Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Kriminal / “Xeyli borcum var idi, həbs olunmaq istəyirdim”

“Xeyli borcum var idi, həbs olunmaq istəyirdim”

Günün günortaçağı banka soyğuna yollanıb, içəri girən kimi bıçağı xəzinənin önündəki müştəri qadının boğazına dirəyib, detektiv filmlərdəki kimi “Tərpənməyin, bu qarətdir” deyə qışqırıb. Kassadakı pulları qəpiyinə kimi verməyi xəzinədardan tələb edib. Əks halda, həm müştərini, həm də onu öldürəcəyi ilə hədələyib. Ən maraqlısı isə saxlanılarkən niyyətinin əslində bankı soymaq deyil, həbsə atılmaq olduğunu dilə gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 50 yaşlı Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 18-də “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Günorta saatlarında filiala gələn N.Məmmədov bankda pul dəyişmək istəyən 50 yaşlı Səriyyə Nəcəfovaya yaxınlaşaraq qəflətən bıçağı onun boğazına dirəyib.

Eyni zamanda, xəzinadardan kassadakı bütün pulları ona verməyi tələb edib. Əks təqdirdə qadını öldürəcəyini deyib. Kassada həmin vaxt 198 min 345 manat pul olub. Bankın əməkdaşları basqın edən şəxsə hiss etdirmədən həyəcan siqnalı düyməsini basıblar, mühafizə siqnalizasiyası işə düşüb, hadisə yerinə polis əməkdaşları gəlib, N.Məmmədov tərksilah edilib.

Təqsirləndirilən Nazim Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində maddi imkanının yaxşı olmadığını, paytaxtdakı banklardan birini qarət etməyi planlaşdırdığını göstərib: “Hadisədən bir neçə gün əvvəl Nizami küçəsindəki “Turan Bank”a 300 dolları manata çevirmək üçün getmişdim. Həmin vaxt ətrafı diqqətlə müşahidə etdim. Bankın xəzinəsinin hər hansı xüsusi vasitə ilə mühafizə olunmadığını anladım. Basqın yolu ilə pul tələb etmək üçün münasib yer olduğunu düşündüm. Bu məqsədlə də yanvarın 18-də evdən bıçaq götürüb birbaş banka getdim”.

2 saylı Ruhi-Əsəb Dispanserində müalicə olunan N.Məmmədovun ifadəsinə görə, bankın içərisinə daxil olub, xəzinənin qarşısında bir qadının, girişdə isə mühafizəçinin dayandığını görüb. İlk olaraq xəzinədən pul almaq istəyən qadına yaxınlaşıb. Kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq qadının boğazına dirəyib. Üzünü xəzinədara tutaraq pulları verməyi tələb edib: “Boğazına bıçaq dirədiyim qadın övladlarının olduğunu dedi, onu buraxmağımı xahiş etdi. Mən də buraxdım, qaçıb bankın digər otaqlarına sarı getdi. Sonra polislər banka daxil oldular, əlimdəki bıçağı yerə atmağımı tələb etdilər. Bıçağı yerə atıb təslim oldum”.

Əslində niyyətinin bankı soymaq deyil, məhz həbs olunmaqdan ötrü belə bir cinayətə imza atdığını deyən N.Məmmədov törətdiyi əməldən peşman olduğunu da gizlətməyib: “Polislər məni Yasamal Rayon Polis İdarəsinə apardılar. Xeyli borcum var idi, qaytara bilmirdim, əsəblərim pozulmuşdu. Bu cinayəti də həbs olunmaq üçün törətmişəm. Bankdan pulu götürüb getmək fikrim olmayıb. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Bankda Səidə Nəcəfovadan başqa heç kimi bıçaqla qorxutmamışam. Hadisə üç-beş dəqiqə çəkib. Bankın qapıları bağlandığından qaçıb gedə bilmədim. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş Səidə Nəcəfova ifadəsində hadisə baş verən gün manatla olan pulunu dollara çevirmək üçün banka getdiyini, xəzinəyə yaxınlaşıb pulu dəyişərkən tanımadığı bir nəfərin qəflətən onu tutduğunu və boğazına bıçaq dirədiyini göstərib. Hadisə zamanı xəsarət almadığını deyən S.Nəcəfova təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadını bildirib: “Xəzinədardan pulları tələb etdi. Pulları verməyəcəyi halda hər ikimizi öldürəcəyi ilə hədələdi. Ona övladlarımın olduğunu dedim, məni buraxmasını xahiş etdim. İki-üç dəqiqədən sonra məni buraxdı. Polislər banka gəldilər. Nazim Məmmədovla barışmışam, şikayətçi deyiləm”.

2009-cu ildən etibarən “Turan Bank” ASC-nin Yasamal filialında baş xəzinədar vəzifəsində işləyən Kənan Miriyev də anoloji ifadə verib: “Xanım müştərini və məni ölümlə hədələyir, nalayiq sözlər işlədir, pulları tələb edirdi. Filialın müdiri Fərid Qəniyev mühafizə polisinə zəng vurdu. Qısa müddət ərzində polis əməkdaşları filiala gələrək həmin şəxsi zərərsizləşdirib polis bölməsinə apardılar. Həmin gün bankda təxminən 150-200 min manat pul var idi. Nazim Məmmədovla barışmışam, ona qarşı şikayətim və tələbim yoxdur”.

Məhkəmənin hökmü ilə Nazim Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Xaçmazda 20 yaşlı oğlanın hissələrə bölünmüş meyiti aşkarlandı

Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb. Trend-in məlumatına görə, Xaçmaz rayonunun Çarxı kəndi ərazisindəki dəmir …