Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Xarici şirkətlərin Azərbaycanı tərk etməsi yerli iqtisadiyyata təhlükədirmi? – ARAŞDIRMA

Xarici şirkətlərin Azərbaycanı tərk etməsi yerli iqtisadiyyata təhlükədirmi? – ARAŞDIRMA

Bəzi təhlilçilərə görə, xarici şirkətlərin getməsi ölkədə biznes mühitinin pisləşməsinin göstəricisidir, digər ekspertlər isə Azərbaycanda çalışan xarici şirkətlərin sayının azalmasının ölkə iqtisadiyyatında nə isə dəyişdirəcəyini düşünmür.

Ötən ildən başlayaraq bir neçə böyük xarici şirkətlər Azərbaycanı tərk edib ki, bu il onların sırasına Kempinski otel şəbəkəsi və Royal Dutch Shell şirkətinin törəməsi olan Shell Business Development Central Asia B.V şirkəti də daxil olub.

2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 100 faiz xarici investisiyalı şirkətlərin sayı 2015-ci illə müqayisədə 3 faizdən çox artaraq 5987-ə çatıb, Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən ləğv olunan xarici müəssisələrin sayı 2015-ci il ərzində 64 olub ki, cari ilin 6 ayı ərzində bu rəqəm 45-ə bərabərdir.

Subyektiv səbəb

2011-ci ildə açılışına prezident İlham Əliyevin də qatıldığı “Kempinski Hotel Badamdar” fəaliyyətindən 4 ildən sonra ölkəni tərk etmək haqda qərar verib və 31 iyul tarixindən hotel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.

Otelin marketinq meneceri Fərəh Nəcəfova BBC Azərbaycancaya müsahibəsində deyib ki, Kempinski şirkətinin Azərbaycanı tərk etməsinin “iqtisadi səbəblə əlaqəsi yoxdur”.

“Kempinski Şirkəti və Kempinski Hotel Badamdar sahibkar şirkəti idarəçilik müqaviləsini bitirmək üzrə ikitərəfli razılıq veriblər. Hazırda məhşur beynəlxalq otel brendi ilə danışıqlar aparılır”, şirkət nümayəndəsi bu yeniliyin otel işçilərinin sayında hər hansı dəyişikliyə səbəb olmadığını əlavə edir.

İqtisadi təhlilçi Samir Əliyev düşünür ki, xarici şirkətlərin Azərbaycanı tərk etməsi daha çox “yoxlamalardan tutmuş monopoliyaya qədər subyektiv” səbəblərdən dolayı ölkədə işləməkdə çətinlik çəkməkləri ilə bağlıdır.

“Bu, digər xarici şirkətlərin ölkəyə gəlməsinin qarşısını alan bir amildir. Bu, həm Azərbaycanın imicinə mənfi təsir göstərir, eyni zamanda xaricdən valyuta cəlb etmək, kredit almaq imkanlarını çətinləşdirir”, ekspert bu tip şirkətlərin ölkəni tərk etməsi nəticəsində onların yerini “az təcrübəsi olan, yüksək xidmət göstərə bilməyən” şirkətlərin tutmasından bəhs edir.

Cənab Əliyev əlavə edir ki, xarici investisiya cəlbi və ölkəyə yeni texnologiyaların gətirilməsi və yüksək keyfiyyətli xidmətlərin yaradılması xüsusiyyətlərinə görə hökumətlər hər zaman əcnəbi şirkətlərin ölkəyə gətirməkdə maraqlı olur.

“O şərtlə ki, yerli istehsalı da dəstəkləməlidir ki, yerli şirkətlər onlarla rəqabət apara bilsin.”

Say göstəricidirmi?

Azərbaycandakı İnam yatağında 5 faizlik paya sahib olan Shell şirkəti 2016-cı ilin iyul ayında ölkəni rəsmən tərk etdiyini açıqlayıbImage copyrightAP
Image captionAzərbaycandakı İnam yatağında 5 faizlik paya sahib olan Shell şirkəti 2016-cı ilin iyul ayında ölkəni rəsmən tərk etdiyini açıqlayıb

Shell şirkətinin Bakı ofisini internet səhifələrində göstərilən ünvanda və ya əməkdaşını tapmaq mümkün olmayıb. Veb-səhifədə göstərilən telefon nömrələrinin isə şirkətə aid olmadığı bəlli olub.

Neft-qaz sənayesi üzrə ekspert İlham Şaban deyir ki, bu sahədə çalışan və Azərbaycanı indi tərk edən şirkətlər əslində “çoxdan burda yoxdular, sadəcə onlar hüquqi cəhətdən bağlanmalarını indi elan edirlər”.

Onun sözlərinə görə, neft-qaz sənayesi üzrə Azərbaycanı tərk edən əsasən servis şirkətləridir, hansı ki, “3 ildir işsiz oturublar”.

“Gözləyirdilər ki, yeni layihələr olacaq hasilatla bağlı, yeni müqavilələr imzalanacaq və onlar həmin layihələrdə iştirak edə bilərlər. Amma gördülər ki, neftin qiyməti 2014, 2015 və 2016-cı illərdə düşdü və 2017-ci ildə hələ ki, qeyri müəyyənlikdir. Ona görə bağlayıb çıxıb gedirlər”, ekspert şirkətlərin bu addımı burda qalmalarının “heç bir əhəmiyyəti olmadığını” deyir.

Cənab Şaban deyir ki, gedən şirkətlərin yerinə gələnlər də var və ona görə mütəxəssis ölkədə fəaliyyət göstərən xarici şirkətlərin sayını müqayisə etməyin “yersiz” olduğunu düşünür.

“Şahdəniz layihəsi üzrə 15 milyard dollarlıq müqavilə imzalanıb. Bu müqavilə imzalananda ölkədə olan bəzi şirkətlər müqavilə ala bilmədi. Onların əvəzinə Hollandiyadan, Norveçdən, Avstraliyadan yeni-yeni şirkətlər gəldilər”, ekspert Azərbaycanda “heç vaxt belə olmamışdı ki, bu qədər müqavilələr imzalansın” deyir.

Şirkətlərin Azərbaycanı tərk etməsi “öz siyasətlərindən və aktivlikdən asılıdır” deyən cənab Şaban sözlərinə əlavə edir ki, 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağı üzrə ən azı 8 milyard dollarlıq müqavilə imzalanacaq ki, bu ölkəyə daha böyük xarici şirkətlərin cəlb edəcək.

Manatın iki dəfə ucuzlaşması ilə yadda qalan 2015-ci ildə yaranan xarici investisiyalı yeni şirkətlərin sayı isə 412-yə bərabər olub ki, 2014-cü illə müqayisədə bu 22 faiz aşağı göstəricidir. Bu ilin ilk 6-ayı ərzində yaranan xarici şirkətlərin sayı hələ ki, 251-də qərarlaşıb və rəqəmlərin dəyişəcəyi “istisna olunmur”. (BBC)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın