin kamera görüntülərinin əldə edildiyi də bildirilir.  

Rəsmi məlumatda deyilir ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.

Bəyaz Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib. İlkin araşdırmalar zamanı məlum olub ki, qatil həkimə 20-dən çox bıçaq zərbəsi endirib.

 Bəyaz Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …