Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Xalq artistinin bacısı oğlunun məhkəməsi yenə təxirə düşdü

Xalq artistinin bacısı oğlunun məhkəməsi yenə təxirə düşdü

Dünən, təyin olunan, Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə məhkəmə proses yenidən təxirə salınıb.

Artıq 4-cü dəfədir ki, təxirə salınan prosesdə hökm oxunmalıdır. Lakin hər dəfə hökm oxunması baş tutmur. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən proses ötən ilin əvvəlində başlayıb. Sonuncu məhkəmədə hakim bildirib ki, təqsirləndirilən şəxs – Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov məhkəməyə yenə də teleqram yollayıb və xəstə olduğunu qeyd etməklə prosesin təxirə salınmasını xahiş edib. Zəfər Abdulovun müraciəti növbəti dəfə nəzərə alınıb və məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

İş üzrə 5 təqsirləndirilən şəxs var. İttihama görə bu şəxslər əlbir olaraq Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxta sənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahəsi bu yolla satılıb. Ahıl qadınlara məxsus torpaqları satan mütəşəkkil dəstənin cinayət işində əsas fiqurant kimi Daşqın Nəsirov keçir. 1 ilə yaxındır davam edən məhkəmə prosesində prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib. Təqsirləndirilən şəxslərin arasında Daşqın Nəsirovdan savayı Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev və Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov da var. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir.

Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!” – 92 yaşlı qadın  məhkəmədən tələb etdi

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən 4 ay içəridə saxlandıqdan sonra səhhətindəki problemlər əsas gətirilərək, buraxıldı. Hazırda onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Yalnız Rahil Babayev və Çingiz Səfərov 2020-ci ilin dekabrından həbsdədir. Prokuror Çingiz Səfərovun 5 il 6 ay, Rahil Babayevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib. Hazırda azadlıqda olan 3 nəfərin də həbsini təklif edən dövlət ittihamçısı Daşqın Nəsirovun 6 il, 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi və onun müavininin hər birinə isə 4 il 6 ay həbs cəzası kəsilməsini istəyib. Prokuror onu da bildirib ki, Daşqın Nəsirov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə depozit hesaba 190 min manata yaxın pul keçirib. Zərərçəkmişlərdən Əzizəxanım Atayeva və mərhum Xumara Şabanovanın (o, məhkəmə prosesi davam edən dövrdə vəfat edib) nümayəndəsi Cavad Cavadov bildirib ki, onlara dəymiş ziyan ödənilərsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq. Əzizəxanım Atayeva  isə deyib ki, onun 4 övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun 4 yox, 1 övladı var, özü də 2006-cı ildə vəfat edib. Digər zərərçəkmiş, mərhum Xumara Şabanova bildirmişdi ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı: “O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var…”

Daşqın Nəsirov 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını məşhur iş adamı, “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. İş üzrə istintaq zamanı cinayətin qrup şəkilində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Hazırda həmin epizodlar üzrə Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsində istintaq davam edir. Musavat.com

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …