Ana səhifə / Kriminal / Xalq artisti ilə bağlı psixi ekspertizanın keçirilməsi istənilir

Xalq artisti ilə bağlı psixi ekspertizanın keçirilməsi istənilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin  məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi baş tutub. 

Hakim bildirib ki, sorğuda Ə. Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənov arasında 2150 dəfə telefon əlaqəsi olduğu qeyd olunub.

Lakin Ə.Əbdüləziz öncəki iclaslarda İ.Həsənov ilə telefonla danışmadığını deyib.

Hakim məhkəmə istintaqını tamamlamağı təklif edib, prokuror razılaşsa da, müdafiə tərəfi etiraz edib.

Ə. Əbdüləzizin vəkili vəsatət verərək bu işdə adı keçən xalq artisti Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib. Vəkil bildirib ki, A. Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər: “Arif Qazıyev məhkəmədə iştirak etmədi, ifadə vermədi. Sonradan teleqram vurub xəstə olduğu üçün gələ bilmədiyini qeyd etdi. İstintaqda da o ifadə verə bilmədiyi üçün polis mayoru evinə gedərək Arif Qazıyevdən ifadə alıb. Arif Qazıyev yaza bilmədiyin üçün o deyib, polis yazıb. Amma istintaq onun səhhəti ilə bağlı ekspertiza keçirməyib. Xahiş edirəm, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında sual qoysun ki, Arif Qazıyev anlaqlıdırmı, şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?”.

Ə. Əbdüləziz vəsatəti təsdiqləyib, prokuror isə təmin olunmamasını istəyib. Məhkəmənin qərarı ilə vəsatət təmin olunmayıb.

Ə. Əbdüləzizin vəkili daha bir vəsatət verib. O bildirib ki, şahidlər ifadələrində “Gəlişim İnşaat” şirkətinin kassirinin “Kapitalbank”dakı hesabdan 300 min manat çıxararaq Əzizə verdiyini bildiriblər. Bununla bağlı banka sorğu verilərək belə bir əməliyyatın aparılıb-aparılmadığı öyrənilməsini istəyib.

Zərərçəkmiş İxtiyar Həsənov bildirib ki, “Gəlişim İnşaat” şirkəti Meliorasiya və Su Təsərrüfatı Birliyi 29 milyon manatlıq müqavilə imzalayıb, su kanallarının çəkilməsi həyata keçiriləcəkdi. Buna görə də idarə şirkətin hesabına 2,5 milyon manat avans köçürmüşdü.

İ. Hüseynov əlavə edib ki, vəkili olmadığı üçün vəsatətə münasibət bildirmək istəmir. Vəsatətin müzakirəsi növbəti iclasa saxlanılıb.

Proses dekabrın 10-da davam etdiriləcək.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd “TIR” tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir. A. Qazıyev Əzizi İxtiyarla tanış edib.

 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …