Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Kriminal / Yeni bahalaşma dalğası gözlənilir – İQTİSADÇI

Yeni bahalaşma dalğası gözlənilir – İQTİSADÇI

Milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara təsirləri inflyasiya artırıcı amilləri fəallaşdıracaq.

Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası üzrə açıqlanan hesabatdan məlum olur ki, bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan malların çeşidlərinin sayı 1040 ədəd artaraq 6520-ə çatıb. Keçən ilin müvafiq dövrünə nisbətən idxal əməliyyatlarının məbləği 13,98 faiz azaldığı halda malların çeşidlərinin sayının 20 faizədək artmı ilk növbədə ölkə iqtisadiyyatının xarici faktorlardan asılılığını gücləndirir. Bu dinamika idxalı əvəz edən yerli istehsalın formalaşması ilə əlaqədar siyası bəyanatları və sənaye məhsulunun artımı ilə bağlı açıqlanan son statistik məlumatları təkzib edir. Belə ki, həqiqətən də əgər deyildiyi kimi qeyri-neft istehsalında inkişaf varsa onda əksinə idxalı əvəz edən yerli istehsal hesabına ölkəyə xaricdən gətirilən məhsulların çeşidlərinin sayında azalma müşahidə olunmalı idi.

Lakin, bu ilin birinci yarısına idxal əməliyyatlarının təhlili göstərir ki, bu dövrdə xüsusilə də alıcılıq qabliyyətinin aşağı düşməsinə baxmayaraq ümumi yekununda 14,8 faiz xüsusi çəkiyə malik olan yeyinti məhsullarının idxalında 12 faiz artım olub. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ötən illə müqayisədə idxalda yeyinti məhsullarının payı 3,6 faiz bəndi yüksəlib. Bununla yanaşı, 2016-cı ilin 1-ci yarsıında idxalda 23,3 faiz xüsusi çəkiyə malik olan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 7,5 faiz, idxalda 12,5 faiz xüsusi çəkiyə malik olan nəqliyyat vasitələri və onların hissələri isə 2 dəfəyədək azalıb. Beləliklə də cari ilin 6 ayının yekunlarına görə ölkəyə gətirilən yeyinti məhsullarının xüsusi çəkisi, məbləği və çeşidləri artdığı halda milli iqtisadiyyatın modenləşdirilməsi üçün vacib olan nəqliyyat vasitələri, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı azalıb. Bundan çıxan nəticə belədir.

Birincisi, milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara qiymət artırıcı təsirləri inflyasiyanın artımını şərtləndirəcək və belə olan halda cari ilin ikinci yarısında da ölkə iqtisadiyyatında 2 rəqəmli inflyasiya hökmranlıq edəcək.

İkincisi, yeni texnika və texnologiyaların, müasir maşın və mexanizmlərinin idxalının aşağı düşməsi milli iqtisadiyyatın modernləşdirilməsi prosesini ləngitməklə ölkənin rəqabət qabliyyətinin aşağı düşməsinə və bununla da qeyri-neft ixracatının yalnız xammal və aqrar məhsulların bazasında formalaşmasına gətirib çıxaracaq. Bu sahədə potensialın azlığı milli iqtisadiyyatın gələcəyi üçün ciddi problemlər yaradacaq, belə olan halda da ölkə iqtisadiyyatı və manatı daha mürəkkəb və böyük çətinliklərlə üzləşəcək. Təəssüf ki, idxalda müşahidə olunan mövcud dəyişiliklər nə iqtisadiyyata məsul olan hakimiyyət orqanlarını, nə də ki, bu sahədə qərar qəbul edən səlahiyyətli şəxsləri hələ də qayğılandırmır.

Qubad İBADOĞLU

Həmçinin oxuyun

Bakıda patronlarla tutulan israilli: “Ümid edirəm ki, bazar günü məni buraxacaqlar”

Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə …

Bir cavab yazın