Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan ananın işi: “Evə gec gəldi”

Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan ananın işi: “Evə gec gəldi”

İki uşaq anası hakim qarşısına çıxarılıb. Buna səbəb onun övladlarından birini bıçaqlamasıdır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən qadın elan olunmuş ittihamla özünü təqsirli bildiyini söyləyib.

İki qız övladının olduğunu deyən ana cinayəti həmin vaxt əsəbi olduğu üçün etdiyini söyləyib.

“Həyat yoldaşım xəstə idi, evdə yatırdı. Evdə söz-söhbət oldu deyə həmin hadisə baş verdi. Qızım Cəmalə qapının qarşısında dayanmışdı. Onu içəri çağırdım. Sonra mübahisə etdik. Əsəbləşəndə onu vurdum”- deyə təqsirləndirilən şəxs əlavə edib

Amma hakim A.Rüstəmovaya xatırladıb ki, istintaqa verdiyi ifadəsi fərqlidir.

Məlum olub ki, A.Rüstəmova istintaqda dindirilən zaman söyləyib ki, həyat yoldaşından ayrı yaşayır, evlərdə xadiməlik edib:

“Əziyyətlə uşaqlarımı böyütmüşəm. Böyük qızım mənə qulaq asmırdı. Qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi də evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırdım ki, “niyə icazəsiz çimərliyə getmisən və həm də gec gəlmisən?” Qızım mənə qulaq asmadı və sonra onu bıçaqla vurdum”.

Təqsirləndirilən qadın fərqli ifadə verməsini təsdiq edib.

A.Rüstəmova zərərçəkmiş qızı Cəmalə Həmidovanın hazırda Türkiyədə olduğunu deyib:

“Qızım işi ilə əlaqədar Türkiyədədir. Ayın 20-dək Bakıya qayıdacaq. Özü də gəlib məhkəmədə ifadə verəcək və hadisənin necə baş verdiyini danışacaq”.

Təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib.

İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …