Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Yeni ildən və devalvasiyadan sonrakı kənd təsərrüfatı yarmarkalarında qiymətlər… REPORTAJ

Yeni ildən və devalvasiyadan sonrakı kənd təsərrüfatı yarmarkalarında qiymətlər… REPORTAJ

Həm 21 fevral devalvasiyası, həm də Yeni il bayramı yarmarkalarda kənd təsərrüfatı məhsullarının qiymətini ceyran belinə çıxarmışdı. Artıq bayram geridə qalıb, devalvasiyanın bazarlara gətirdiyi bahalaşma isə davam edir. 
Hazrda yarmarkalarda vəziyyətin necə olmasını yoxlamaq üçün musavat.com-un müxbiri Xətai rayonunda , Bakı kinoteatrının yaxınlığındakı yarmarkaya baş çəkib.
Yarmarkada bahalaşma əvvəlki templə  davam edir. Ən çox qiymət artımı isə kartofun və quru meyvələrin qiymətindədir. Belə ki, yarmarkada Gədəbəy kartofu adı ilə satılan kartofun kiloqramı 1.2 manatdır. Tovuz kartofu isə 1 manata təklif olunur. Rusiya və İrandan gətirilən yerli kartof adı ilə bazara çıxarılan kartofu isə 80-90 qəpikdən almaq mümkündür. Soğanın qiyməti isə standart olaraq 80 qəpikdir.
Kələm və kökün qiyməti isə nisbətən ucuzlaşıb. Bayram günlərində 40 qəpikdən satılan kələm 25-30 qəpiyə, 70-80 qəpiyə satılan kök isə hazırda 40-50 qəpiyə satılır. Mövsümi tərəvəzlərdən turpun qiyməti 40 qəpikdir. Göyərtilərin bir dəstəsi standart olaraq 20 qəpikdir. Daha ucuz göyərtilərin isə dəstəsi daha kiçik təklif olunur.
Bayramda pik həddə bahalaşan xiyar və pomidor nisbətən ucuzlaşıb. Belə ki, xiyarı 2.5-3.5, pomidoru  3-3.5 manata almaq olar.
Növbəti yüksək artım dənli bitkilərdə müşahidə olunur. Belə ki, süfrələrdə gündəlik istifadə olunan və bir neçə gün öncə 2.6 manat olan qırmızı mərci 4 manat, noxudun kiloqramı 4 manat, müxtəlif çeşiddə olan və əvvəl 2.5-3 manata satılan lobyaların qiyməti də 4 manatdır. Satıcının sözlərinə görə, bahalaşmanın səbəbi bu məhulların xaricdən gətirilməsidir. Noxud Pakistandan , digərləri isə Türkiyədən idxal olunur.
 Qərzəkli qoz -fındığın qiyməti də bayramdan sonra ucuzlaşmayıb.Kiloqramı 4-5 manata satılır. Ləpələdən qoz ləpəsi 16-18 manata, badam ləpəsi 20 manata, fındıq ləpəsi isə 15 manatadır. Şabalıd 5 manata, kişmiş və digər meyvə quruları isə 5-7 manatadır. Bayram günləri ilə müqayisədə bu məhsullarda 1-2 manat ucuzlaşma var.
Meyvələrdən alma daha çox bahalaşıb. Daha cır alma növləri 50-60 qəpikdən təklif olunsa da , normal almanın kiloqramı 1 manatadır. Narıngi və portağalın qiyməti isə 2 manatdır. Banan 2.5 manat, ananası 2.5-3 manatadır. Xaricdən gətirilən alma, armud, üzüm və digər məhsullar standart olaraq 2.5 manata satılır. Təbii ki, satıcılar bizim jurnalist olduğumuzu biləndə qiyməti daha ucuz deməyə çalışırlar. Bu səbəbdən qiymətlərlə alıcı kimi maraqlanırıq.
Ağartı məhsullarından Naxçıvan pendirinin qiyməti artaraq, kiloqramı 7-8 manat olub. Satıcı bunun səbəbini yol xərcinin artması ilə əlaqələndirdi.
Ət məhsullarından dana əti bahalaşaraq 6 manat olub. Qoyun əti isə 6.5 manata satılır. Toyuq ətinin kiloqramı isə 3.5  manatadır. Yarmarkada fabrik yumurtası 16 qəpiyə, kənd yumurtası isə 25 qəpiyə satılır.
Satıcılar müştəri azlığından, alıcılar isə qiymətlərin baha olmasından narazıdır. Alıcıların sözlərinə görə, qiymətlər Təzə bazarın və “8-ci kilometr” bazarındakı qiymətlərdən fərqlənmir.
Yarmarkadakı qiymətlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. Nazirlik sözçüsü yarmarkalar haqqında məlumat verərək bildirdi ki, yarmarkalar ənənəvi olaraq hər həftənin şənbə və bazar günləri Bakı şəhərinin 5 rayonunda və Sumqayıt şəhərində fəaliyyət göstərir.
Qiymətlərə gəlincə, M. Hacıyev bildirdi ki,  ötən həftələrlə müqayisədə bəzi məhsulların qiymətində enmə müşahidə olunur: “Ətin qiyməti stabil olaraq qalır. Mal əti 5 manata,qoyun əti 6 manatadır. Yumurtanın qiyməti də enib, 13-15 qəpik arasında dəyişir. Kartofun qiyməti ucuzlaşaraq 70-90 qəpik arasında olub, soğan İstər yerli istehsal olan , istərsə də xaricdən idxal olunan məhsulların qiyməti ötən həftərlə müqayisədə 20-30 faiz ucuzlaşıb”.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi ilə bizim müşahidə etdiyimiz qiymətlər arasındakı fərqin səbəbinə gəlincə, onu deyə bilərik ki, əksər satıcılar məhsulların üzərinə qiymət qoymadıqları üçün rəsmilərə, yoxlanış üçün gələn məmurlara ucuz, sadə vətəndaşlara, allıcılara isə baha qiymət deyirlər. Məhsulun üzərinə qiymət qoyanlar isə, kağızların hər iki üzünə qiymət yazır, nazirlik nümayəndələri bazara daxil olarkən daha ucuz qiyməti malın üzərinə qoyurlar. Bu isə rəsmilərin real qiymətlərdən xəbərsiz qalması ilə nəticələnir. Bütün satıcıların eyni qiymət siyasətini tətbiq etməsi isə alıcılarda məhulların monopoliyada olması iəl bağlı təəssürat yaradır. Bazarda öz məhsullarını satanlar çox azdır. Bu səbəbdən qiymət fərqi axtağa dəyməz.  Sanki əksər məhsullar satıcılara bilr əldən vahid qiymətə paylanır. Əks halda piştaxtalar arasında  ən azı 15-20 qəpik qiymət fərqi olardı…














Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın