Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Yeni sədr Beynəlxalq Bankı “dirildə” biləcəkmi?

Yeni sədr Beynəlxalq Bankı “dirildə” biləcəkmi?

Məlum “Beynəlxalq Bank işi ” qalmaqalı və bunun ardından Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin vəzifədən kənarlaşdırılması, daha sonra həbs edilməsi həmin posta – İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədovun gətirilməsi ilə nəticələndi. 
Bank sektorunda təcrübəli mütəxəssis kimi tanınan, Azərbaycan Dövlət Sığorta Şirkətinin (“Azərsığorta”) İdarə Heyətinin Sədri Məmməd Məmmədovun oğlu Elmar Məmmədovun Azərbaycan Beynəlxalq Bankını qısa müddətdə dirçəldəcəyi gözlənilirdi. Artıq, E.Məmmədovun təyinatından 7 aya yaxın bir müddət ötür. Bəs, görəsən ötən dövr ərzində yeni sədr nələrə nail olub? Beynəlxalq Bankdan yeyilən milyardlarla dollar vəsaitin geri dönüşü təmin edilibmi? 7 ayda görülən işlərin effektivliyi Beynəlxalq Bankı məlum aqibətdən xilas elə biləcəkmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Beynəlxalq Bankın fəaliyyətinin qısa müddətdə canlandırılması mümkün deyil: “Mənim qiymətləndirməm ondan ibarətdir ki, mövcud rəhbərlik Beynəlxalq Bankın sağlamlaşdırılmasında maraqlıdır. Bu məsələdə fərqli rəqəmlər səslənir. Bəzi məlumatlara görə, Beynəlxalq Bankdan yayınan pulların 6 milyard dollara qədər olması deyilir. Kifayət qədər böyük məbləğdə vəsaitlər  bankdan yayındırılıb. Beynəlxalq  Bankın keçmiş rəhbərliyinin kartlarından və digər hesablarda istifadə edilən vəsaitlərin məbləği olduqca böyükdür. Qısa zamanda Beynəlxalq Bankda hər hansı bir dəyişikliklərin olması mümkün deyil. Bu heç real da görünmür. Bu, zaman tələb edən işdir. Bizim qiymətləndirmələrimizə görə, Beynəlxalq Bankın mövcud vəziyyətini nəzərə alsaq, onun sağlamlaşdırılması üçün ən azı iki il zaman lazımdır. Çünki verilən kreditlərin geri alınmasına çətinliklər var. Bəzi kreditlər var ki, onların geri alınması ümumiyyətlə mümkün deyil. Bu mümkün olmadığı üçün indiki məqamda Beynəlxalq Bank mövcud prosedurları davam etdirməklə, hazırkı vəziyyətini qoruyub saxlamağa çalışır”.
İqtisadçı ekspert qeyd edib ki, Beynəlxalq Bankda kadr dəyişikliyindən keçən müddət ərzində baş verən dəyişiklikləri pozitiv qiymətləndirir: “Baxmayaraq ki, hələlik Beynəlxalq Bankın sağlamlaşdırılmasından söhbət getmir. Qısa zamanda Beynəlxalq Bankın borclarının bağlanması və fərqli bir banka çevrilməsi mümkün deyil. Çünki Beynəlxalq Bankdakı problemlə 2008-ci ildən sonra başlayıb.
2008-2015-ci illər arasında, ötən 7 il ərzində yaranmış problemlərin 7 ayda aradan qaldırmaq mümkün deyil. Əgər sağlamlaşdırma ilə bağlı fəaliyyət həyata keçirilərsə, o zaman qarşıdakı 2 ildə bu bankda müəyyən irəliləyişlərin əldə edilməsi mümkündür”.
V.Bayramovun sözlərinə görə, Beynəlxalq Bankda bir sıra addımların atılmasına ehtiyac var: “Bankın kadr potensialının təkmilləşdirilməsi vacibdir. Hələ ki, Beynəlxalq Bank çalışır ki, əvvəlki rəhbərliyin dövründə verilmiş kreditləri geri alsın. Bu isə olduqca çətin bir prosesdir. Çünki kreditlərin məbləği çox böyükdür. Beynəlxalq Bank işində bir sıra həbslər olub və o həbslərdən sonra həmin kreditləri geri qaytarmaq da faktiki olaraq mümkün olmayıb”.
“Mən ümumiyyətlə, Beynəlxalq  Bankın sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməsinin tərəfdarıyam”- deyən Vüqar Bayramov bunun hazırkı durum üçün real olmadığını vurğulayıb: “Özəlləşmə imkan verəcək ki, banka yeni investorlar və yeni vəsaitləri cəlb edilsin. Bu, daha çevik və korporativ idarəetmə sisteminin qurulması deməkdir.
Beynəlxalq  Bankın xilas edilməsinin yeganə yolu onun sağlamlaşdırılması və sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə çıxarılması olmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …

Bir cavab yazın