Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Yeni ipoteka şərtləri: 100 min manat üçün 1000 manat əməkhaqqı

Yeni ipoteka şərtləri: 100 min manat üçün 1000 manat əməkhaqqı

Ölkə başçısının ipoteka fərmanı mənzil bazarına nə vəd edir; İpoteka Fondu yeni müstəqil kollegial quruma çevrilir

Prezident İlham Əliyev Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb. Bu fərmanla Azərbaycan İpoteka Fondu ilə bağlı bəzi məsələlər həllini tapıb. Belə ki, bundan sonra Azərbaycanda yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli binalardakı mənzillərin alınması üçün ipoteka krediti veriləcək.
İndiyə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilib. Dəyişikliyə əsasən isə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi tələbi aradan qaldırılıb.
Fərmanda cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci il yanvarın 1-dən tətbiq edilməsi də nəzərdə tutulub.
“Yeni Müsavat”a açıqlamasında fərmanı şərh edən mənzil-tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, bu fərmana uyğun olaraq, ipoteka evlərinin verilməsində bir sıra dəyişikliklər olacaq: “Birinci dəyişiklik odur ki, hüquqi təsdiqedici sənəd olmalıdır. İkincisi, təmirli və yaşayış üçün yararlı olmalıdır. Maksimum məbləğ əvvəllər 50 min manat idisə, indi bu məbləğ Müşahidə Şurasının qərarı ilə ildə bir dəfə müəyyən ediləcək. Ümumilikdə orta qiymətdən çıxış edərək maksimum məbləğ müəyyən ediləcək və yəqin ki, maksimum məbləğ 100 min manatdan çox olacaq. Faiz dərəcələrində də dəyişiklik edilib, əvvəllər konkret faiz dərəcəsi 4-8 faiz idi, indi isə hər il Müşahidə Şurası ümumi iqtisadi vəziyyətdən asılı olaraq, faiz dərəcələrini müəyyən edəcək. Ondan sonra əvvəlki güzəştli kreditlər üçün ilkin ödəniş minimum 5 faiz idi, lakin banklar 20-30 faiz tələb edirdilər, indi isə fiksə olunmuş rəqəmdir, 15 faizdir.  Adi kreditlərdə isə ilkin ödəniş 15-25 faizdir. Bu da başqa bir dəyişiklikdir. Eyni zamanda bu prosedurun konkret müddəti də son dəyişiklikdə nəzərdə tutulub. Yəni prosedur maksimum 60 gün çəkə bilər, ondan az ola bilər, ancaq ondan çox olmamalıdır. Daha bir dəyişiklik müəllimlərə tətbiq edilir. 5 il stajı olan gənc müəllimlərə güzəştli kreditlər verilməsi nəzərdə tutulur. Bunlar hamısı ona imkan yaradır ki, ipoteka fondu daha çox əhali kateqoriyasını əhatə edə bilsin”.
Daşınmaz əmlak məsələləri üzrə  ekspert Ramil Osmanlı isə qeyd etdi ki, fərmanın icrası ilə bağlı əsas mənzərə Nazirlər Kabinetinə verilən 2 aylıq müddətin sonunda bəlli olacaq: “Fərmanın məzmunundan da görünür ki, əslində bu, ötən ilin 27 oktyabrında verilmiş fərmanın davamıdır. Yəni o fərmanın  yarımçıq qalan hissələrinin tamamlanmasıdır. Söhbət ondan gedir ki, İpoteka Fondu yeni ayrı kollegial bir quruma, idarəetmə formasına çevrilir. Burada müvafiq dövlət strukturlarına, məsələn Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həmin qurumun fəaliyyətinin təşkili ilə bağlı həmin fərmanda tapşırıqlar verilir. Söhbət konkret olaraq, İpoteka Fondunun fəaliyyətinin qurulmasından, yəni işlək mexanizmə gətirilməsindən, elektron ipoteka sisteminə keçilməsindən gedir.  Zənnimcə, bu elektron ipoteka sisteminə keçirilməsi o qədər də əhəmiyyətli dəyişikliklərə gətirib çıxartmayacaq. Biz hələ ki Nazirlər Kabinetinə verilən iki aylıq müddətin sonunu gözləyirik. Bu müddətdə Nazirlər Kabineti  İpoteka Fondu ilə birgə faiz dərəcələri və şərtlərə ediləcək düzəlişlərlə bağlı təkliflər və rəylər hazırlayacaq. Yalnız bu müddəaların əks olunmasından sonra bu proqramı tam olaraq, əhatəli şəkildə şərh etmək mümkün olacaq. İndiki halda hələlik bu fərmanda daha çox texniki məsələlər öz əksini tapıb, bir də, sadəcə, elektron ipoteka sisteminə keçid”.
 
Fərmana edilən dəyişikliklərin mənzil bazarına təsirinə gəlincə, R. Osmanlı bildirdi ki, əgər qarşıdakı dövrdə ipoteka kreditləri, faiz dərəcələri ilə bağlı ciddi dəyişikliklər edilsə, faizlər aşağı salınsa, ilkin ödəniş azaldılsa, bu, ipotekanın əlçatanlığını artıra bilər və mənzil bazarında əhəmiyyətli dəyişikliyə gətirər: “İndiki şərtlər daxilində 8 faizlik ipoteka şərtlərinə görə ipoteka krediti götürənin  əməkhaqqı 1150 manatdan yüksək olmalıdır. Bu, indiki ağır iqtisadi şərtlər çərçivəsində ipoteka əlçatanlığının azalması deməkdir. Bundan sonra necə olacağı isə ipoteka ilə bağlı təklif edilən dəyişikliklərdən asılı olacaq”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın