Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Yerli quş ətinin qiyməti BAHALAŞIR

Yerli quş ətinin qiyməti BAHALAŞIR

Paytaxtda fəaliyyət göstərən market və bazarlarda broyler toyuqlarının qiymətində artım müşahidə olunub. Bir müddət öncə 1 kiloqramı 3.70-4 manat arasında dəyişən dondurulmuş broyler toyuqlarının qiyməti indi 4.30-4.50 manat arasında dəyişir.

Marketlərdə demək olar ki, xaricdən idxal olunmuş toyuq ətinə və toyuq əti məhsullarına rast gəlmək mümkün deyil. “Siyəzən”, “Səma”, “Tamlı”, “Hicaz”, “Fədək” adı ilə satışa çıxarılan toyuq ətlərinin demək olar ki, hamısı yerli istehsaldır.

Bunun əksinə olaraq, yumurtanın qiyməti ucuzlaşıb, “Dəvəçi”, “Giləzi” yumurtalarının 1 ədədi 12 qəpikdir, kənd yumurtası isə 18 qəpiyə satılır.

Qeyd edək ki, ötən il oktyabrın 2-də hökumətin gömrük rüsumlarının artırılması ilə bağlı qərarına görə, Azərbaycana idxal edilən 1 kq toyuq əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacaq. Hökumət rəsmiləri bunu yerli istehsalı stimullaşdırmaq məqsədilə etdiklərini açıqlayırdılar.

Lakin bəzi ekspertlər bu qərarın əks təsir göstərərək, yerli broyler şirkətlərini bazardan sıxışdırıb çıxardığını bildirirlər.

Sözügedən sahədə çalışan iş adamları  bildirib ki, hazırda bazarda yerli məhsul adı altında satılan toyuq ətlərinin bir çoxu  xaricdən gətirilir, xüsusən də Ukraynadan. Sadəcə, burada qablaşdırılaraq, üzərinə yerli şirkətlərin yarlığı vurulur. Səbəb isə odur ki, iri monopolistlər bu sahənin əllərindən çıxmasını istəmədiklərindən  xaricdən ucuz qiymətə quş ətini idxal edirlər. Bu isə yerli broyler şirkətlərinin bazarda sıxışdırılmasına gətirib çıxarır.

Sahibkarların sözlərinə görə, bu məsələdə yerli istehsalçılar da diqqətli olmalıdırlar. Onların yaratdıqları brend altında bazarda xarici məhsullar da ola bilər.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, belə bir durumun yaranacağı öncədən bəlli idi:

“Rəqabət mühitinin zəif olduğunu və yerli istehsalın bütün ehtiyacları ödəmədiyi şəraitdə bu, yerli şirkətlər üçün də qiymətləri qaldırmağa bir  bəhanə olacaq. Çox güman ki , hazırda həmin prosesi izləyirik”.

Bunun başqa səbəbləri də var. Ekspert hesab edir ki, bütün günahı istehsalçıların üzərinə artmaq olmaz.

“Quş yemləri və quşların müxtəlif viruslardan qorunması üçün inyeksiyalar və   dərmanlar, digər baytarlıq vasitələri  xaricdən idxal olunur və dolların bahalaşması istehsalçıların xərclərini də artırır.  Bu, obyektiv səbəbdir və qiymətlərə təsir edir. Ancaq əsas səbəb gömrük rüsumlarının artırılmasıdır. Yerli quş ətinə tələbatın artması istehlakçı üçün heç bir müsbət nəticəyə səbəb olmadı. Əksinə, rəqabətsizlik mühiti genişləndi. Xaricdən gətirilən quş ətinin baha olması yerli məhsulların da bahalaşması üçün şərait yaratdı”.

Xaricdən gətirilən quş ətlərinin yerli məhsul adı altında qablaşdırılıb bazara çıxarılmasına gəlincə, N.Cəfərli bunun cinayət faktı kimi dəyərləndirilməli olduğunu bildirib. Deyib ki, bu məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olması zəruridir:

“Bu, istehlakçıların hüquqlarının pozulmasıdır və qanun pozuntusudur. Əgər belə faktlar varsa, buna qarşı mübarizə aparılmalıdır. Bu hallar nəinki yerli istehsalçını dəstəkləmir, əksinə onların istehsalı artırma stimulunu sıfıra endirir. Əgər belə davam etsə, yerli istehsalçılar bazarda uduzacaq”.

Mənbə: musavat.com

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın