Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Yeni il” özü ilə bazarlara yeni bahalaşma dalğası gətirəcək – EKSPERT ŞƏRHİ

“Yeni il” özü ilə bazarlara yeni bahalaşma dalğası gətirəcək – EKSPERT ŞƏRHİ

Artıq “Yeni il” bayramının gəlişinə sayılı günlər qalmış dükan-bazarlardan ərzaq məhsullarının bahalaşması xəbərləri gəlir. Hər il olduğu kimi ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artır və bayramdan sonra da o şəkildə davam edir. Hökumət nə qədər qiymət artımı ilə mübarizə apardığını desə də, son bir ildəki bahalaşma hər bir ailənin büdcəsində hiss edilməkdədir. 
Bəs, görəsən bu il bayramöncəsi bazarlarda bahalaşma müşahidə edəcəyikmi? Ekspertlərin rəyi belədir ki, bəli bahalaşmanı aydın şəkildə hiss edəcəyik. Çünki, “Yeni il” bayramından əlavə qiymət artımını şərtləndirən digər amillər də var.
Bunlardan biri manatın yenidən dəyərdən düşməsi ehtimalı, digəri qışın gəlməsi ilə bağlı mövsümi amillərdir. Başqa bir səbəb də Rusiyanın Türkiyədən idxal etdiyi meyvə-tərvəz məhsullarına embarqo qoyması və Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalını artıracağı ehtimalıdır.
İqtisadçı ekspert Natiq Cəfərli də musavat.com-a açıqlamasında bildirdi ki, bu il qiymət artımını şərtləndirən amillər bir neçədir: “Təəssüf ki, bu, Azərbaycanda bir ənənə halını alıb. Hər il bayramöncəsi qiymətlər kəskin şəkildə artır. Təbii ki, buraya mövsümi səbəblər də daxildir. Qış aylarında hər zaman Azərbaycanda ərzaq məhsullarının bahalaşması qeydə alınırdı. Bu il isə başqa əlavə səbəblər də əlavə olunub. Devalvasiya ilə bağlı ölkəyə gətirilən malların qiymətinin artması prosesi gedir. Həm də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Rusiyanın Türkiyə məhsullarına qadağa qoymasından sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya getməsi ehtimalından danışılır. Qiymətlərdə artıq müəyyən dərəcədə dəyişiklik olub. Bütün bu məsələləri nəzərə alsaq bu il Azərbaycanda yeni il öncəsi qiymət artımının daha sürətlə və daha kəskin şəkildə olacağı ehtimalı var”.
Natiq Cəfərlinin sözlərinə görə, bu il əhalinin alıcılıq qabiliyyətinin azalması bahalaşmanın qarşısını alan yeganə amil olacaq: “Ancaq bu il yeni situasiyalardan biri ondan ibarətdir ki, Azərbaycanda iqtisadi aktivlik ilbəil zəifləyir, insanların gəlirləri azalıb, iş yerlərinin azalması prosesi gedir. Bütün bunlar alıcılığa da mənfi təsir edir. Yəni, qiymət artımının da bir həddi var. Çox yüksək həddə qiymət artımı olsa, alıcılıq qabiliyyətinin aşağı olması iş adamlarının məhsullarını sata bilməməsi il nəticələnəcək. Ona görə də, yeganə olaraq bu amil qiymətlərin kəskin şəkildə artmasının nisbətən qarşısını alır.
Ona görə də bu il iqtisadi aktivliyin zəifləməsi, gəlirlərin azalması qiymət artımının qarşısını alan əsas səbəblərdən olacaq. Lakin yeni il qabağı qiymət artımının şahidi olacağıq. Hazırki, proseslər də onu göstərir ki, manata olan basqılar artır. Ola bilər ki, yenidən məzənnə dəyişikliyi olsun. Əgər manat yenidən ucuzlaşsa, o zaman qiymət artımını çox kəskin şəkildə hiss edəcəyik. Hökumət nə qədər elan etsə də ki, ərzaq məhsullarının böyük əksəriyyəti öz istehsalımızdır. Lakin reallıq elə deyil. Azərbaycanda istehsal olunan ərzaq məhsullarının bir çox hissəsi xaricdən gətirilən xammal hesabına istehsal olunur. Xammal xaricdən alındığı üçün qiymətlərin artacağı da qaçılmazdır. Xüsusən gündəlik istifadə olunan çay, qənd, şəkər tozu, yağlar, düyü və sair. Əgər manatın dəyərdən düşməsi də baş versə, ciddi şəkildə qiymət artımı olacaq”.
Ekspert onu da qeyd etdi ki, Türkiyənin Rusiyaya ixrac etdiyi məhsullara embarqo qoyulmasının ardından bu məhsulların Azərbaycana ixracı arta bilər və bu qiymətləri tənzimləyəcək amillərdən biri ola bilər: “Həmin məhsulların Azərbaycan üzərindən, Azərbaycan məhsulları adı ilə Rusiyaya ötürülməsi gündəmdədir. Rusiya tərəfi də bu məsələni nəzərə alır və sərhəddə məhsullar diqqətlə yoxlanılır. Əgər belə bir hal baş versə, bu, Azərbaycan məhsullarının da ixracına müəyyən məhdudiyyətlər gətirə bilər. Türkiyə mallarının Azərbaycan bazarına daha çox gətirilməsi də gündəmdədir. Əgər bu baş versə bəzi məhsulların bahalaşmasının qarşısını alacaq. Son məlumatlar onu göstərir ki, Türkiyə fermerləri əsasən Asiya bazarlarına çıxmağa üstünlük verirlər. Rusyia bazarını Asiya bazarı ilə əvəz etməyə çalışırlar. Səudiyyə, Qətər, Oman kimi ölkələrlə artıq razılaşmalara başlanıb.
Mövsümi amillərə gəlincə, payızın son aylarında həmin ilin məhsulları bitir. Yeni məhsul çıxana qədər məhsul qıtlığı yaranır və bu amil bahalaşmaya səbəb olur. Azərbaycanda illərdir ki, bu problem həll edilmir, iri soyuducular, məhsulları saxlamaq üçün xüsusi yerlər tikilmir. Bu baxımdan yay məhsullarının qışa qədər saxlanılması sistemi hələ də tam oturuşmayıb. Ona görə də, bu mövsümi amillər qiymət artımına təsir edir”. Musavat.com

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın