Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Vilyam məllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq da…”

“Vilyam məllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq da…”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Prosesdə İmişli rayonunun Qaralar kənd bələdiyyəsinin sədri Şıxəli Gülməmmədov ifadə verib. O, əvvəllər sahibkarlıqla məşğul olduğunu, 2015-ci ildə bələdiyyə sədri seçildiyini deyib: “Quruculuq, abadlıq işləri olanda sahibkar kimi yardım etmişəm. Pulu Vilyam müəllimə yox, mühasibə vermişəm. Müəyyən miqdarda imkanım çatan qədər köməklik etmişəm”.

“Abadlıq-quruculuq işləri” üçün rüşvət

İmişli rayonunun Sərxanlı kənd sakini Namiq Xankişiyev məhkəməyə verdiyi ifadəsində deyib ki, torpaq sahəsini atasının adından öz adına keçirmək üçün İmişli icra hakimiyyətinin hüquqşünası Rahim Zahidova 1300 manat pul verib.

Digər şahid, sahibkarlıqla məşğul olan Hümbət Həsənov V.Hacıyevi rayon rəhbəri kimi tanıdığını, şəxsi tanışlığı  olmadığını deyib: “Yanacaqdoldurma məntəqəsi balaca idi.  Onu böyütmək, genişləndirmək lazım idi. Mən də baş memara müraciət etdim. Mənə dedilər ki, rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat verməlisən. Pulu baş memar Nazimlə birlikdə mühasibatlığa vermişəm”.

Məmi duz-çörəyi tapdalamır, amma Vilyama 5 min manat verdiyini təsdiqləyir

Əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi vəzifələrində, hazırda İmişli rayonunda bələdiyyə sədri işləyən Məmi Atakişiyev məhkəmə ifadəsində sabiq icra başçısı ilə münasibtlərinin hər zaman yaxşı olduğunu deyib:

“Duz-çörək kəsmişik. Hər şey ədalətli olsa yaxşı olardı. Tanışım, Səadət Şahvələdova bağça müdiri işləyirdi. Vilyam müəllim onu işdən çıxartmaq istəyirdi. Gəldim yanına, xahiş elədim, məni eşitdi. Buna görə Səadət mənə 5 min manat verdi, mən də aparıb icra hakimiyyətinin mühasibi Cəmilə verdim. Vilyam müəllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq də. Beş min manat vermişəm axı… ”

İmişlidə təqdimatın qiyməti 5 min manat

Daha sonra şahid qismində M.Atakişiyevin qardaşı oğlu Orxan Atakişiyev dindirilib. O, icra hakimiyyətindən təqdimat almaq üçün 5 min manat verdiyini deyib.

Vaxtilə İmişli Dəmir yolunda məsul vəzifədə çalışan, hazırda təqaüddə olan Aydın Xankişiyev ifadəsində rayonda aparılan abadlıq-quruculuq işləri üçün icra hakimiyyətinin mühasibinə 1000 manat pul verdiyini deyib.   

Digər bələdiyyə sədri Malik Əzimov da ifadəsində rayonun abadlaşdırılması üçün pul verdiyini açıqlayıb. “İcra başçısı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də mühasibə 2 min manat verdim. Rayonda səkilər salındı, abadlıq işləri aparıldı”,-o deyib.

Yalavac kəndində yaşayanlar heç də ac deyilmiş: “Başçıya 70 min manat verdim…”

İmişli rayonunun Yalavac kənd sakini, sahibkarlıqla məşğul olan Malik Əliyev kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almaq üçün icra hakimiyyətinin mühasibinə 70 min manat pul verdiyini deyib: “Bu işlə əlaqədar İcra Hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var”.

Məhkəmə prosesi martın 28-də davam etdiriləcək. V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. 

Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib. virtualaz.org

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …