Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Kriminal / “Yaxın Şərq böhranı dolları gücləndirə bilər” – iqtisadçı ekspertdən manatla bağlı xəbərdarlıq

“Yaxın Şərq böhranı dolları gücləndirə bilər” – iqtisadçı ekspertdən manatla bağlı xəbərdarlıq

Əkrəm Həsənov: “Çaxnaşmalar artdıqca ABŞ-dan asılılıq artır, digər ölkələrin iqtisadiyyatı zərər görür”

Məlum olduğu kimi, Yaxın Şərqdə siyasi böhran yaşanır. Əksər ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsinin ardından Səudiyyə Ərəbistanı ilə İran arasında düşmənlik son həddə çatıb. Artıq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki, Mavritaniya Qətərlə münasibətləri dayandırıb. İordaniya isə rəsmi Dohayla münasibətləri ən aşağı səviyyəyə endirib.

Bu dövlətlər buna səbəb kimi Qətərin terrorizmi maliyyələşdirməsini əsas göstəriblər. Bunun əksinə İran Qətərə dəstək verir. Bütün bu proseslərdə isə ABŞ-ın marağının olması istisna edilmir. Adı çəkilən ölkələrin dünyanın neft və qaz bazarında mühüm yer tutduğunu nəzərə alsaq, Yaxın Şərqdə yaşanan bu gərginliyin dünya enerji bazarına, o cümlədən dolların və digər ölkələrin milli valyutalarının məzənnəsinə təsirinin olacağını da istisna etmək olmaz.

Bəs, baş verənlər manatın məzənnəsinə necə təsir göstərəcək?

Bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünası Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, adətən neft və qaz ölkələri ətrafındakı siyasi-hərbi gərginlikdən neftin və qazın bahalaşmasını gözləyirlər: “Çünki sanksiyalara məruz qalan neft-qaz ölkəsinin bazardan çıxmasını, ən azı payının azalmasını və nəticədə neftin-qazın təklifində azalmanı gözləyirlər. Paralel olaraq dolların zəifləməsi və neft-qaz ölkələrinin milli valyutalarının bahalaşması proqnozlaşdırılır. Çünki onlar nefti və qazı daha baha satıb dollar axınının artması hesabına milli valyutalarını gücləndirə bilərlər”.

Ə.Həsənovun sözlərinə görə bu dəfə durum bu nəzəriyyəyə uyğun deyil, tam fərqlidir: “Əvvəla, ona görə ki, Qətərdə neft azdır, qaz çoxdur. Qazın qiymətinin isə qısamüddətli dəyişkənliyi azdır, çünki əsasən uzunmüddətli müqavilələr əsasında qabaqcadan müəyyən olunur və boru kəmərləri vasitəsilə satılır. Buna görə də Qətər ətrafındakı konflikt qazın qiymətini artırmadı. Əksinə, Qətər OPEK üzvü olduğu və həmin təşkilatın üzvlərinin neftin qiymətinin düşməsinin qarşısını almaq üçün hasilatın azaldılması haqda bağladıqları razılığa riayət etmələrinə şübhələr artdı. Digər tərəfdən, İrana qarşı da sırf neft-qaz sahəsində hər hansı sanksiya hələlik yoxdur, neftini rahat satır. Bütün bunları rəhbər tutaraq demək olar ki, neftin qiymətinin artması və manatın bahalaşması ehtimalı azdır. Əksinə, neftin ucuzlaşması, dolların möhkəmlənməsi daha real görünür. Hətta hərbi çəkişmələr güclənsə belə bu dəyişməyəcək”.

Ekspert iddia etdi ki, dünyada müharibələrin artması dolları yalnız möhkəmləndirir: “Dollar dünyanın ehtiyat valyutası, FES faktiki dünyanın mərkəzi bankıdır. Bu mənada qlobal dünyada əslində nə demokratiya, nə də real rəqabət var. Çaxnaşmalar artdıqca ABŞ-dan asılılıq artır, digər ölkələrin iqtisadiyyatı zərər görür. Təsadüfi deyil ki, belə fikir də var ki, ABŞ bilərəkdən konfliktləri artırır və hətta İŞİD kimi terrorçu dəstələrə ən azı dolayısı dəstək verir. Hər bir halda göz qabağında olan odur ki, dünyada ən çox borcu olan ABŞ-ın valyutası zəifləmir, müharibələr artdıqca, əskinə, güclənir. Səddam Hüseynin İraqı kimi dollara meydan oxuyanlar isə zorla susdurulur. 2007-2008-ci il qlobal böhranı zamanı ABŞ-ın da, dolların da zəifləyəcəyi gözlənilirdi. Amma ”ərəb baharı”, İŞİD və s. bu kimi amillər ABŞ-la rəqabət aparanların inkişafına mane oldu. Əsasən də Çinin inkişafı zəiflədi. Odur ki, Yaxın Şərqdə baş verən konfliktlər dərinləşdikcə dollar güclənəcək, çoxları məhz ABŞ-ı ən təhlükəsiz sərmayə yeri kimi görəcək. Bu isə o deməkdir ki, digər milli valyutalar, o cümlədən manat zəifləyəcək”.

 

Həmçinin oxuyun

Tariyel Ağayevin qardaşı oğlu bəraət aldı – Modelyeri girov saxlamaqda günahlandırılırdı

Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə iclası davam etdirilib. Criminal.az …

Bir cavab yazın