Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Vüqar Bayramov: ““Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”…”

Vüqar Bayramov: ““Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”…”

“Kompensasiya mexanizmi olmadan dollarla olan problemli kreditlərin artmasının qarşısını almaq mümkün olmayacaq”…
“Əgər bank verdiyi krediti geri ala bilmirsə, öz öhdəliklərini də yerinə yetirə bilməyəcək”…
“İllik 12 faizdən çox olmayan bütün əmanətlər məbləğindən asılı olmayaraq növbəti 3 il ərzində sığortalanması kifayət qədər radikal addımdır”…
“Hazırda banklarda olan əmanətlərin həcmi bütövlükdə 7 milyard manatdır”…
“Azərbaycanda dollarlaşma səviyyəsi kifayət qədər böyükdür”…
“Birinci devalvasiyadan sonra, xüsusən də ondan 6-7 ay öncədən etibarən banklar dollarla kredit verməyə üstünlük verirdilər”…
“Dollarla kreditin verilməsini tam qadağan etmək mümkün deyil, lakin məhdudiyyət qoymaq mümkündür”…
“Manatla olan əmanətlərin MB tərəfindən vaxtında indeksasiyası dolara tələbatı azaldardı”…
“Banklar vətəndaşdan dollarla depozit götürürsə, onu manata çevirib kredit verməyəcək, bunu gözləmək sadəlövhlükdür”…
“Mərkəzi Bank inzibati yolla yox, islahatlar çərçivəsində həm əmanətləri manatla cəlb edə bilər, həm də manat kreditlərini artıra bilər, bu, vətəndaşların və bankların risklərini azaldar”…
“Azərbaycanda banklar özləri də krediti olan vətəndaşa digər bankdan kredit verməyə maraqlıdır, ona görə də problemlərin səbəbkarı elə banklar özüdür”…
“Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”…
“MB bayram günlərində,  hətta  şənbə-bazar günlərində valyutaya təminatın ödənilməsi ilə bağlı real addımlar atmalıdır”…
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Vüqar Bayramov ikinci devalvasiyadan sonra xarici valyuta ilə verilən kreditlərə kompensasiya mexanizminin tətbiq edilməsini vacib sayır: “Dollarla olan kreditlərin manatla ifadəsində kəskin artımlar müşahidə olunur. Məsələn, birinci devalvasiyadan əvvəl 10 min dollar kredit götürən vətəndaşın aldığı məbləğin manatla ifadəsi 7800 manat idisə, son iki devalvasiya nəticəsində bu rəqəm 15600 manata qədər yüksəlib, faizləri də nəzərə alsaq, artıq həmin kredit məbləği 20 mindən artıqdır. Amma vətəndaşın əməkhaqqında artım müşahidə olunmayıb. Nəzərə alsaq ki, vətəndaşın digər xərcləri də artıb, onun 20 min manatı qaytarmaq imkanları artıq məhduddur. Kompensasiya mexanizmi olmadan dollarla olan problemli kreditlərin artmasının qarşısını almaq mümkün olmayacaq. Bu həm vətəndaşlar üçün, həm də banklar baxımından vacibdir. Əgər bank verdiyi krediti geri ala bilmirsə, öz öhdəliklərini də yerinə yetirə bilməyəcək. Kreditlərin ödənilməsində yubanmalar müşayiət olunduqca, vətəndaş depozitlərinin saxlanılmasına da inam azalır”.
Qonaq əmanətlərin sığortalanması ilə bağlı məhdudiyyət və şərtlərin aradan qaldırılmasını müsbət addım hesab edir: “Artıq əmanət faizi illik 12 faizdən çox olmayan bütün əmanətlər məbləğindən asılı olmayaraq növbəti 3 il ərzində sığortalanır. Bunun özəlliyi ondan ibarətdir ki, əgər həmin əmanəti bank qaytara bilməyəcəksə, Əmanətlərin Sığortalanması Fondu qaytaracaq. ƏSF-nin vəsaiti kifayət qədər olmadıqda, Milli Bankdan vəsait  sərf olunacaq. Bu zaman hətta qiymətli kağızlar bazarına daxil olmaqla vəsaiti cəlb etmə imkanına malik olacaq. Hazırda banklarda olan əmanətlərin ümumi həcmi 7 milyard manatdır. Əmanətlərin 85 faizdən çoxu dollarladır. Azərbaycanda dollarlaşma səviyyəsi kifayət qədər böyükdür. Devalvasiyadan bir müddət öncə 2014-cü ilin ortalarına doğru, bankların dollar təklifi daha da artmışdı. Banklar krediti valyuta strukturuna uyğun olaraq verir. Bankın bəlli miqdarda manatı və dolları var və ona uyğun da krediti təklif edir. Manatın ən güclü vaxtlarında belə dollarla kredit verilirdi. Birinci devalvasiyadan sonra, xüsusən də ondan 6-7 ay öncə başlayaraq banklar dollarla kredit verməyə üstünlük verdilər”.
Ekspert bankalrın dollarla kredit təklif etməsinə məhdudiyyətlərin olmasını məqsədəuyğun hesab edir: “Ölkədə ödəniş vasitəsi manat olsa da, borclanma və banklar tərəfindən kreditlərin verilməsi dollarla həyata keçirilə bilər. Bəzi ölkələrdə dollarla kredit vermədə məhdudiyyət qoyulub, amma Azərbaycanda bu yoxdur.  Dollarla kreditin verilməsini tam qadağan etmək mümkün deyil, lakin məhdudiyyət qoymaq mümkündür. Bunun üçün isə Mərkəzi Bank tərəfindən addımların atılmasına ehtiyac var. Əlbəttə, burada söhbət qanunvericilikdə məhdudlaşdırmadan getmir. Sorğular da göstərir ki, vətəndaş manatla kredit almaqda maraqlıdır, amma əmanəti bankda dollarla saxlayırlar. Təbii ki, vətəndaşı manatla əmanət saxlamağa təşviq etmək mümkündür və bunun yolları var. Qazaxıstanda və digər ölkələrdə olduğu kimi, MB təşviqedici metodlarla həm vətəndaşların manatla depozit saxlamasını stimullaşdıra bilər, həm də kommersiya bankları tərəfindən manatla kreditlərin verilməsini həyata keçirə bilər. Bunun üçün MB Qazaxıstanda olduğu kimi, manatla olan əmanətləri indeksasiya edə bilər. Bunun mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaş indiki halda pulunu bankda yerləşdirir. Manatla olan bu məbləğ manat dollara indeksasiya olunur. Qoyduğu kursa uyğun olaraq, manatın məbləği düşdükcə, vətəndaşın itirdiyi məbləği, yəni fərqi MB ödəyir. Vətəndaşlar da pulunu dollar və ya manatla saxlamağa tərəddüd edir. İndeksasiya ona gətirib çıxarır ki, MB fərqi ödədiyinə görə, vətəndaş əmin olur ki, manat güclənsə də, zəifləsə də vəsaiti dəyər itirməyəcək. Bu ona səbəb olacaq ki, vətəndaşlar pulu evdə saxlamayacaq. Həmin pul bankda manat formasında saxlanılacaq, bu zaman pul aktiv iqtisadiyyata daxil olur, təhlükə riski aradan qalxır, dollara tələb yaranmır. Hal-hazırda evdə saxlanan pullar dollarladır”.
Vüqar Bayramov bakların daha çox dollarla kredit  təklif etməsinin obyektiv səbəblərindən də danışıb: “Kreditlərin dollarla yox, daha çox manatla verilməsi də çox vacib məqamdır. Azərbaycanda əmək haqqımız manatladırsa, biz manatla xərcimizi hesablaya bilməliyik.  Əgər kreditlər və ödənişlər manatla olursa, vətəndaş bilir ki, kursun dəyişməsindən asılı olmayaraq, onun aylıq ödənişi sabit qalacaq, məzənnənin düşüb-qalxmasının fərqi yoxdur. Banklar vətəndaşdan dollarla depozit götürürsə, onu manata çevirib kredit verməyəcək, bunu gözləmək sadəlövhlükdür. MB mərkəzləşdirilmiş kredit resursların həcmini artırmalıdır, imkan verməlidir ki, kommersiya bankları MB-dan daha çox manatla, uçot dərəcəsinə uyğun kredit götürsün, və həmin vəsaiti vətəndaşlara versin. Bankın əgər manatla borcu varsa, borcunu manatla qaytaracaqsa, vətəndaşa manatla kredit verəndə narahat olmur. Amma bank dollarla kredit alıb, ona manata vətəndaşa verəndə təbii ki, kursun dəyişməsi ona təsir edir. MB islahatlar çərçivəsində həm əmanətlərin manatla qoyulmasına nail ola bilər, həm də bankların daha çox manatla kredit verməsini təmin və təşkil edə bilər. Bu da bank sektoru üçün dəstək ola bilər, vətəndaşlar üçünsə riskləri aşağı salar”.
Ekspert kredit borcunu ödəyə bilməyən vətəndaşların məsuliyyətə cəlb olunmasına da münasibət bildirib: “Texniki baxımdan kredit borcunu ödəyən insanların həbs edilməsi mümkün deyil. Ölkədə 2,5 milyon nəfərin krediti var. 1,3 milyon insan zamin durub. Bu o deməkdir ki, təxminən 4 milyon insanın banklara öhdəliyi var. Bu qədər insanın beş faizində problem olsa belə, onları həbs etmək mümkün deyil”.
Vüqar Bayramov əksər vətəndaşların bank kreditlərinin təkrar kredit hesabına ödəməsini təhlükəli hal olduğunu bildirib: “Uzun müddət Azərbaycanda borcu borcla ödəmək, yəni piramida prinsipindən istifadə olunub. Bu qorxulu haldır. Piramida prinsipi ciddi problemdir. Beynəlxalq təcrübədə ödəmə qabiliyyəti imkan versə də, ödənişlərdə yubanma olmasa da, bir banka krediti olan vətəndaşa böyük məbləğdə borc verilmir. Lakin Azərbaycanda banklar özləri də buna maraqlıdır, ona görə də problemlərin səbəbkarı elə banklar özüdür, son vaxtlar banklar sanki kredit vermə yarışına girmişdilər. Nəticədə ölkə əhalisinin üçdə biri borclandı, həmin borcları qaytarmaqda problemlər yarandı. MB müdaxilə edəndə artıq gec idi. Bank sektoru iqtisadiyyatın mühərrikidir. Ona görə də bank sektorunun sağlamlaşdırılması, qorunması və müdafiəsinə ehtiyac var. Ona görə də MB real addımlar atmalıdır, müşahidəçi olmamalıdır. Bank sektoruna nəzarəti gücləndirməlidir. Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”.
Vüqar Bayramov qarşıdakı müddət ərzində valyuta məzənnəsində dəyişikliklərin gözlənilməsinə də münasibət bildirib: “MB bayram günlərində,  hətta  şənbə-bazar günlərində valyutaya təminatın ödənilməsi ilə bağlı real addımlar atmalıdır. Valyuta dəyişmə məntəqələrinin ləğv olunması doğru addım deyildi. Otellərdə valyuta dəyişmə məntəqələri olmalıdır. Məcbur qalıb xarici qonaq qara bazara gedəcək. Bayram günlərində qara bazar yaranacaq. Əgər Mərkəzi Bank tərəfindən qabaqlayıcı addımlara atılmasa, o zaman manat bayram günlərində dollara nisbətən dəyər itirəcək”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın