Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Xəzər marşrutunun Türkiyə TIR-larını qəbul etməyə gücü çatmadı?

Xəzər marşrutunun Türkiyə TIR-larını qəbul etməyə gücü çatmadı?

Xəbər verdiyimiz kimi  Türkiyənin Rusiya qırıcısını vurduqdan sonra Rusiya Türkiyənin Orta Asiyaya gedən yük avtomobillərinin ölkə ərazisindən keçməsinə maneələr yaradıb. Fürsəti düzgün qiymətləndirən Azərbaycan  yük avtomobillərinin ərazisindən keçməsi üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı saldı. Son günlər Azərbaycan ərazisindən Orta Asiyaya gedən Türkiyə TIR-larının sayı artıb. Amma həmin TIR-ların Xəzər dənizindən bərə ilə daşınmasında çətinliklər ortaya çıxıb. 193 TIR Bakıda limanda gözləyir.

Əgər yaranmış çətinliklərdən biri sərt hava şəraitidirsə, ikinci bir səbəb Aktau limanının imkanlarının yükaşırma imkanlarının aşağı olmasıdır.

Xəzər Dəniz Gəmiçiliyinin Mətbuat Xidmətinin rəisi Vüqar Mirsadiq bildirib ki, son günlər Bakıda limanda gərginlik yaranıb:

“Bazar günü biz iki əlavə bərə reysini həyata keçirmişik. “Azərbaycan” və “Bərdə” bərələri Aktau limanına yola salınıb. Dekabrın 14-də “Akademik Həsən Əliyev” bərəsi bortunda 34 qoşqulu yük avtomobili ilə yola salınıb. Gəmiçiliyin rəhbərliyi tərəfindən limanda yaranmış müəyyən gərginliyin aradan qaldırılması üçün tədbirlər daim həyata keçirilir. Sadəcə olaraq son günlərdə, belə bir gərginliyin yaranmasına səbəb Xəzər hövzəsində hava şəraitinin son dərəcə kəskin olmasıdır. Dekabrın 4-dən başlayan qasırğa Dekabrın 6-sı 9-u arası 4 gün ərzində Aktau limanının bağlanması ilə nəticələndi. Yəni, bu, bizdən asılı olan məsələ deyil. Aktau limanının rəhbərliyi fırtınalı, qasırğalı havalarda limanı qapalı elan edir və gəmiləri qəbul etmir. Həmin vaxt bizim gəmilər Aktau limanında lövbərdə havanın yaxşılaşmasın gözləyirlər”.

“BİR YANALMA KÖRPÜSÜ BƏRƏLƏRİ QƏBUL EDİR”

Vüqar Mirsadiq əlavə edib ki, Aktau limanında yalnız bir yanalma körpüsü bərələri qəbul edə bilir və limanın yükaşırma qabiliyyəti artırılmalıdır.

Azərbaycan Respublikasının Tranzit  Yükdaşımalar üzrə Koordinasiya Şurasından “Marja”ya daxil olmuş məlumatda qeyd olunurdu ki, son günlərdə Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artmışdır:

“YÜK MAŞINLARI ÇOXDUR”

“Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranmış və 6-9 dekabr tarixlərində Aktau Limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş vermişdir. Bununla yanaşı, Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirmişdir.

Bu problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında müzakirələr aparılmış və müvafiq tədbirlər görülmüşdür. Belə ki, artıq yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq etmiş və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarmış, bərə reyslərinin sayı artırılmışdır.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır”.

Bununla belə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılmış, dükan və kafe fəaliyyətə başlamışdır. Limana girişdən öncə kassa yerləşdirilmiş və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılmışdır. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılmışdır. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər. Marja

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …

Bir cavab yazın