Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Vidadi Zeynalov “kars”a salınmasından və qohumlarının əmlakından danışdı: “Niyə evsiz olmalıdırlar?”

Vidadi Zeynalov “kars”a salınmasından və qohumlarının əmlakından danışdı: “Niyə evsiz olmalıdırlar?”

“Rabitə işi”nə görə həbs edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərdən BTRİB-in baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib. Müdafiəçi bildirib ki, birinci instansiya məhkəməsində kobud prossesual pozuntulara yol verilib.

O, deyib ki, təqsirləndirilən şəxslər dəymiş zərəri ödəyib: “Dəymiş ziyan ayrı-ayrılıqda verilib. Təqsirləndirin şəxslər hamısı ziyanı ödəyib. Anar Mustafayev 567 min manata görə ittiham verilib. Nə qədər Anar Mustafayev bu məbləğlə razılaşmasa da, qohumları tərəfindən bu məbləğ ödənilib. Amma birinci instansiya məhkəməsi hökmdə onun əmlaklarına həbs qoyub. Niyə? İttiham 567 min deyilmi? Həmin məbləğ ödənilib. Gördüyünüz kimi kobud qayda pozuntuları var. Müdafiə etdiyim şəxs artıq 3 ildir, həbsdədir. Bu, Anar Mustafayevi islah olunmasına bəsdir. Bunlar adam öldürən deyillər. Pul da ödənilib. Prezidentin sərəncamı var ki, iqtisadi cinayətlərdə zərər ödənilərsə, həbssiz cəza verilməlidir. Ona görə müdafiə etdiyim şəxslə bağlı bəraət hökmünün çıxarılmasını istəyirik”.

Təqsirləndirilən Anar Mustafayev vəkili ilə razı olduğunu deyib: “2 ildir cəmiyyətə bizi korrupsioner kimi tanıdıblar. Jurnalistlər burdadır, gedib araşdırsınlar. Əgər bizim dövlətin əmlakını mənimsədiyimizi sübut etsələr, bütün Azərbaycan xalqından üzr istəyəcəm. İndi mənin uşaqlarım balacadır, elə bilirlər, Türkiyədəyəm. Böyüyüb deməyəcəklər ki, “ata sən korrupsionersən?” Nə deyəcəm, mən indi bunu sübut etmək istəyirəm ki, mən korrupsioner deyiləm”.

Daha sonra təqsirləndirilən şəxslərdən “AzinTelekom”un rəhbəri olmuş Cəlil Cəfərovun vəkili çıxış edib. Bildirək ki, C.Cəlilov şərti cəza alıb.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməlidir: “Cəlil Cəfərova ittiham öz ifadəsi üzrə verilib. Ona nazirlik tərəfindən hər ay 50 min pul verilib. Bu pulu o özünə deyil, prezidenti olduğu “Rabitə” voleybol klubuna xərcləyib. Azərbaycan bayrağını hər zaman yüksəyə qaldıran şəxs olub. Xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb”.

Cəlil Cəfərov da məhkəmədə ifadə verib. O, qeyd edib ki, hər zaman dövlətə sadiq olub: “Mən həmişə dövlətim, bayrağım üçün çalışmışam. Nələrsə baş veribsə, bu, o demək deyil ki, biz inciməliyik. İndi də dövlətimə xidmət etməyə hazıram. Öz sahəmdə xidmətim olub. Heç vaxt işimdə nöqsanım olmayıb. “Azİntelecom” da heç bir nöqsan tapılmadı”.

Prosesdə təqsirləndirilən Namazalı Məmmədovun vəkili Könül Əliyeva çıxış edib. O da çıxışında birinci instansiya məhkəməsinin hökmündən narazı olduqlarını söyləyib.

Vəkil deyib ki, hökm elan olunanda Namazalı Məmmədov barəsində bir dənə də olsun yüngüləşdirici hal nəzərə alınmayıb: “Baxın, ittiham tərəfi deyir ki, Namazalı Məmmədov 4 milyon pul mənimsəyib. Lakin Namazalı Məmmədovun gördüyü işlərlə bağlı Rabitə Nazirliyinin ona 15 milyona yaxın borcu vardı. Namazalı Məmmədov alacağı məbləğdən imtina elədi. Qalan pulu dövlətə bağışladı. Lakin bunlar nəzərə alınmadı. Namazalı Məmmədovun himayəsində 93 yaşında gözü heç görməyən anası var, azyaşlı övladı var. Lakin bu da hökmdə nəzərə alınmadı. Digər təqsirləndirilən şəxslərdə bu nəzərə alındı və həbssiz cəza verildi. Pulu 4 qat əlavə ödəsə də, əmlaklarına həbs qoyublar. Həmçinin hazırda Namazalı Məmmədovun banka 2 milyona yaxın borcu var. Bu da ona görədir ki, dövlətin verdiyi sifarişləri yerinə yetirmək üçün kredit götürüb. Məhkəmə istintaqı dövründə bir nəfər şahid də gəlib Namazalı Məmmədovu əleyhinə ifadə verməyib. Biz tələb edirik ki, Namazalı Məmmədov barəsində bəraət hökmü çıxarılsın və məhkəmədən azadlığa buraxılsın”.

Namazalı Məmmədov özü də dövlətin ona borclu olduğunu deyib: “Mən burdan çıxmağı belə, işin sonu hesab eləmirəm. Çünki mənim əmlaklarım həm dövlət tərəfindən, həm də banklar tərəfindən həbsdədir. Mən öz mülkümi zamin qoyub dövlətin verdiyi sifarişləri yerinə yetirmişəm”.

Məhkəmədə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov da danışıb. O da müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Vidadi Zeynalov yalnız və yalnız rəhbərliyin əmrlərini icra edib. Səhhətində ciddi problemlər var. Ona görə də bəraət verilməsini istəyirik”.

Çıxış edən Vidadi Zeynalov qeyd edib ki, yalnız özünü vətən qarşısında günahkar sayır: “Yalnız prezidentdən əfv istəyirəm. Axır-əvvəl mən haqqımı alacam. Ağır günlər keçirmişəm. Həbsdə karsa salınmışam. Polis nəzarətində də olmuşam. Hər şeyə dözərəm, amma qanunların pozulmasına dözmərəm. Biz heç vaxt dövlətin əmlakını mənimsəməmişik. Hər şey bir qırağa, mənim 32 illik dövlət qulluqçusu olmağım, 8 kitab müəllifi olmam nəzərə alınmadı. Eləmədiyim əmələ görə burda cəza çəkirəm. Şişirdilmiş məbləğə də razı olub, ödədim. Yalnız bunlar nəzərə alınmadı. Bu məhkəmədən bəraət gözləyirəm. Bütün qohumlarımın əmlaklarına həbs qoyulub. Məgər Vidadinin qohumlarıdırsa, evsiz olmalıdırlar? Küçədə qalmalıdırlar? Axır-əvvəl haqq öz yerini tutacaq. Çünki mənə tapşırılan hər şeyi sədaqətlə icra etmişəm”.

Daha sonra Rabitə Nazirliyinin nümayəndəsi çıxış edərək apellyasiya şikayətinin təmin olunmamısını tələb edib.

Növbəti məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub, yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən ararıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Həmçinin oxuyun

“Qazaxlı Alik”in oğlunun məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Qazaxlı Alik”in oğlu Fuad Muradovun məhkəməsi başlayır. Onun barəsindəki cinayət …